Yeni ərazilərin əldə edilməsinin yeni/köhnə üsulları?

Pandemiya və davamında başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal ərzaq təhlükəsizliyi ciddi problemlərlə üzləşdi. Səbəb isə taxıl və gübrə istehsalı sahəsində böyük paya sahib olan iki ölkənin bir-biri ilə müharibədə olması və tətbiq edilən sanksiyalardır.

Təəssüf ki, bu problemin nəticələri Azərbaycandan da yan keçmədi. Artıq pandemiya səbəbli yarana biləcək böhranın qarşısını almaq üçün Azərbaycan müxtəlif ölkələr ilə kənd təsərrüfatı sahəsində aktiv əməkdaşlığın qurulmasına çalışırdı. Buraya Azərbaycan və Ukrayna arasında imzalanmış “Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu də aid etmək olar.1 Bu istiqamətdə Azərbaycanın, həmçinin, Ukraynada kənd təsərrüfatı məqsədi ilə müəyyən həcmdə torpaq sahəsini icarəyə götürməsi nəzərdə tutulurdu.

Bəs bir ölkənin digər ölkədə olan torpaq sahəsinin icarəyə götürməsi beynəlxalq hüquqda necə tənzimlənir? Yazıda bu suala aydınlıq gətirməyə çalışılacaq.

İcarə təcrübəsinin yarandığı ilk müddətdə bəzi beynəlxalq hüquq müəllifləri bunu dövlətlərin ərazisinin genişləndirilməsi cəhdi kimi təfsir edirdilər.2 Dövlətlər arasında ərazi icarəsinə xüsusi hüquqda olan icarə konsepsiyasından üç element aid edilir. Bunlar müvafiq olaraq aktivdən istifadə etmə hüququnun verilməsi, razılaşmanın müddəti və icarəyə götürən tərəfindən icarəyə verənə ödənilməli olan məbləğdir.3 Dövlətlərarası icarə zamanı həm də suverenlik, ödəniş və yurisdiksiya məqamları da daxil olmaqla bir sıra başqa suallar da ortaya çıxır.

Bir qayda olaraq bir ölkənin digər ölkədən müəyyən ərazini icarəyə götürdüyü zaman həmin ərazi üzərində icarəyə verən ölkənin suverenliyi, nisbətən məhdud olsa da, qorunub saxlanır.4 Lakin bunun tam əksinin müşahidə olunduğu hallar da mövcuddur. 5

Digər məsələ icarəyə görə ödəniş məsələsidir. Bir əvvəlki məsələdə də olduğu kimi burada da yekdillik yoxdur. Xüsusi hüquqda olduğu kimi, burada da bir qayda olaraq icarəyə götürən ölkənin digər ölkəyə icarə əvəzində müəyyən haqq ödəməsi geniş yayılmış bir təcrübədir. Buna baxmayaraq mütləq deyildir.6

Üçüncü məsələ isə, icarəyə götürülən ərazi üzərində yurisdiksiyanın müəyyən edilməsi ilə bağlıdır. Suverenlik və yurisdiksiya məsələləri bir-biri ilə bağlı məsələlərdilər. Qəbul edilmiş yanaşma ondan ibarətdir ki, icarəyə verən ölkə həmin ərazi üzərində özünün suverenliyinin və nəticə olaraq yurisdiksiyasının müəyyən hissədə məhdudlaşdırılmasına razılıq verir. Təcrübədə bu məhdudlaşdırılmanın fərqli aspektləri mövcud olmuşdur.7

Göründüyü kimi ümumi qəbul olunmuş standart meyarların mövcud olmaması səbəbindən, ərazinin icarə zamanı taleyinin tənzimlənməsi xüsusilə tərəflər arasında imzalanmış müqaviləyə əsasən tənzimlənir.8

Bu perspektivdən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını əlaqələndirməsi və Ermənistanın ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur Dəhlizinin beynəlxalq hüquq perspektivindən hansı formada tənzimlənməsi və hansı statusa malik olması xüsusi maraq doğurur.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. „Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu, https://president.az/az/articles/view/55258.
  2. Yaël Ronen, Territory, Lease in Max Planck Encyclopedia of Public International Law, Abs. 4, 2019.
  3. Michael J. Strauss, Territorial Leasing in Diplomacy and International Law, S. 13.
  4. Yuxarıda istinad 2
  5. Nümunə üçün bax: Amerika Birləşmiş Ştatları ilə Panama Respublikası arasında imzalanmış Hay-Bunau-Varilla Sazişinin 3-cü bəndi.
  6. 1898 İngiltərə ilə Çin arasında imzalanan Pekin Konvensiyasını nümunə göstərmək olar. Bu konvensiyaya görə İngiltərə Hong Kongun böyük hissəsinə hüquqlar əldə etdi, lakin konvensiyanın mətnində ödəniş ilə bağlı bir bənd mövcud deyildir. Əlavə olaraq bax, yuxarıda istinad 2, S. 15.
  7. Burada ticarət, xüsusi münasibətlər və cinayət yurisdiksiyalarını göstərmək olar; yuxarıda istinad 2, ss. 79 – 80.
  8. Yuxarıda istinad 2, Abs.3.
Oxşar paylaşımlar