Nazirlər Kabinetinin 24 sentyabr 2020-ci il tarixində qüvvəyə minən qərarı ilə fiziki şəxslərin şəxsi istehlak üçün ölkə ərazisinə sərbəst keçirə bildiyi mallarla bağlı məhdudiyyətlər xeyli artırılmışdır. Belə ki, yeni qaydalara əsasən bir təqvim ayı ərzində ölkəyə daşıyıcı ilə sərbəst gətirilə bilən malların dəyəri əvvəl 1000 ABŞ dolları qədər ola bilərdisə, indi 300 ABŞ dollarından, şəxsən gətirilən bilən malların dəyəri isə əvvəl 1500 ABŞ dolları qədər ola bilərdisə, artıq 800 ABŞ dollarından çox ola bilməz. Bəs bu məhdudiyyətlərin hüquqi təhlili nə deyir?

I. Qərarın gömrük qanunvericiliyində yeri

Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasına görə, gömrük işi məsələlərinə dair ümumi qaydaları Milli Məclis müəyyən edir.1 Bu qaydalar da Milli Məclis tərəfindən əsasən Gömrük Məcəlləsində kodifikasiya olunub. Təbiidir ki, qanunverici orqan hansısa sahə üzrə hər bir xırdalığı tənzimləyə bilmir; adətən maddi hüquqi məsələlər qanunda müəyyən olunur, bu maddi hüquqi məsələlərin icrası üzrə məsələləri tənzimləmək səlahiyyəti isə icra hakimiyyətinə həvalə olunur. Yəni hakimiyyət bölgüsü prinsipi prizmasından baxsaq, qayda müəyyən edənlə qayda icra edən bir deyil ki, nəzarət və balans mexanizmi işləsin və icra hakimiyyəti yalnız qanunvericiliyin imkan verdiyi həddə hərəkət etsin. İcra hakimiyyəti orqanı öz səlahiyyətindən kənar şəkildə hüquq və azadlıqları məhdudlaşdıra biləcək norma müəyyən etdikdə qanunverici orqanın funksiyalarını yerinə yetirmiş olur. Bəs sözügedən gömrük məhdudiyyətləri haqqında icra hakimiyyəti orqanının normayaratma səlahiyyətinin sərhədləri hara qədərdir?

Əvvəla, Gömrük Məcəlləsinin 4.1-ci maddəsinə görə, gömrük qanunvericiliyi bu məcəllə və məcəlləyə “uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan” ibarətdir.2 4.2-ci maddə ilə isə müəyyən olunmuşdur ki, “gömrük qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına gömrük ödənişləri və gömrük nəzarəti məsələləri daxil edilə bilməz”. Bu müddəaları ümumiləşdirsək, gömrük nəzarəti və gömrük məsələləri haqqında normativ hüquqi aktın qanuna uyğun olması üçün həmin akt Məcəlləyə uyğun olaraq qəbul edilməlidir.

İkincisi, Məcəllənin 299.1-ci maddəsinə görə, “fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər.” Azərbaycan Respublikası Prezidenti bu qaydanı qəbul edən orqan kimi Nazirlər Kabinetini müəyyən etmişdir. Gömrük işi barədə qaydaları müəyyən etmək Milli Məclisə aid olduğundan, Nazirlər Kabineti sadəcə fiziki şəxslər tərəfindən malların “güzəştli və sadələşdirilmiş qaydada” keçirmə prosedurunu, yəni gömrük orqanı tərəfindən belə keçidin necə təşkil olunmasını müəyyən etməlidir. Amma qaydalarla Nazirlər Kabineti həm də qanunla fiziki şəxslər üçün nəzərdə tutulmuş gömrük sərhədindən mal keçirmə hüququna maddi məhdudiyyət də tətbiq edir. Nazirlər Kabineti belə məhdudlaşdırıcı qərarı verməyə Məcəllədəki ifadənin geniş təfsir olunması ilə nail olur. Geniş təfsirlə məhdudiyyətin müəyyən olunması, geniş müddəalar və icra hakimiyyətinə həddən artıq geniş diskresiya verilməsi isə Avropa İnsan Haqları Konvensiyasının əsas prinsiplərindən olan hüquqilik prinsipinə ziddir.3 

