Elektron yazışma (e-mail) məhkəmədə mümkün sübut kimi

 

 Elektron cihazlar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Özəl və işgüzar həyatımızda elektron kommunikasiya əvəzedilməz yer tutur. Artıq internet şəbəkəsi həyatımızda zərurət hesab olunur. Təbii ki, bu inkişaf biznes dövriyyəsindən də yan keçməyib. Elektron kommunikasiya vasitəsilə kommersiya münasibətləri də sürətlənib. Şirkətdaxili və şirkətxarici əlaqələrdə e-mail yazışmalar, elektron sənəd dövriyyəsi və video danışıqlar biznes ahənginin zəruri hissəsinə çevrilib.

Texnoloji inkişafın gətirdiyi yeniliklər bəzən hüquqi qeyri-müəyyənliklərə də səbəb olur və bunların həlli hüquqşünasların üzərinə düşür. Bunlardan biri elektron yazışmanın (sənədin) məhkəmədə sübut kimi qəbul edilməsi məsələsidir. Hüquqdan fərqli olaraq, biznes yenilikləri daha tez qəbul və tətbiq edir. Sonradan problemlər və mübahisələr yarandıqda hüquqşünaslara müraciət edilir, hüquqşünaslarda isə bəzi hallarda sadə cavab olmur.

Korporativ həyatda elektron yazışma əsas kommunikasiya alətidir. Əksər hallarda biznes danışıqları elektron poçt (bundan sonra mətndə e-mail) vasitəsilə aparılır, kontragentlə müzakirələr və razılaşmalar e-mail ilə həyata keçirilir. Sənədlər elektron formada göndərilir.

Bütün bu proseslər çərçivəsində mübahisələr istisna deyil və tərəflər məhkəməyə getdikdə bir sual ortaya çıxır – məhkəmə məsələ üzrə danışıqları əks etdirən elektron yazışmanı sübut kimi qəbul edəcəkmi?

Elektron yazışmanın (sənədlərin) sübut kimi istifadəsinin qarşısında duran əsas problemlərdən biri elektron sənədin (məktubun) konkret şəxs tərəfindən göndərildiyini/alındığını müəyyən etməkdən ibarətdir.

Hazırda bəzən məhkəmələr müəyyən dərəcədə konservativ mövqeyə üstünlük verir və tələb olunan formata sahib olmayan elektron yazışmanı (sənədi) sübut kimi işə əlavə etməkdən imtina edirlər. Bu da anlaşılandır.

Elektron yazışma ilə kontragentlər biznesin və əməkdaşlığın müxtəlif hüquqi və təşkilati məsələlərini müzakirə edirlər. Tərəflər e-mail ilə əqdlərin vacib şərtlərini müəyyənləşdirir, əlavə və dəyişikliklər haqqında razılaşırlar. Bir çox hallarda çeviklik və sürət baxımından çatdırılma, ödəniş və sair vacib şərtlər e-mail ilə razılaşdırılaraq dərhal icra mərhələsinə addım atılır. Əqdin ikitərəfli imza-möhürlə rəsmiləşdirilməsi sonra həyata keçirilir və ya ümumiyyətlə, unudulur.[1]

Kontragentlər bir-birinə qarşı etibarlı və vicdanlıdırlarsa, mümkün mənfi hallar tərəfləri çox da rahatsız etmir. Lakin vəziyyət və hallar dəyişir. Əksər hallarda tərəflərin münasibətlərinin keyfiyyəti məhz mübahisə əmələ gələndə müəyyən olunur.

Mübahisə məhkəməyə getdikdə haqlı tərəf öz mövqeyini tərəflər arasında mövcud olan elektron yazışma ilə sübut etməyə çalışacaq. Fəqət məhkəmə həmin sübutları qəbul edəcəkmi?[2]

Elektron yazışmanın (sənədlərin) hüquqi qüvvəsi haqqında mövqe hüquqşünaslar arasında belə fərqlidir. Lakin elektron kommunikasiyanın biznes münasibətlərinə dərin nüfuz etdiyini nəzərə alaraq, məhkəmələr da daxil olmaqla hüquqi cəmiyyət elektron sənədlərlə bağlı problemlərə göz yuma və inkar edə bilməz.

