XX əsrin siyasi təzyiqləri nəticəsində dünya xəritəsinin kəskin sürətdə dəyişməsi, yeni dövlətlərin yaranması ilə yaddaqalan olmuşdur. Buna nümunə olaraq Avstriya-Macarıstan, Çexoslovakiya, Yuqoslaviya və Sovet Sosialist Respublikaları İttifaqı (“SSRİ”) kimi ittifaq/dövlətlərin bir neçə dövlətə bölünməsini göstərmək olar. Bu proseslərin fonunda yeni yaranan dövlətlərin sələf ölkənin bağladığı müqavilələrə münasibətdə statusunun müəyyən edilməsi zərurəti yaranmışdır. 1978-ci ildə Beynəlxalq Hüquq Komissiyası tərəfindən tərtib edilən layihə “Beynəlxalq Müqavilələrə Münasibətdə Dövlətlərin Varisliyi haqqında Vyana Konvensiyası” (“Konvensiya”) adı altında qəbul edilmişdir.
Konvensiyanın preambulasında qəbul edilmə səbəblərdən biri qismində keçmiş müstəmləkə ölkələrin müstəqillik əldə etməsi və həmçinin Konvensiyanın qəbul edilməsindən sonra gələcəkdə yarana biləcək yeni dövlətlərin mümkün varisliyi qeyd edilmişdir.1 Konvensiyaya üzv dövlətlərin sayının çox olmamasına (cəmi 23 ölkə)2 baxmayaraq Beynəlxalq Ədalət Məhkəməsi onun bir neçə müddəasının adət hüququnun bir hissəsi olduğunu müəyyən etmişdir.3
Azərbaycan Respublikası da belə hadisələrin nəticəsi olaraq müstəqilliyini elan edən dövlətlərdən biri olmuşdur. Yeni dövlətlərin yaranması nəticəsində ortaya çıxan suallardan biri də sələf olan dövlətin bağladığı beynəlxalq müqavilələrin yeni dövlətlərə şamil olunması oldu.
Yazıda konkret hal üzərindən dövlətlərin ikitərəfli sazişlərə münasibətdə varisliyi nəzərdən keçiriləcək.
Bir qayda olaraq postsovet məkanında mövcud yanaşma odur ki, yalnız Rusiya Federasiyası özünü SSRİ-nin varisi hesab edir4 və digər respublikalar “tabula rasa”5 prinsipini tətbiq etməklə pozitiv olaraq bəyan etdiyi hallar istisna olmaqla özlərini SSRİ-nin bağladığı heç bir beynəlxalq sazişə tərəf hesab etmirlər. Buna baxmayaraq dövlətlərin varisliyi barəsində müxtəlif yanaşmalar mövcuddur.
Qeyd olunan məsələ ilə bağlı son zamanlarda baxılan ən böyük mübahisələrdən biri World Wide Minerals Ltd-nin Qazaxıstan Respublikasına qarşı arbitraj mübahisəsidir.
SSRİ ilə Kanada hökuməti arasında 1989-cu ildə ikitərəfli investisiya sazişi (“Saziş”) imzalanmışdır. Həmin Sazişələ hər iki dövlətin investorlarının digər dövlətin ərazisində etdiyi investisiyaların qoyuluşu, qorunması və mübahisələrin həll edilməsi üsulları müəyyən edilmişdir.6
Varisliyin baş verməsi üzrə ikitərəfli sazişlərlə bağlı Konvensiyada qeyd edilir ki, həmin sazişlər öz qüvvəsini saxlayır, o halda ki:
- Varis dövlət ilə qarşı tərəf bu barədə razılaşır;
- Tərəflərin hərəkətlərindən razılaşmaya gəldiklərini güman etmək olar.7
Qeyd olunan sazişə münasibətdə varisliyin Qazaxıstan Respublikası tərəfindən pozitiv olaraq qəbul edilməsi ilə bağlı bəyanat verilməmişdir.
1996-cı ildə World Wide Minerals Ltd və onun törəmələri Qazaxıstanın Tselinı Qorno-Ximiceskiy Kombinatının (“TGK”) idarə edilməsi, uran əməliyyatlarının və məhsullarının alınması şərti ilə keçirilən satınalmada iştirak etməyə dəvət edilmiş və qalib gəlmişdir.8 Tenderin qalibi olaraq World Wide Minerals TGK-nın idarəçiliyini həyata keçirib onun yenidən təşkil edilməsinə və TGK-nın əmək haqları və pensiya ödənişləri hissəsində icra edilməmiş bir sıra öhdəliklərini yerinə yetirmək məqsədilə Qazaxıstan Respublikasına borc verməyə razılaşmışdır.
