Ötən ay Konstitusiya Məhkəməsi bir fərdi şikayət üzrə Ali Məhkəmənin 31 may 2019-cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğun olmaması barədə qərar verib. Qərardakı etibarsız əqdin mübahisələndirilməsi və Ali Məhkəmənin səlahiyyət hədləri barədə yanaşmalar aşağıda təhlil olunmuşdur.
Qərarla bağlı xülasə versək, Konstitusiya Məhkəməsinin bu qərarı əsasən iddia müddəti ilə hüquq kəsici müddət arasında fərqlərə toxunur. İddia müddəti konkret olaraq hansısa hüquq barədə tələb irəli sürməyə, məhkəmədə iddia qaldırılmasına imkan verən müddətdirsə1, hüquq kəsici müddət birinə məxsus hüququn qüvvədə olma müddətidir2. Yəni iddia müddəti hüququ deyil, hüquq barədə iddia qaldırmaq imkanını aradan qaldırır, hüquq kəsici müddət isə məhz hüququ aradan qaldırır. Konstitusiya Məhkəməsi qərarında bu konsepsiyanı “kəsici müddət” kimi adlandırır. Məsələn Türkiyədəki doktrinal mənbələrdə bu ifadə “hak düşürücü süre” kimi bilinir.
1. Etibarsız əqdin mübahisələndirilməsi müddəti
1.1. Mübahisə mövzusu olan kredit müqaviləsi 2007-ci ilə aiddir. Borcun iddiaçıdan tutulması barədə iş apellyasiya instansiyasında ikən iddiaçı kredit müqaviləsinin etibarsızlığı haqqında aidiyyəti məhkəmədə banka qarşı iddia qaldırır. Buna görə borc tələbi barədə icraat dayandırılır.
1.2. Etibarsızlıqla bağlı işə baxılarkən iddiaçı kredit müqaviləsini işlədiyi şirkət rəhbərliyinin təzyiqi ilə bağladığını etiraf etsə də, 353,500.00 ABŞ dolları kredit məbləğini heç vaxt Azərbaycan Beynəlxalq Bankından götürmədiyini bildirib. Bank iddiaçının kredit məbləğini qəbul etdiyini təsdiq edən məxaric sənədlərini təqdim edə bilməyib. İşdə iddiaçının vəsaiti bankdan götürmədiyini təsdiq edən üç maliyyə ekspertiza rəyi mövcuddur. Yəni kredit müqaviləsi bağlansa da, realizə olunmayıb. Ali Məhkəmə qərarından başa düşülən odur ki, iddiaçının işlədiyi şirkət krediti ödəyəcəyini ona bildirmiş və hətta kredit üzrə bir müddət ödənişlər də edilmişdir. İşin halları haqqında daha ətraflı məlumat üçün Ali Məhkəmənin mübahisələndirilən qərarına (31 may 2019) və daha əvvəlki digər qərarına (1 oktyabr 2018) baxa bilərsiniz.
1.3. Etibarsızlıqla bağlı birinci instansiya və apellyasiya məhkəmələri sübutlara birlikdə qiymət verərək o qənaətə gəlirlər ki, müqavilə etibarsızdır. Etibarsız əqdin mübahisələndirilməsi ilə bağlı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş birillik müddətlə əlaqədar isə bu nəticəyə gəlinir ki, iddiaçı ona qarşı borc tələbi barədə iş gedərkən “kredit müqaviləsində göstərilən pul məbləğinin ondan tutulacağı təhlükəsini real dərk etdikdə” etibarsızlıq iddiasını qaldırıb. Yəni borc tələbi üzrə işə baxılana qədər iddiaçı kredit məbləğini həqiqətən götürmədiyinə görə özünə qarşı təhlükə olduğunu hesab etməyib və buna görə də, birillik müddətin axımı yalnız bundan sonra başlayıb.
1.4. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin məsələni tənzimləyən 354.2-ci maddəsində aşkar qeyd edilmiş “təhlükəni real dərk etmə” kriteriyası yoxdur.
1.5. Ali Məhkəmə cavabdehin kassasiya şikayəti üzrə işə baxarkən digər sübutları təhlilinə daxil etmədən məhz Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə riayət edilmədiyi nəticəsinə gəlir. Ali Məhkəmə hesab edib ki, iddiaçı ən azından ona qarşı borc tələbi üzrə 2014-cü ildə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırılarkən o, artıq hüququnun pozulmasını bilməli idi. Hazırkı iş üzrə iddia isə 2017-ci ilin sonlarında qaldırıldığına görə, birillik mübahisələndirmə müddəti gözlənilməmişdir. Ali Məhkəmə bu səbəbdən apellyasiya məhkəməsinin qərarını ləğv edib.