Əslində mübahisə əmələ gələn anadək kontragentlər öz aralarında istifadə etdikləri elektron yazışmaya (sənədlərə) əsasən uğurla fəaliyyət göstərirdilər. Hüquq və öhdəliklər yaradan işlər və xidmətlər görürdülər. Mübahisə çıxdıqda isə tərəflərdən biri dərhal bir müddət əvvəl həqiqiliyini mübahisələndirmədiyi elektron yazışmaları və sənədləri mübahisələndirir, sübut kimi tanınmasına etiraz edir. Mülki dövriyyənin stabilliyini qorumaq məqsədilə və iştirakçıların vicdanlı hərəkət etməli olduğunu nəzərə alaraq, məhkəmələrin belə hallara xüsusi diqqət və şübhə ilə baxması vacibdir.

Mülki münasibətlərin iştirakçılarının vicdanlılıq öhdəliyinin özündə məntiqlilik, ardıcıllıq və sabitlik kimi amilləri əhatə etdiyini düşünürük. Hesab olunur ki, vicdanlı kontragent elektron yazışmanın (sənədlərin) mövcud əqd və münasibətlər çərçivəsində hüquqi qüvvəsinə və həqiqiliyinə dair mövqeyini əvvəlcədən aydın bildirməlidir. Elektron yazışma onu qane etmədikdə, öz hərəkətləri ilə önəmli razılaşmaları və faktları kağız yazışma formatına çıxarmalıdır.

Elektron yazışmanın (sənədin) məhkəmə mübahisələrində tam hüquqlu sübut kimi qiymətləndirilməsinin qarşısında duran ən önəmli amil onu göndərənin və alanın düzgün identifikasiya məsələsidir. Lakin, eyni zamanda hesab edirik mövcud normaların əhatəli tətbiqi və təfsiri yolu ilə qeyd olunan problemin həllini tapmaq mümkündür.

Digər önəmli sual: Elektron formada tərtib olunan və göndərilən yazışmanı (sənədi) məhkəməyə necə təqdim etmək lazımdır  – çap edilmiş formatda (çıxarışını), yoxsa elektron formatda (CD və digər daşıyıcılar)?

Məhkəmə prosesində mübahisə edən tərəflər təqdim edilən elektron sənəd və yazışmanın həqiqiliyini inkar etmirsə, zənnimcə, məhkəmə rahatlıqla həmin sənədləri qəbul edib iş materiallarına əlavə edə bilər.

 Bir məhkəmə işində tərəflər göndərilməli olan malın miqdarını və ödənişini mübahisələndirdilər. Aralarında olan müqaviləyə əsasən tərəflər hər rüb göndərilən malların miqdarını və qiymətini razılaşdırmalı idilər. Alıcı və satıcı arasında bir neçə e-mail yazışması oldu və mal göndərildi. Sonradan mübahisəyə səbəb o oldu ki, Alıcı 10 000 manat məbləği 1000kq çəkidə mal üçün ödəməyə razılaşdığını söylədi. Satıcı isə ödənişin 1000lbs (fut) çəkidə mal üçün nəzərdə tutulduğunu iddia etdi. Satıcı bu məsələ ilə bağlı bütün e-mail yazışmalarının çap versiyasını öz möhürü və imzası ilə təsdiqləyərək məhkəməyə təqdim etdi. Məhkəmə əlavə yoxlama suallarından sonra (e-mail ünvanlarının tərəflərə aid olduğunu, korporativ domenin həqiqiliyini, yazışmada göstərilən şəxslərin səlahiyyətini və e-mail hesabına xüsusi şifrə və parolla daxil olunmasını və s.) və tərəflərin etirazlarının olmadığını nəzərə alaraq təqdim edilən yazışmanı sübut kimi qəbul edərək, protokolla iş materiallarına əlavə etdi.

