Ali Məhkəməyə görə şirkət rəhbərinin əmək qanunvericiliyinə əsasən işdən azad edilmiş olması onun vergi qanunvericiliyi üzrə ölkədən çıxışına məhdudiyyət qoyulması üçün əsası aradan qaldırır. Məzmun formadan üstün götürülməklə 10 avqust 2022-ci il tarixli, 2-2(102)-517/2022 saylı iş üzrə qərarda bu nəticəyə gəlinib. 

İşin halları ondan ibarətdir ki, vergi orqanı bir şirkətin vergi borclarına görə hüquqi şəxslərin dövlət reyestrində qanuni təmsilçi kimi adı keçən fiziki şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması üçün 2021-ci ildə məhkəməyə müraciət edib. Lakin həmin şəxsin işdən çıxarılması ilə bağlı ƏƏSMN-nin elektron sisteminə 2015-ci ildə bildiriş yerləşdirildiyinə görə apellyasiya instansiyası vergi orqanının iddiasının təmin olunmaması barədə qərar vermişdir (birinci instansiya iddianı təmin etdikdən sonra). Ali Məhkəmə isə apellyasiya instansiyasının gəldiyi nəticəni təsdiq etmişdir.

Ali Məhkəmə qərarında deyilir:

Maraqlı şəxsin tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirildiyi üçün, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir.

Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi vergi orqanının “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək” hüququnu təsbit edir. Ali Məhkəmə apellyasiya instansiyasının gəldiyi nəticəni təsdiq edərək müəyyən etmişdir ki, şəxs əmək qanunvericiliyi baxımından artıq işçi deyilsə, şirkət rəhbəri də ola bilməz. Bu konkret olaraq qanunların mətnindən açıq görünməsə də, nəzərə almaq lazımdır ki, qanuni təmsilçi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınarkən işə təyin olunma əmri kimi əmək qanunvericiliyi ilə müəyyən olunan sənədlər tələb olunur. Bu da o deməkdir ki, mahiyyətcə qanuni təmsilçinin şirkətlə əmək münasibətlərində olması əsasdır.

Vergi orqanı kassasiya şikayətində “saxta sənədin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sistemindən qeydiyyatdan keçirilməklə məhkəməyə təqdim edilməsi faktı”na istinad etsə də, bu faktın nədən ibarət olduğu və Ali Məhkəmənin buna münasibəti qərarda görünmür. Ehtimal etmək olar ki, ƏƏSMN-nin elektron informasiya sistemi ilə bağlı müvafiq sənəd şəxsin 2015-ci ildən bəri işçi olamaması faktını təsdiq etmək üçün kifayət etmişdir (təbii olaraq).