25 iyun 2019-cu ildə Ali Məhkəmə “Likoil” adından istifadə ilə bağlı yaranmış əqli mülkiyyət mübahisəsi haqqında qərar verib.
2017-ci ildə “Lukoil Neft Şirkəti” Publik Səhmdar Cəmiyyəti1 Gəncə İnzibati-İqtisadi Məhkəməsində “Qızılca-Petrol” Şirkətinə qarşı əmtəə nişanından qanunsuz istifadəyə dair iddia qaldırır. İddiaçı cavabdehə məxsus “Likoil” yanacaqdoldurma məntəqəsində bu addan istifadənin dayandırılmasını və qanunsuz istifadədən dəyən ziyan kimi 15.000 ABŞ dollarının cavabdehdən tutulmasını tələb edirdi. Məhkəmə iddianın birinci hissəsini tam təmin etsə də, dəyən ziyan kimi yalnız 1.000 ABŞ dollarının ödənməsinə qərar verir. Gəncə Apellyasiya Məhkəməsi cavabdehin qərarın ləğv olunması üçün verdiyi şikayətini təmin etmir. 25 iyun 2019-cu il tarixli qərarı ilə Ali Məhkəmə də cavabdehin kassasiya şikayətini qəbul etməmişdir.
Ali Məhkəmə təsdiq edib ki, cavabdehin nəinki YDM-də istifadə etdiyi “Likoil” adı iddiaçıya məxsus “Lukoil” əmtəə nişnanına oxşardır, YDM-nin “dizaynı, quruluşu və görünüşü [də] “LUKOİL” şirkətinə məxsus əmtəə nişanı və yanacaqdoldurma məntəqələrinin dizayn, quruluşu və görünüşü ilə qarışdırılacaq qədər oxşardır”.
Qərarın mətnindən belə məlum olur ki, iddiaçı dəymiş ziyanın iddia etdiyi kimi 15.000 ABŞ dolları olaraq deyil, 1.000 ABŞ dolları kimi qiymətləndirilməsilə razılaşıb. Amma məhkəmənin hansı meyarlara görə ziyanı belə qiymətləndirməsi qərardan məlum olmur (bəlkə də, aşağı instansiyalar necəsə bunu hesablayıblar). Amma bu məbləğ çox az görünür.
Əmtəə nişnanından qanunsuz istifadə ilə vurulmuş ziyan bir tərəfdən kommersiya sirrindən qanunsuz istifadə ilə vurulmuş ziyana bənzəyir: istifadəsi qadağan olunmuş sirrdən/addan istifadə ilə biznes fəaliyyəti göstərilir və gəlir əldə olunur. Həmin gəlir isə ziyanın hesablanmasında mühüm rol oynayır. Kommersiya sirri işlərində ziyanın müəyyən edilməsi haqqında məlumat üçün bloqda əvvəllər paylaşılmış yazıya baxmanızı tövsiyə edirəm.