Lakin bir çox hallarda tərəflər elektron yazışmaların (sənədlərin) mümkün, mötəbər sübut kimi qəbul edilməsinə etiraz bildirirlər. Tərəflərdən biri elektron yazışmanın həqiqiliyini mübahisələndirir və ya ona ümumiyyətlə, elə bir məlumatın (elektron məktubun) gəlmədiyini, saxta olduğunu iddia edir. Bu halda məhkəmə təqdim edilmiş elektron yazışmanı asanlıqla sübut kimi qəbul etməyə bilər. Belə vəziyyətdə maraqlı tərəfin sübutetmə yükü artır və o, məhkəməni inandırmalıdır ki, həmin elektron yazışma həqiqidir və sübut kimi tanına bilər.

Tərəflərin etirazlarına baxmayaraq, məhkəmə təqdim edilən elektron yazışmalara (sənədlərə) mülki prosessual qanunvericiliyə uyğun baxdıqdan sonra qiymət verməlidir.[3] Yəni məhkəmə sadəcə elektron formada olduğundan sənədi sübut kimi qiymətləndirməkdən imtina etməməlidir. Əlbəttə, bu halda maraqlı tərəfin hüquqşünası məhkəməyə öz mövqelərini əsaslandıran izahatları, faktları və inandıra biləcək mülahizələrini təqdim etməlidir. Eyni zamanda işin halları və elektron yazışmada qeyd olunan hallar arasında əlaqənin göstərilməsində, digər sübutlarla qarşılıqlı əlaqəliliyin aşkar olunmasında məhkəməyə zəruri dəstəyi vermək lazımdır.[4] Elektron yazışmanın mümkün sübut kimi qiymətləndirilməsi üçün əlaqəli aydınlaşdırıcı sualların cavablandırılmasının təmin edilməsini məhkəmədən xahiş etmək lazımdır.

Mülki Prosessual Məcəlləyə əsasən iş üçün əhəmiyyətli hallar barədə məlumat verən işgüzar yazışmalar və digər sənəd və materiallar yazılı sübut hesab edilir.[5] Elektron və sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.[6] Yazılı sübutun həqiqiliyinin müəyyənləşdirilməsi, yəni ilk növbədə müəllifinin, onun səlahiyyətinin və sənədin mətninin düzgünlüyünün təyin edilməsi məhkəmə qarşısında duran əsas problemdir. Bu problem yalnız elektron sənədlərə aid deyil. Ənənəvi kağız formasında olan sənədlərin də saxtalaşdırılması mümkündür. Təcrübədə kommersiya münasibətlərinin iştirakçıları kağız və elektron yazışmalarda zəruri məlumatları (müəllifi, səlahiyyəti (vəzifəsi), məzmunu və s.) düzgün müəyyən edə bilirlər. Bunu sənədin (yazışmanın) formal atributlarını, formalaşmış işgüzar təcrübəni nəzərdən keçirməklə və faktiki halların məcmusundan irəli gələrək ayırd etmək mümkün olur.

Kağız sənədin (yazışmanın, məktubun) müəllifinin və həqiqiliyinin müəyyən edilməsinə imkan verən ənənəvi atributlar imza, möhür (müəyyən hallarda) və firma blankı hesab edilir. Sənədin tam həqiqiliyinə zəmanət olmasa da, həmin atributlar əksər iştirakçılara sənədi göndərənin (müəllifin) identifikasiya edilməsi üçün yetərli göstəricilərdir. Digər yardımçı amillər də (məsələn, poçt zərfi və ştamplar, göndərilən yer, ünvan, tarix) göndərənin və alıcının müəyyən edilməsində kömək ola bilər. Ənənəvi kağız sənəd və məktubların sahib olduğu atributların analoqları elektron yazışmalarda da mövcuddur.

