Ümumi hüquq ilə xüsusi hüququn fərqləndirilməsi

Hüquq təhsilinin və praktikasının əsasında duran, gündəlik qarşılaşılan, buna baxmayaraq tam cavablandırılmayan suallardan biri də hər hansı hüquqi münasibət zamanı həmin münasibətin xüsusi yaxud ümumi hüquqa aid olmasıdır. Səbəb isə ondan ibarətdir ki, sahələr arasında sərhədin müəyyənləşdirilməsi üçün hüquq elmində bir neçə yanaşma mövcuddur. Lakin onlardan heç biri bu suala tam dəqiq cavab vermir. Bu yanaşmaları nəzərdən keçirək.

Müzakirə mövzusu xüsusi və ümumi hüququn fərqləndirilməsi olduqda, bir qayda olaraq Azərbaycanda irəli sürülən əsas yanaşma ondan ibarətdir ki, xüsusi hüquq onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir.1 Onun subyektlərinin bərabər mövqedə olması (üfüqi münasibət) və öz iradələrini ifadə etməkdə sərbəstlikləri bu xüsusda əsas meyar qismində göstərilir. Ümumi hüquq isə hakimiyyət daşıyıcıları ilə fiziki və ya hüquqi şəxslər arasında münasibətləri tənzimləyir (şaquli münasibət). Məsələn, bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş funksiyanı yerinə yetirir və qarşı tərəfə münasibətdə ümumi hüququn təmsilçisi qismində çıxış edərək hakimiyyət səlahiyyətlərindən istifadə edir, yəni digər tərəf ondan asılı vəziyyətdə olur.

Yuxarıda qeyd olunan yanaşma hüquq elmində “subordinasiya nəzəriyyəsi” olaraq adlandırılır2 və bir çox səbəbdən tənqid edilir. Əsas səbəb isə bu yanaşmanın tətbiqi nəticəsində ziddiyyətli nəticələrin yaranmasıdır.

Nümunə üçün işəgötürən ilə işçi arasındakı münasibətə nəzər yetirmək olar. Burada işçi əmək müqaviləsinin bağlandığı andan sonra bir qayda olaraq işəgötürənin göstərişlərinə “tabe” olaraq fəaliyyət göstərməlidir. Digər bir nümunə qismində isə valideynlər ilə yetkinlik yaşına çatmayan uşaqlar arasında olan münasibətlər də göstərilə bilər. Sözsüz ki, qeyd edilən hallarda ümumi hüquq xarakterli münasibətlərin mövcud olmaması tam aydındır. Eyni zamanda dövlət də tərəflərin bərabərhüquqlu olduğu münasibətlərə daxil ola bilər, məsələn dövlət ehtiyacları üçün alğı-satqı müqaviləsinin və ya inzibati müqavilənin3 bağlanması zamanı dövlət müqavilə tərəfi olaraq digər tərəfə, yəni fiziki və ya hüquqi şəxsə münasibətdə üstünlük hüququna sahib deyildir. Bu səbəbdən ümumi və xüsusi hüquq münasibətlərinin fərqləndirilməsi zamanı sadəcə qeyd edilən yanaşmanın istifadə edilməsi məqsədəuyğun deyildir.

Mövcud nəzəriyyələrdən digəri “maraqlar nəzəriyyəsidir”. Bu yanaşmanın əsasını təşkil edən əsas məntiq ondan ibarətdir ki, ümumi hüquq ümumi maraqlara, xüsusi hüquq isə xüsusi maraqlara xidmət edir.4 Eynilə subordinasiya nəzəriyyəsində olduğu kimi bu nəzəriyyədə də bəzi boşluqlar mövcuddur.

İlk olaraq, fərdi maraqların qorunması ümumi hüquq vasitəsilə də tənzimlənə bilər, məsələn əsas insan hüquq və azadlıqları ilə bağlı konstitusion normalar insanların mülkiyyət, şəxsi toxunulmazlıq və s. kimi fərdi maraqlarının qorunmasına xidmət edir.5 Eyni qaydada da fiziki və hüquqi şəxslər xüsusi hüquq normalarına əsaslanaraq ümumi maraqlara xidmət edə bilərlər, məsələn ictimai birliklərin yaradılması kimi. Bütün bu səbəblərə görə maraqlar nəzəriyyəsi də fərqləndirmənin aparılması üçün yetərli hesab edilmir.

Digər bir nəzəriyyə olan “subyekt nəzəriyyəsi” isə fərqləndirmənin subyekt perspektivindən aparılmasını təklif edir. Burada əsas meyar olaraq mövcud hüquq münasibətinin tənzimlənməsi üçün həlledici sayılan müvafiq hüquq normasının kimə ünvanlanması, yəni hüquq münasibətində iştirak edən hansı subyekt üçün hüquq və öhdəliklər əmələ gətirməsi əhəmiyyət daşıyır.6 İstənilən subyekt üçün hüquq və öhdəliklər yaradan hüquq normaları xüsusi hüquqa aid edilir, məsələn Mülki Məcəllənin alğı-satqı müqaviləsi ilə bağlı olan 567-ci maddəsi. Bundan fərqli olaraq dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edən hər hansı orqan üçün hüquq və yə öhdəliklər yaradan hüquq normaları isə ümumi hüquqa aid edilir, məsələn polis hüququ.7 Bu yanaşmanın çatışmayan cəhəti isə ondan ibarətdir ki, o, müəyyən hallarda dövlətin xüsusi hüquq münasibətlərindəki rolunu yalnış qiymətləndirir.8

