Putinin həbsi qərarı: beynəlxalq təcrübə nə deyir?

Beynəlxalq Cinayət Məhkəməsində Rusiya Federasiyasının prezidenti Vladimir Putin və uşaq hüquqları komissarı Maria Lvova-Belova barədə həbs qərarı çıxarılıb. Əsas kimi uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya hüquqazidd deportasiyası nəticəsində beynəlxalq cinayətin törədilməsi göstərilir (hələlik). 

Bununla bağlı beynəlxalq hüquqi rejim hamıya aydın olmadığından xəbər ajiotaj yaratdığı qədər, anlaşmazlıqlara da yol açmışdır. Qərar necə reallaşdırılacaq? Reallaşa bilərmi? Başqa ölkəyə gedəndə onlar həbs olunmalıdır?

Roma Statutu əsasında həbsinə qərar verilən ilk dövlət başçısı Sudandan Ömər əl-Bəşir olmuşdur. Qərar 2009-cu ildə verilsə də, əl-Bəşir yalnız 2019-cu ilin dövlət çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra yeni hökumət tərəfindən məhkəməyə təhvil verilmişdi. Dövlətlər əsasən beynəlxalq adət hüququna görə dövlət başçılarının immuniteti olduğuna inanırlar.1

Dövlət başçısının digər bir dövlətin ərazisində həbs edilməsi heç bir dövlət üçün arzuedilən deyildir. Digər dövlətlər də adətən bənzər tədbirlərə məruz qalmamaq üçün buna hörmət edir. Yəni Roma Statutuna qoşulan dövlətin həbs qərarını icra etmək vəzifəsi ilə dövlət başçılarının immunitetinə hörmət etmək prinsipləri arasında ziddiyyət mövcuddur.

Məsələn, BCM-in həbs qərarına baxmayaraq Cənubi Afrika və Kenya əl-Bəşiri öz ərazilərində olarkən həbs etməmişdi. Hətta həm Cənubi Afrikanın, həm də Kenyanın yüksək məhkəmələri, o cümlədən BCM bununla dövlətlərin beynəlxalq öhdəlikləri pozduğu nəticəsinə gəlmişdi. BCM İordaniyanın müvafiq pozuntusu barədə də 2019-cu ildə qərar vermişdi. Lakin BCM-in dövlətlərin öz öhdəliklərini pozduğunu müəyyən etməsi bu dövlətlər üçün hansısa ciddi nəticələr yaratmadı (ən pis halda BMT Təhlükəsizlik Şurasına və Statuta üzv dövlətlərə məlumat verilir). Görünən odur ki, dövlətlər arasında dövlət başçılarının cinayət təqibindən qorunmasına inam Roma Statutunun öhdəliyindən daha güclüdür. 

Dövlətlərin yaxın keçmişdəki praktikasından təxmin etmək olar ki, Roma Statutuna üzv dövlətə getsə belə Rusiya prezidentinin həbsi ehtimalı aşağıdır (digər şəxsə də aid etmək olar). Təbii ki, Rusiya ilə münasibətlərin göstəricisinə görə vəziyyət dəyişə bilər, amma onlar da münasibətlərin ağır olduğu ölkəyə çətin getsinlər. Onların vəzifədə olmayacağı gələcək ssenarilər üçün indi fikir irəli sürmək isə çətindir.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Dövlət başçılarının immuniteti iki əsas üzərində yaranır:(Seventh report on immunity of State officials from foreign criminal jurisdiction, by Concepción Escobar Hernández, Special Rapporteur (https://digitallibrary.un.org/record/3809554), s. 69-70)

    • Ratione personae (şəxsi) immunitet: dövlət, hökumət başçıları və xarici işlər naziri kimi şəxslərə öz dövlətlərində tutduqları vəzifə immunitet qazandırır, yəni onlar vəzifədə olarkən istənilən halda immunitetə sahibdirlər.
    • Ratione materiae (funksional) immunitet: bu şəkildə immunitet isə şəxsin dövlət rəsmisi kimi rəsmi hərəkətləri yerinə yetirməsinə görə yaranır. Şəxs vəzifədən getsə belə iddia edə bilir ki, ittiham edildiyi hərəkətləri rəsmi vəzifələrini icra edərkən edib.
Oxşar paylaşımlar