1.6. Konstitusiya Məhkəməsi isə “təhlükəni real dərk etmə” kriteriyasını aşkar dəstəkləməsə də, hesab edir ki, müddətin ötürülməsi məsələsinə digər sübutlar da nəzərə alınmaqla yanaşılmalı idi. Bunu belə izah etmək olar ki, şəxs kredit müqaviləsini bağlasa da, pul vəsaitini real olaraq götürməyib; buna görə də, iddiaçı həmin müqavilə üzrə öhdəliyinin yarandığını hesab etməyib və birillik müddət tələbi müqavilənin realizə edilməməsindən daha önəmli deyil.
1.7. Mülki Məcəllənin 354.2-ci maddəsində şəxsin “əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə” bilməsi şərti müəyyən edilib. Hazırkı işin halları ilə birgə bu şərtə tərs məntiqlə baxsaq, iddiaçı əqdin etibarsız sayılmamasına əsas verən halın olmadığını düşünüb. Yəni işin halları imkan verirsə, məhkəmə 354.2-ci maddədəki hüquq qaydasını geniş təfsir edə bilər.
2. Hüquqla bağlı kəsici müddət və iddia müddətinin fərqləndirilməsi
2.1. Ali Məhkəmə qərarında eyni hal üçün həm etibarsızlıqla bağlı mübahisələndirmə müddətinə, həm də iddia müddətinə müraciət edir. Konstitusiya Məhkəməsi isə qərarında bu müddətləri fərqləndirir.
2.2. Etibarsızlıqla bağlı müəyyən edilən birillik müddət kəsici müddətdir. Kəsici müddət keçdikdən sonra maraqlı şəxs etibarsız əqdi mübahisələndirmək hüququnu itirir. Müəyyən edilən birillik müddət iddia müddəti kimi başa düşülməməlidir. Konstitusiya Məhkəməsi qeyd edir:
Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
2.3. Konstitusiya Məhkəməsinə görə iddia müddəti ilə kəsici müddətin fərqləri aşağıdakılardır:
• “İddia müddəti tələb hüququ üçün xarakterikdir”, yəni şəxsin tələb etmək hüququ yalnız iddia müddətində mövcud olur. “Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir”.
• “İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir.”
• “İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.”
• “İddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.”
3. Ali Məhkəmənin səlahiyyət hədləri
3.1. Ali Məhkəmə apellyasiya instansiyasının gəldiyi nəticələrin işin hallarına uyğunluğu məsələsini qərarında bir neçə dəfə qaldırır. Məsələn, Ali Məhkəmənin qərarından aşağıdakı çıxarışa baxaq:
[…] məhkəmə iddiaçının 2017-ci ilin sentyabr ayında pul məbləğinin ondan tutulacağı təhlükəsini real dərk etməsini qeyd etməklə gəldiyi nəticə işin hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə, işdə sübutlara uyğun olmamışdır.
3.2. Konstitusiya Məhkəməsi bu qərarı ilə 2010-cu ildən bəri ən azı artıq 6-cı dəfədir ki,3, 4, 5, 6, 7 eyni cümlələrlə Ali Məhkəmənin Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrindəki səlahiyyət hədlərini şərh edir. Konstitusiya Məhkəməsinə görə, Ali Məhkəmə işin hallarına birbaşa qiymət verməklə bu maddələri “onların konstitusiya-hüquqi8 məzmununa uyğun olmayan qaydada tətbiq e[dir], apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək bu məhkəmə tərəfindən müəyyən edilmiş halları yenidən qiymətləndir[ir]”.
3.3. Yəni Ali Məhkəmə hüquq qaydasının düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Əgər Ali Məhkəmə müəyyən edirsə ki, aşağı instansiyanın gəldiyi nəticə işin halına uyğun deyil – bu, hüquqaziddir. Yox, əgər Ali Məhkəmə müəyyən edirsə ki, hansısa hala necəsə qiymət verilməsi bir hüquq qaydasını pozur – bu, hüquqauyğundur. Bu zaman da həmin hala qiyməti Ali Məhkəmə vermir, yenidən qiymətləndirmə üçün iş apellyasiya instansiyasına göndərilir.
İstinadlar və izahlar
- Məsələn Mülki Məcəllə, 373-cü maddə.
- Mməsələn Mülki Məcəllə, 354-cü maddə.
- Konstitusiya Məhkəməsinin 21 iyun 2010-cu il tarixli qərarı.
- Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarı.
- Konstitusiya Məhkəməsinin 15 iyul 2015-ci il tarixli qərarı.
- Konstitusiya Məhkəməsinin 3 oktyabr 2016-cı il tarixli qərarı.
- Konstitusiya Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qərarı.
- Söhbət Konstitusiyanın 131(I) maddəsindəki “kassasiya qaydasında ədalət mühakiməsini həyata keçir[məkdən]” gedir.