Bu kimi hallara dövlət qulluğunda dövlətin işəgötürən rolunda çıxış etməsi və ya  nəqliyyat münasibətlərinin tənzimlənməsi zamanı yaranan hallar daxildir. Bu kontekstdə “Azərbaycan Dəmir Yolları” QSC vasitəsilə dövlətin xüsusi hüquq münasibətlərində iştirak etməsini xüsusilə vurğulamaq olar. Belə ki, burada dövlət üçün hüquq və ya öhdəliklər yaradan normalar xüsusi hüquqa aiddir, çünki tərəflər arasındakı münasibətlər daşıma müqaviləsi ilə tənzimlənir.

Subyekt nəzəriyyəsinin bir neçə altnövü mövcuddur. Yuxarıda qeyd edilən anlayış isə formal subyekt nəzəriyyəsidir. Formal subyekt nəzəriyyəsinin çatışmayan cəhətlərinin aradan qaldırılması məqsədilə “modifikasiya edilmiş subyekt nəzəriyyəsi” təklif olunmuşdur.

Modifikasiya edilmiş subyekt nəzəriyyəsinin (almanca – Modifizierte Subjektstheorie, Sonderrechtstheorie) yanaşması isə ondan ibarətdir ki, müvafiq hüquq normasının ümumi hüquqa aid edilməsi üçün həmin normanın dövlətə xüsusi hüquq münasibətlərində iştirak edən subyekt qismində deyil, mütləq olaraq suveren rolunda ünvanlanması vacib əhəmiyyətli rol oynayır.9 Lakin bu nəzəriyyə də dairəvi məntiqə sahibdir. Bu, dövlətin hansı hallarda suveren qismində çıxış etməsini müəyyən edərkən ortaya çıxır, çünki bu halda ümumi hüququn özünə istinad edilməli olur.10 Suverenliyin müəyyən edilməsi üçün digər mənbənin istifadə edilməsi mümkün olduğu təqdirdə dairəvi məntiq aradan qalxmış olardı. Qeyd edilən çatışmazlığı ortadan qaldırmaq üçün əlavə olaraq sonrakı mərhələdə maraqlar və ya subordinasiya nəzəriyyələrindən istifadə edilir.

Bundan əlavə, əgər norma ümumi hüquq əsasında təşkil edilmiş hüquq daşıyıcısına müraciət edirsə, ümumi hüquqa aidiyyəti prezumpsiyası mövcuddur.11

Qeyd edilənləri nəzərə alaraq, hazırda tətbiq edilən subordinasiya nəzəriyyəsinin müasir tələblərə cavab verməməsi aydın olur. Bunun əvəzində hüquq münasibətinin ümumi və ya xüsusi hüquqa aid olması müəyyənləşdirilərkən ilk növbədə modifikasiya edilmiş subyekt nəzəriyyəsindən istifadə olunması məqsədəuyğun hesab olunur. Bundan sonra qaranlıq məqamlar və ya boşluqlar hələ də mövcud olarsa, maraqlar və ya subordinasiya nəzəriyyələrinə müraciət etmək zəruri hal alır.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Məsələn bax: Rüfət Göyüşov, Mülki hüquq (ümumi hissə), Mühazirə toplusu, ss. 13, 24 (2011); Məhəbbət Dəmirçiyeva, Mülki hüquq (ümumi hissə), s. 20 (2015).
  2. Ferdinand Wollenschläger, Verwaltungsrecht und Privatrecht, Handbuch des Verwaltungsrechts, Kahl/Ludwigs (Red.), Band 1, , § 15 Rn. 7 (2021).
  3. Daha ətraflı bax: Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun  “Inzibati İcraat haqqında” Azərbaycan Respublikasi Qanununun  2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 6 oktyabr 2012-ci il tarixli qərarı.
  4. Jörn Ipsen, Allgemeines Verwaltungsrecht s. 5, (2019).
  5. Dirk Ehlers Allgemeines Verwaltungsrecht, Erichsen/Ehlers (Red.), s. 142 (2009).
  6. Eyni yerdə, s. 143.
  7. Eyni yerdə, s. 143.
  8. Eyni yerdə, s. 144.
  9. Yuxarıda istinad 2, Rn. 8; Karl August Bettermann, Vom Rechtsschutz und Rechtsweg  des Bürgers gegen Rundfunk-Rufmord, NJW 1977, S. 516; Martin Burgi, Grundlagen des Verwaltungsrechts, W. Hoffmann-Riem/E. Schmidt-Aßmann/A. Voßkuhle (Red.) Bd. I, § 18 Rn. 21 (2012).
  10. Walter Leisner, Unterscheidung zwischen privatem und öffentlichem Recht, JZ 2006, S. 871.
  11. Yuxarıda istinad 2, Rn. 8; Burgi yuxarıda istinad 9, Rn. 22.
Oxşar paylaşımlar