Peşəkar və vicdanlı kontragentlər arasında elektron sənəd və məlumat dövriyyəsi müasir işgüzar təcrübənin tələblərinə uyğun aparılır. Hər bir kontragentin korporativ domen adı və elektron poçt hesabı, yazışmada iştirak edən şəxslərin kimliyini və vəzifələrini müəyyən etmək üçün tələb olunan formal atributlar var. Bu formal atributlarla yanaşı, elektron yazışmanın (sənədin) həqiqiliyini digər əlaqəli halların və faktların məcmusunun analizindən müəyyən etmək olar. Misal üçün, işlərin və xidmətlərin (tam və ya bir qisminin) elektron yazışmada razılaşdırılmış qaydada icra olunması, digər kağız yazışmalarında elektron yazışmalara istinad və ya məlumat və tərəflərin digər əlaqəli hərəkətləri mübahisələndirilən elektron yazışmanın həqiqiliyinin təsdiqi kimi qəbul oluna bilər.

Əlbəttə, elektron və kağız yazışmasının vizual atributları saxtalaşdırıla bilər. Yəni ehtimal və mümkünlüyü qiymətləndirsək, görərik ki, hər iki format (elektron və kağız) eyni qaydada saxtalaşdırılma riskini daşıyır. Lakin normal kommersiya münasibətlərində çox nadir hallarda kimsə yazışma sənədlərinin həqiqiliyini şübhə altına salır. Mülki dövriyyə iştirakçılarının vicdanlılıq prezumpsiyasına əsaslanaraq hesab edirik ki, müasir dövrdə məhkəmələrə təqdim edilən elektron sənədlərin (yazışmaların) daha çox “mümkünlük” prizmasında dəyərləndirilməsinə obyektiv zərurət yaranıb.

Peşəkar və ağıllı (reasonable) şəxsdə elektron yazışmalar zamanı onların həqiqiliyi, müəlliflərin kimliyi, səlahiyyətləri və göstərilən ifadələrin ciddiliyi əsaslı şübhə doğurmursa, o zaman həmin yazışmalar münasibətlərin həqiqiliyinin sübutu kimi çıxış edə bilər.

Beləliklə, MPM-nin 89.2-ci maddəsinin “həqiqilik” tələbi ilə elektron sənədin (məktubun), həqiqətən, müəyyən şəxs tərəfindən göndərilməsinin nəzərdə tutulduğu qənaətinə gəlmək olar. Sivil nöqteyi-nəzərdən elektron yazışmalar öz hüquqi qüvvəsi ilə ənənəvi kağız sənədlərdən az fərqlənir. Sadə yazılı əqdlər kağız sənədlərin göndərilməsi ilə, həm də elektron yazışmalar vasitəsilə bağlana bilər. Hər iki halda hüquq/qanun münasibətlərin əmələ gəlməsi faktını məlumatı (sənədi) göndərənin və alanın dəqiq müəyyən edilməsi imkanı ilə əlaqələndirir. Bunu isə təcrübədə (hər iki formatda) əqdin bağlanılması məqsədi üçün yetərli dərəcədə dəqiq müəyyən etmək mümkündür. Bu halda həqiqilik əlaqəsi və göndərənin identifikasiyası üçün sənədin öz atributları ilə yanaşı, həm də yazışma ilə əlaqəli olan faktiki halların toplusu (məcmusu) istifadə oluna bilər. MPM-nin 76-cı və 106-cı maddələri məhz bu kimi halların və faktların analizini və qiymətləndirilməsini məhkəmələrin üzərinə qoyur. Yazılı sübut isə o zaman həqiqi hesab edilir ki, onun tərkibində (məzmununda) olan məlumatlar həqiqətə uyğundur.

