Bu ilin əvvəllərində Ali Məhkəmə müəlliflik hüquqları və IT məsələlərinin qarşılıqlı əlaqəli olduğu maraqlı bir iş barədə qərar verib.1 Cavabdeh “ABC-Telecom” MMC-yə məxsus mağazadan iddiaçı Microsoft Corporation şirkətinin nümayəndələri kompüter alır. Lakin iddiaçının işçiləri sonra müəyyən edir ki, kompüterə müəlliflik hüquqları iddiaçıya məxsus olan “Office” proqramının pirat (lisenziyasız) nüsxəsi yüklənmişdir. Bunu daha sonra məhkəmə kompüter-texniki ekspertizası da təsdiqləyir.
Ali Məhkəmə iddiaçının kassasiya şikayəti ilə bağlı qərar vermək üçün aşağıdakı suallara cavab verməli idi:
- Proqram ilə bağlı müəlliflik hüquqlarını pozaraq onu satdığı kompütlərlərə yükləyən şəxsin müəllifə vurduğu zərər necə qarşılanmalıdır?
- İşlə əlaqədar iddiaçının çəkdiyi hüquqi xidmət xərclərinin ödənilməsi barədə ödəniş tapşırığı xərclərin qarşılanması üçün kifayətdirmi?
Birinci sualla bağlı Məhkəmə müəyyən etmişdir ki, iddiaçının tələbi 55.000 manat məbləğində olsa da, bu məbləğ müəlliflik hüquqlarının pozulması üzrə tutula bilən maksimum hədd kimi müəyyən olunduğundan (minimum hədd 110 manatdır), bu işdə maksimum həddi cavabdehdən tutmaq ağlabatan deyildir. Bu məsələdə təmin olunan iddia məbləği cəmi 1000 manat olmuşdur. Məhkəmə həm də qeyd etmişdir ki, məhkəmənin vəzifəsi deyil, hüququdur ki, 110-55.000 manat həddində kompensasiya müəyyən etsin.
Lakin qanuna görə, zərərin ödənilməsi və ya cavabdehin əldə etdiyi gəlirin tutulmasının əvəzinə həmin həddə kompensasiya ödənilməsini məhkəmə yalnız iddiaçı tələb etdikdə təmin edə bilər.2 Məncə, qanunverici belə müddəanı zərərin müəyyənləşdirilməsinin mümkün olmaması halı üçün müəyyən etmişdir ki, iddiaçı pozuntu olduğu halda zərəri hesablaya bilməsə, məhkəmədən tələb etsin ki, 110-55.000 manat həddində sabit məbləğdə kompensasiya ödənilməsi barədə qərar versin. Qərardan görünən odur ki, iddiaçı zərər əvəzinə belə bir sabit məbləğdə kompensasiya müəyyən edilməsini xahiş etməmişdir. Bundan əlavə, iddiaçı bunu xahiş etmiş olsaydı belə, qərarda nəyə görə 1000 manat kompensasiya məbləği müəyyən edilməsi izah edilmir.3 Beləcə, oxşar işlərdə kompensasiyanın necə hesablanacağı qeyri-müəyyən olaraq qalır.
Ola bilər, iddiaçı da zərərin müəyyən edilməsini düzgün əsaslandırmasın. Çünki iddiaçı tələbində qanundakı birbaşa 55.000 sabit məbləği göstərməklə, sanki mümkün olan ən son kompensasiya məbləğini seçmiş kimi görünür. Amma yaxşı olardı ki, iddiaçı cavabdehin satış portfelini, “Office” ilə birgə satdığı kompüterlərin sayını zərərin əsaslanlandırılmasında istifadə etsin. Zərərin əsaslandırılması üçün kompüterlərə yüklənilən pirat “Office”lərin təxmini sayı ilə proqram təminatının qiyməti hasilindən istifadə edilsəydi, bəlkə də, daha fərqli nəticə əldə oluna bilərdi.4 Məsələn, 1000 kompüter ortalama 200 dollar qiyməti olan pirat “Office” ilə satılsa, cavabdeh 200.000 dollar gəlir əldə etmiş olar ki, bu da iddiaçının həmin məbləğdə zərəri anlamına gələr.
İkinci sualla bağlı isə Məhkəmə haqlı olaraq təqdim edilmiş ödəniş tapşırıqlarını hüquqi xidmət xərclərinin əsaslandırılması üçün məqbul hesab etməmişdir. Çünki ödəniş tapşırıqlarında ödənişlərin hazırkı mübahisə ilə bağlı edilməsi qeyd edilməmişdir. Məncə, iddianın bu hissəsi üçün ödəniş tapşırığının sübut kimi göstərilməsi, ümumiyyətlə, əvvəlcədən risklidir. Daha düzgün olardı ki, hüquq şirkəti tərəfindən təsdiq olunmuş və verilən xidmətlər barədə təfsilatlı qeydlərin olduğu təhvil-təslim aktının və ya hesab-fakturanın (invoys) surəti məhkəməyə təqdim olunsun. Belə olduqda çəkilən xərclərin, həqiqətən də, hazırkı işlə bağlı olduğu daha aydın görünərdi.
İstinadlar və izahlar
- Microsoft Corporation şirkəti “ABC-Telecom” MMC-yə qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı (iş № 2-2(102)-01/2018, 16 yanvar 2018-ci il).
- Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 45.2(2).
- Qərarda sadəcə 55.000 manat kompensasiyanın ağlabatan olmaması qeyd olunur.
- Təbii ki, belə hesablanma cavabdehin satış portfeli üzrə faktların müəyyən edilməsinə zərurət yaradacaqdı.