Bir dövlət orqanının ərizəçidən başqa dövlət orqanının sərəncamında olan sənəd və ya məlumatları tələb etməsi bir neçə ildir qanunla qadağan olunsa da, bu problemlə hələ də rastlaşılır.

Məsələn, Miqrasiya Məcəlləsinin 65-ci maddəsinə görə görə əcnəbilərə iş icazəsinin alınması üçün işəgötürən digər tələb olunan sənədlərlə birgə “nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri”ni də miqrasiya orqanına təqdim etməlidir. Məlumdur ki, bu sənədlər, yaxud həmin sənədlərdəki məlumatlar digər dövlət orqanı – vergi orqanında da mövcuddur. Mahiyyət kənara buraxılaraq əks arqument gətirilə bilər ki, Miqrasiya Məcəlləsi “notariat qaydasında təsdiq edilmiş surətləri” tələb edir və başqa inzibati orqanlar sənədlərin notarial təsdiqli surətlərini saxlamır. Normanın bu şəkildə mahiyyətə uyğun olmayan təfsiri artıq ümumi olaraq normativ sistemlilik problemidir və məhkəmə mübahisəsini labüd edir. Mahiyyət baxımından yuxarıda qeyd edilən tələblə inzibati icraat qanunvericiliyinin tələbləri arasında uyğunsuzluq var. Gəlin məsələ barədə inzibati icraat qanunvericiliyinin tələbinə baxaq.

İnzibati icraat haqqında Qanunun 32.2-1-ci maddəsinə görə inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.1

Bir faktı da nəzərə alaq ki, Miqrasiya Məcəlləsi 2013-cü ilin 1 avqustundan, sözügedən inzibati icraat tələbi isə 2019-cu ilin 18 yanvarından qüvvədədir. Yəni əvvəlki inzibati icraat üzrə tələblər yeni müddəaya tabe tutulmalıdır.

Aydın görünür ki, inzibati icraat qanunvericiliyinə əlavə edilmiş tələbin məqsədi ərizəçini əlavə işlərdən azad etməkdir; dövlət orqanı digər orqanın sərəncamında olan sənəd və ya məlumatları ərizəçidən tələb etməməlidir. Bəzi hallarda bu məsələdə inzibati icraat qanunvericiliyinə riayət olunur. Məsələn, hazırda vergi orqanı hüquqi şəxsin ləğvetmə prosesində sosial sığorta qurumlarından məlumatları götürə bilir. Amma əksərən problemlər qalmaqdadır. Bəhs edilən misal üzrə praktika ondan ibarətdir ki, miqrasiya orqanı iş icazəsi ərizələri üçün hələ də işəgötürənlərdən nizamnamənin və dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial təsdiqli surətlərini tələb edir. İddia olunsa da ki, miqrasiya orqanının vergi orqanının məlumat sisteminə girişi yoxdur, bu, inzibati icraat qanunvericiliyinin tələbinin yerinə yetirilməməsinə, təbii ki, əsas olmamalıdır.

Qanunvericilik bu kontekstdə sinxronlaşdırılmadıqca və dövlət orqanları yeni icraat göstərişlərinə riayət etmədikcə ərizəçilər qanunsuz tələbə riayət etməli və notarial təsdiq xərclərini qarşılamalı olur. Əks halda isə onların əlavə şikayət prosedurlarına müraciət etməkdən başqa yolu qalmır. Bu da məhkəmə proseslərinə aparır. Çünki inzibati icraat qanunvericiliyinin tələbini dövlət orqanına bildirdikdə adekvat reaksiya alınmır.

İstinadlar və izahlar

  1. İnzibati Xətalar Məcəlləsinin 594-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların əldə olunmasının ərizəçidən tələb edilməsinə görə vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Kateqoriya:

İnzibati hüquq,