 Bir kommersiya mübahisəsində tərəflərdən biri elektron yazışma vasitəsilə razılaşdırılmış faktları inkar edir, həmçinin korporativ e-mailin ona məxsus olduğunu qəbul etmir. Belə ki ,iki şirkət müəyyən işlərin və xidmətlərin görülməsi haqqında uzunmüddətli müqavilə bağlamışdı (kağız formatda).Müqavilə münasibətləri çərçivəsində tərəflər mütəmadi şəkildə göstərilən xidmətlərin (işlərin) həcmini və ödəniş şərtlərini elektron yazışmalarla dəyişərək münasibətlərini davam etdirirdilər. Müəyyən müddət işgüzar münasibətdən sonra göstərilən bir xidmətlə bağlı mübahisə yaranır. Xidmətin icraçısı sifarişçini məhkəməyə verir və kağız formatda bağlanan müqavilədə göstərilən daha yüksək xidmət haqqının ödənilməsini tələb edir. Sifarişçi elektron yazışmaların çapını məhkəməyə təqdim edir və daha aşağı qiymətin razılaşdırıldığını sübut etməyə çalışır.

İcraçı məhkəməyə təqdim olunan elektron yazışmanın mümkün/mötəbər sübut kimi qəbul edilməsinə etiraz edir və elektron yazışmanın həqiqi olmadığını, onun heç bir hüquqi qüvvəyə malik olmadığını, elektron poçt hesabının İcraçının səlahiyyətli şəxsinə aid olmadığını (korporativ domen adının ona aid olmasına baxmayaraq) iddia edir.

  • Sifarişçinin hüquqşünasları qarşısında aşağıdakı məsələlər dururdu:
  • Elektron yazışmanın həqiqiliyini sübut etmək;
  • Elektron yazışmanın hüquqi qüvvəyə malik olduğunu sübut etmək;
  • Elektron yazışmanın İcraçının səlahiyyətli şəxsi tərəfindən aparıldığını və ya razılaşmaların şirkətin rəhbərliyi tərəfindən bəyənildiyini sübut etmək;
  • Korporativ e-mail hesabının İcraçıya məxsus olduğunu sübut etmək.

Sifarişçinin hüquqşünasları müdafiə strategiyasını bu sistemlə təşkil etdilər:

  • İcraçının korporativ domeninin və e-mail ünvanının eyni şirkətə məxsus olduğu haqqında müstəqil İT üzrə ekspert rəyi təqdim edildi (məhkəmə ekspertizası ilə bu fakt bir daha təsdiq olundu).
  • Mübahisədən əvvəl elektron yazışmalarda razılaşdırılmış şərtlərin həmin ərəfədə görülən işlərə və ödənişlərə uyğun gəldiyi (üst-üstə düşməsi) faktlar məhkəməyə təqdim edildi. Kağız formatda müqavilənin bir neçə ay əvvəl müəyyən məbləğlə bağlandığına baxmayaraq, sonrakı müddətdə edilən ödənişlərin əvvəlki e-mail yazışmalarında qeyd edilən (razılaşdırılan) məbləğlərlə eyni olması faktları məhkəməyə nümayiş olundu. MPM 106.1-ci maddəsinə əsasən tərəflər arasında mövcud olan işgüzar münasibətlərin və faktların məcmusunun qiymətləndirilməsi təmin edildi.
  • Əvvəlki işgüzar təcrübədən irəli gələrək İcraçı tərəfindən e-mail yazışmanı aparan şəxsin səlahiyyətli olduğu öncəki işlər və xidmətlərin uğurla yekunlaşması və İcraçının rəhbərliyi tərəfindən bəyənilməsi faktları ilə əsaslandırıldı.
  • Elektron yazışma ilə razılaşdırılan hərəkətlərin sadə yazılı əqdin tələblərinə cavab verdiyi, tərəflərin iradəsini aydın ifadə etdikləri və qəbul etdikləri, e-mail yazışmanın tərəflərin işgüzar təcrübəsində geniş istifadə olunduğu və şübhələndirilmədiyi irəli sürülərək, tam hüquqi qüvvəyə malik olan əqd hesab olunduğu əsaslandırıldı.
  • Mübahisəyə aid faktların və halların məcmusu qiymətləndirilərək, e-mailin işgüzar dövriyyədə geniş istifadə olunduğu nəzərə alınaraq, elektron yazışmanın həqiqiliyinin şübhə doğurmadığı barədə izahat verildi.