II. Konstitusional mülkiyyət hüququ

Bu gömrük məhdudiyyətləri birbaşa olaraq fiziki şəxslərin mülkiyyət hüququ ilə bağlıdır. Fiziki şəxs xarici ölkədə mülkiyyət əldə edir və onu özü ilə ölkəyə gətirmək istəyir. Mülkiyyət hüququ həm Konstitusiya, həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası (1-ci Protokol) ilə qorunur. Lakin Protokolun 1-ci maddəsinə (2-ci abzas) görə dövlət ümumi maraqlar üçün bu hüququ məhdudlaşdıra bilər. Konstitusiya Məhkəməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin bu maddə ilə bağlı təcrübəsinə də istinad etməklə təsdiq etdiyi kimi, “hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməli” və “[t]ələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır”. Qanunverici orqanın Məcəllədə aşkar təsbit etdiyi kimi “güzəştli və sadələşdirilmiş” qayda tətbiq olunarsa, əslində yuxarıdakı tələblərin pozula bilməsi məsələsi ortaya çıxmaz.

İş orasındadır ki, burada “ümumi maraqlar ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri”, demək olar ki, eynidir. Çünki hər bir şəxsin mülkiyyət əldə etmək hüququ var və hamının mülkiyyət hüququ qorunmalıdır. DGK-nın açıqlamasında qeyd edildiyi kimi bu məhdudiyyətlərin satıcı şirkətləri “müflisləşmədən” xilas etməsinin ümumi maraqlara hansı şəkildə uyğun olması sual yaradır. Çünki istənilən halda bir neçə şirkətin iqtisadi mənafeyinin ümumi cəmiyyətin mülkiyyət hüququndan üstün olması ağlabatan görünmür. Həm də açıqlamada bu qərarın bu yolla xaricdən mallar gətirib satanları məhdudlaşdırmaqla büdcə daxilolmalarını artıracağı qeyd olunur ki, bu da kommersiya fəaliyyəti ilə məşğul olmayan daha çox şəxsin mülkiyyət hüququna müdaxilə etməklə büdcə daxilolmalarının artırılması anlamına gəlir.

Beləcə, bu məhdudiyyətlə ölkədə tapa bilmədiyi və dəyəri 300 dolları keçən bir məhsulu xaricdən gətirmək istəyən hər bir şəxsin mülkiyyət hüququna müdaxilə olunur. Ölkədə tapıla bilsə belə, həddən artıq baha qiymətə təklif olunan malı almağa məcbur olmaqla şəxs yenə mülkiyyət hüququna müdaxilə ilə qarşılaşır. Bu əslində biznes idxalçılarının mövcud vəziyyətdən, fiziki şəxslərin xarici alışlardan çəkindirilməsindən istifadə etməklə varlanmasına, istədiyi qiyməti tətbiq etməsinə şərait yaradır. Həm də bu qərarın qanunun mətnindəki “güzəştli və sadələşdirilmiş” ifadəsi altında belə bir məhdudiyyət müəyyən etməsi fərdi hüquqa müdaxiləni normativlik baxımından da sual altında qoyur.

Yuxarıdakıları nəzərə alsaq, qərara yenidən baxılmasına ehtiyac var ki, hüquqilik tələbləri qarşılansın. Qərara yenidən baxılarkən qərarı qəbul edən orqanın səlahiyyəti dəqiqləşdirilməli, məhdudiyyət faktlarla əsaslandırılmalı və fərdlərin hüququna ədalətsiz müdaxiləyə yol verilməməlidir. Əks halda dövlət yerli məhkəmələrin və Avropa İnsan Hüquqları Məhkəməsinin potensial kompensasiya qərarları ilə böyük hüquqi və iqtisadi riskə məruz qalmış olur.

İstinadlar və izahlar

  1. Kontitusiya, maddə 94(l)25.
  2. Bir neçə əlaqəli qanunun da adı çəkilir. Ümumiyyətlə, qəbul edilən digər normativ hüquqi aktlar qanunlara uyğun olmalıdır.
  3. Avropa İnsan Haqları Məhkəməsinin bu qərarlarında: Liu v. Russia §56, Judgement of 6 December 2007, no 42086/05, ECLI:CE:ECHR:2007:1206JUD004208605; Weber and Saravia v. Germany §94, Decision on Admissibility of 29 June 2006, no 54934/00, ECLI:CE:ECHR:2006:0629DEC005493400. Daha geniş  izahı buradan oxuya bilərsiniz: Agne Andrijauskaite, The Principle of Legality and Administrative Punishment under the ECHR A Fused Protection.

Kateqoriya:

Hüquqi təhlil,