Bu Razılaşmadan sonra World Wide Minerals əlavə üç uran mədəninin və dörd uran yatağının işlənilməsi üçün nəzarət zərfi dövlətə məxsus olan Kazatomprom ilə birgə müəssisə (joint venture) yaratmışdır. Lakin Kazatmoprom öz öhdəliklərini yerinə yetirməmişdir və bir müddət sonra qeyd olunan uran yataqlarının ikisi Britaniya Virciniya Adalarında qeydiyyatdan keçmiş hüquqi şəxslər tərəfindən əldə edilmişdir.
Qarşı tərəfin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində World Wide Minerals Qazaxıstana qarşı ilkin arbitraj prosesini başlatmışdır. World Wide Minerals öz iddiasını müqavilə və ikitərəfli investisiya sazişi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əsaslandırmışdır.
Arbitrlar qeyd olunan məsələ ilə bağlı World Wide Minerals-ın Qazaxıstanın SSRİ-nin varisi olması səbəbindən ona qarşı arbitraj prosedurunu başlatmaq hüququna sahib olması və arbitrajın işə baxmaq üçün yurisdiksiyaya sahib olması qənaətinə gəlmişlər.9 Lakin, Qazaxıstan qanunvericiliyinə uyğun olaraq tətbiq edilən üç illik iddia müddətinin başa çatması səbəbindən World Wide Minerals-ın iddiası təmin edilmir.
Bundan sonra World Wide Minerals 2013-cü ildə Qazaxıstana qarşı bu dəfə İnvestisiya arbitrajında bir daha arbitraj prosesini başladır. Arbitrajın keçirildiyi yer İngiltərə olur. Nəticə olaraq, 29 oktyabr 2019-cu il tarixində arbitrajın qərarı ilə World Wide Minerals Ltd-nin tələbi qismən təmin edilmiş və Qazaxıstan Respublikası tərəfindən 52.6 milyon ABŞ dolları məbləğində zərərin ödənilməsinə dair qərar qəbul edilmişdir.10 Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin rəsmi bəyanatında qeyd olunan qərarın zərərin ödənilməsi hissəsində mübahisələndiriləcəyi qeyd edilmişdir.11
Qeyd olunan mübahisənin tarixçəsindən belə qənaətə gəlmək olar ki, baxmayaraq ki, keçmiş postsovet ölkələri özlərini SSRİ-nin varisi hesab etmirlər, onlara qarşı SSRİ-nin bağladığı beynəlxalq sazişlər əsasında iddialar qaldırıla və onlar bu müqavillər üzrə cavabdeh qismində tanına bilərlər.
İstinadlar və izahlar
- BMT-nin Dövlətlərin Müqavilələr münasibətdə Varisliyi haqqında 1978-ci il Vyana Konvensiyası, preambula.
- Üzv ölkələrin siyahısı, son baxış 09.03.2020
- Gabčikovo-Nagymaros Project (Hungary/Slovakia), Judgment, I.C.J. Reports 1997, 123.
- Rein Mullerson, The Continuity and Succession of States, by Reference to the Former USSR and Yugoslavia, The International and Comparative Law Quarterly, vol. 42, no. 3, 1993, p. 476, A. Kozyrev, “Russia: A Chance for Survivial” (1992) 71(2) Foreign Affairs 11, 31 ILM 138 (1992).
- Ağ səhifə. Beynəlxalq hüquqda istifadə edilən və varis ölkənin sələfi olduğu ölkənin bağladığı müqavilələrin birbaşa olaraq ona münasibətdə tətbiq olunmasını inkar edən ifadədir. Aaron X.Fellmeth & Maurice Horwitz, Guide to Latin in International Law, Oxford University Press 2009, p.274
- Kanada Höküməti ilə Sovet Sosialist Respublikaları İttifaqı Höküməti arasında İnvestisiya qoyuluşunun təşviqi və qarşılıqlı mühafizəsi
- BMT-nin Dövlətlərin Müqavilələr münasibətdə Varisliyi haqqında 1978-ci il Vyana Konvensiyası, maddə 24.1.
- İddiaçının mətbuat çıxışı, son baxış 09.03.2020
- Yurisdiksiya barədə qərara dair mətbuat çıxışı son baxış 09.03.2020
- Qərar barədə açıqlama, son baxış 09.03.2020
- Cavabdehin qərar ilə bağlı rəsmi açıqlaması, son baxış 09.03.2020