 Məhkəməyə təqdim edilən izah və əsaslandırmalardan sonra növbəti prosesdə İcraçının təşəbbüsü ilə tərəflər barışıq sazişinin bağlanması haqqında razılığa gəldilər.

Təcrübədə, həmçinin bir sıra əmək mübahisələrində keçmiş işçi tərəfindən müəyyən faktların təsdiq edilməsi məqsədilə e-mail yazışmaların çıxarışlarının təqdim edilməsi və hakimlərin həmin yazışmaları iş materiallarına əlavə etmələri hallarına rast gəlinir. Eyni zamanda təcrübədə əsas problem tərəflərin onları qane etməyən elektron yazışmaların mövcudluğunu belə danmasından ibarətdir. Elektron yazışmanın (məlumatın) həqiqiliyi ilə bağlı mübahisələr yarandıqda bu məsələ yekunda məhkəmə tərəfindən həll olunmalıdır.

Elektron məlumatın həqiqiliyinin müəyyən edilməsi üçün məhkəmə yazışmanın formal atributları və yazışma ilə əlaqəli olan bütün halların məcmusunu nəzərdən keçirir. Həmin atributlar və hallar (hadisələr) tərəflərə məlum olsa da, məhkəməyə o məlumatlar müəyyən olunmuş prosessual formatda təqdim edilməlidir. Ancaq digər bir vacib sual da var. Elektron yazışma (e-mail) məhkəməyə necə təqdim olunmalıdır? Kompyuterin ekranında nümayiş olunmalı, yoxsa CD və başqa daşıyıcıda və ya çap olunmuş formatda verilməlidir?

Bu suala birmənalı cavab vermək çətindir. Hesab edirəm ki, hər iki format mümkündür. Yekunda önəmli nəticə elektron yazışmanın (sənədin) həqiqiliyini sübut etməkdir. Məhkəmələr tərəfindən kəskin mübahisələndirilməyən elektron yazışmaların şirkətin möhürü ilə “əsli ilə düzdür” şəklində təsdiq edilmiş çıxarışlarının qəbul olunması hallarına da rast gəlmək olar.

Hesab edirik ki, gələcəkdə elektron yazışmanın sübut kimi istifadəsini təmin etmək məqsədilə tərəflər bu haqda müvafiq qeydin öz kağız müqavilələrində əks olunmasına çalışmalıdırlar. Yəni müqavilənin icrası prosesində yazışmaların e-mail ilə aparılacağını və müxtəlif məlumat, hesabat və əlavələrin elektron poçtla mübadiləsinin təşkil olunacağını müəyyən etmək mümkündür. Əlavə olaraq, şəxsi təcrübədən irəli gələrək tövsiyə edirik ki, müqavilədə konkret e-mail ünvanları, onların kimə aid olduğu qeyd edilsin. Həmçinin hansı hüquqi hərəkətlərin elektron yazışma ilə həyata keçiriləcəyinin qeyd edilməsi də ağlabatandır.

Mütəxəssis və ya ekspert rəyi elektron yazışmanın həqiqiliyinin sübutu üçün güclü üsuldur. Ekspertiza məhkəmə prosesi zamanı (məhkəmə ekspertizası) və ya tərəflərin özlərinin təşəbbüsü ilə müstəqil olaraq mütəxəssisin (ekspertin) cəlb olunması ilə keçirilə bilər. Elektron yazışmada bir sıra texniki məlumatlar var ki, onların vasitəsilə elektron məlumatın çıxdığı serverləri (və İP ünvanlarını) dəqiq müəyyən etmək olar. Misal üçün, e-mail başlıqları (email headers) adlanan texniki məlumatlar buna xidmət edir. Bu məlumatları saxtalaşdırmaq çox çətindir, nəinki digər formal atributları. Mütəxəssis elektron yazışmanın müəyyən şirkətin serverindən göndərildiyini müəyyən edə bilər. Müvafiq ekspertizanın keçirilməsi tərəflər üçün xərc tələb edən prosesdir. Ancaq bəzi hallarda məhkəməni inandırmaq üçün bu, əhəmiyyətli addım ola bilər.

