kosmosda kommersiya

ABŞ-dan kosmik resurslardan istifadənin beynəlxalq hüquqi rejimini təkmilləşdirmək üçün çağırış

ABŞ prezidenti 6 apreldə Kosmik resursların işlənməsi üçün beynəlxalq dəstəyin təşviqi haqqında fərman imzalayıb. Əsas məqsəd kosmosda kommersiya fəaliyyətinin genişlənməsinə imkan yaratmaqdır. Fərmanın məğzi aşağıdakılardan ibarətdir:

  • Özəl sektor kosmik layihələrdə iştiraka cəlb edilsə də, kosmik resurslardan istifadə ilə bağlı qeyri-müəyyənliklər özəl iştirakçıları həvəsdən salır.
  • Ay və digər səma cisimlərində dövlətlərin fəaliyyətini tənzimləyən 1979-cu il Müqaviləsi (“Ay Müqaviləsi”) Ay resurslarından istifadə üzrə rejim müəyyən etsə də, mövcud qeyri-müəyyənliyi bir az da artırır. Buna tərəf olan dövlətlərin sayı da cəmi 18-dir.
  • Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında 1967-ci il Müqaviləsi1 ilə Ay Müqaviləsi arasındakı fərqlər mövcud qeyri-müəyyənliyi bir az da artırır.
  • ABŞ dövlətlər və özəl şəxslər tərəfindən kosmik resursların tətbiq olunan qaydalara uyğun olaraq istifadəsinə icazə verən siyasəti dəstəkləyəcək.
  • ABŞ Ay Müqaviləsinə tərəf deyil və onu dövlətləri kosmik kəşflərdə və özəl iştirakın təşviqində önə aparacaq effektiv adət hüququ kimi də hesab etmir. ABŞ Dövlət Katibinə tapşırılır ki, beynəlxalq müstəvidə bu müqavilənin adət hüququ kimi qəbul olunmasına qarşı çıxsın.
  • Dövlət Katibinə tapşırılır ki, kosmik resurslardan dövlət və özəl istifadəni təşviq etmək üçün beynəlxalq tərəfdaşlıq və dəstək formalaşdıracaq addımlar atsın, bu məqsədlə digər dövlətlərlə ikitərəfli və çoxtərəfli razılaşmalar üçün danışıqlar aparısın.

Qeyd edək ki, kosmos hüququndakı bu cür qeyri-müəyyənliklərin ən əsas səbəblərindən biri kosmos hüququnun beynəlxalq hüquqi rejimini tənzimləyən müqavilələrin soyuq müharibə dövründə, yəni ABŞ və SSRİ-nin kosmos uğrunda mübarizə apardığı zaman bağlanmasıdır. Belə ki, həmin vaxt kosmik fəaliyyətlər yalnız dövlətlər tərəfindən həyata keçirilirdi. Daha sonra kosmik fəaliyyətlərin özəlləşməsi və kommersiyalaşması ilə birlikdə soyuq müharibə dövründə formalaşan hüquqi tənzimləmə effektivliyini itirməyə başladı. Hazırda isə dövlətlər kosmosda özəl sektorun kommersiya fəaliyyətini təşviq edən və eyni zamanda bütün mümkün siyasi riskləri (kosmosun hər hansı dövlət tərəfindən mənimsənilməsinin qarşısını almaq və s.) minimallaşdıran hüquqi çərçivə inkişaf elətdirməyə çalışırlar.

Məsələ akademik müstəvidə əvvəllər də müzakirə olunmaqda idi. Bloqun redaktorlarından Nihat Hüseynov 2018-cı ilə aid Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalında nəşr olunmuş məqaləsində sözügedən qeyri-müəyyənliklərdən bəhs edib. Məqaləyə burdan baxa bilərsiniz

Məsələ ilə bağlı Leiden Universitetində Haaqa Beynəlxalq Kosmik Resursların İdarə Edilməsi üzrə İşçi Qrup da yaradılıb ki, qrup bu sahədə beynəlxalq idarəetməni inkişaf etdirmək üçün tövsiyə xarakterli baza prinsipləri tərtib edib və bu prinsiplər haqqında şərhlərini dərc edib.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Azərbaycan da bu müqaviləni ratifikasiya edib. Ratifikasiya etmiş dövlətlərin siyahısına buradan, ratifikasiya haqqında qanuna isə buradan baxa bilərsiniz.
Oxşar paylaşımlar