Notarius vasitəsilə də elektron yazışmaları məhkəməyə təqdim etmək mümkündür. Bildiyiniz kimi, notariuslar zəruri sübutları təmin etmək səlahiyyətinə (məhkəmə prosesindən öncə) malikdir. Notariat haqqında qanuna əsasən notariuslar yazılı və maddi sübutları müayinə edə bilərlər.[7] Yazılı sübutların müayinə proseduru Notariat hərəkətlərinin aparılması haqqında təlimatın 196-cı maddəsində göstərilib.[8] Maraqlı şəxs notariusun e-mail yazışmasına çıxışını təmin etməlidir (kompyuter və elektron poçt serverinə, hesabına). Notarius yazışmanın həqiqiliyini yoxlayır, məzmununu nəzərdən keçirir, tərəflərdən çıxıb-çıxmadığını müəyyən edir (əgər hər iki tərəf müayinədə iştirak edirsə). Bütün edilən hərəkətlər və nəticələr haqqında protokol tərtib olunur və imzalanır. Yekunda bu protokol onu sübut edir ki, müəyyən tarixdə yoxlanılan e-mail hesabında müəyyən e-mail ünvanlarından daxil olan/göndərilən elektron yazılar mövcud idi. Çox nadir hallarda notariuslarda bu kimi xidmətlərin göstərilməsinə rast gəlmək olar. Bir sıra MDB ölkələrində bu normanın təcrübəyə çevrilməsinə baxmayaraq, bizim ölkəmizdə notariuslar buna konservativ yanaşırlar.

Əlbəttə, qeyd edilən üsulların (ekspertiza və notarius protokolunun) elektron yazışmanın həqiqiliyinin sübutu çərçivəsində digər əlaqəli və vacib hallarla (faktlar, şahidlər və digər sübutlar) birgə təqdim edilməsi onların həqiqiliyinin məhkəmə tərəfindən tanınmasının mümkünlüyünü artırır. Unutmayaq ki, məhkəmələr prosessual qanunvericiliyə uyğun şəkildə mübahisə ilə əlaqəli olan müxtəlif əhəmiyyətli faktların və halların məcmusunu qiymətləndirməlidir.

Gələcəkdə elektron yazışmada əks olunan faktların sübut olunmasını asanlaşdırmaq üçün maraqlı tərəf kağız məktubunda elektron yazışmaya istinad verə bilər. Misal üçün, kontragentin müəyyən öhdəliklərinin təsdiqi yalnız elektron yazışmada etiraf olunubsa, qarşı tərəf borclu kontragentə kağız formatında məktub(lar) yazaraq, həmin məktub(lar)da tərəflər arasında olan konkret elektron yazışmalara (e-mail) istinad edə bilər. Kontragentin cavablarında həmin faktları mübahisələndirməməsi və ya etiraz etməməsi imkan verir ki, gələcəkdə həmin kağız sənədlər sübut kimi istifadə olunsun.

———————————–

[1] Hərdən olur ki, tərəflər e-mail ilə razılaşdırıb icraya keçirlər, lakin əqd kağız formatında rəsmiləşdirilənədək artıq aralarında mübahisə çıxır.

[2] Xüsusi cihaz və ya sistemlə nizamlanan və qorunan elektron imza ilə təsdiqlənən əməliyyatları bura aid etmirəm. Elektron imza ilə təsdiqlənən əməliyyatlar xüsusi normalarla tənzimləndiyindən onların sonrakı istifadəsi o qədər də sual doğurmur.

[3] Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən

[4] MPM 106.1

[5] MPM 89.1

[6] MPM 89.2

[7] “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu, 87-ci maddə

[8] Nazirlər Kabinetinin 11.09.2000-ci il, 167 saylı Qərarı ilə təsdiq olunub.

Kateqoriya:

Mülki Proses,