Müasir dünyada baş verən yeniliklər bütün sahələrdə mövcud olan ənənəvi yanaşmaları müəyyən dərəcədə sual altında qoymuşdur. Hüquq da bu qaydadan istisna deyildir.

İnternetdən istifadənin geniş vüsət alması ilə dünyada baş verən qloballaşma prosesi sürətlənmişdir. Bu isə, özlüyündə rəqəmsal dünyanın tənzimlənməsinin zərurəti ilə bağlı müzakirələrə səbəb olmuşdur.

Həmin müzakirələr kontekstində təqdim edilən ilkin yanaşmalardan biri ondan ibarət idi ki, rəqəmsal dünya ümumiyyətlə dövlətlərin suverenlik iddialarından azad olmalı və dövlət tənzimlənməsindən azad olmalıdır.1 Bu yanaşma ona əsaslanırdı ki, beynəlxalq hüquqda 1648-ci il Vestfal müqaviləsi ilə yaranan klassik suverenlik konseptinin əsaslandığı ərazi prinsipi rəqəmsal dünyada mövcud deyildir. Buna baxmayaraq yanaşma sürətli şəkildə öz dəstəyini itirmişdir. Səbəb isə bənzər nəzəriyyənin dövlətlərin maraqlarına ciddi şəkildə zidd olmasıdır.

Onun əvəzinə beynəlxalq hüquqda rəqəmsal suverenlik yanaşması təşviq edildi. Yanaşmanın əsas dəstəkçilərindən biri Çindir.2 Belə ki, həmin ideyanın məntiqi ondan ibarətdir ki, rəqəmsal dünyada birbaşa olaraq əraziyə bağlı olmamasına baxmayaraq, real dünyada həmin sistemin mövcudluğunu təmin edən qurğular (serverlər, kabellər və s.) fiziki olaraq müxtəlif dövlətlərin  ərazilərində yerləşir. Dövlətlər isə öz növbələrində həmin qurğular üzərində suverenlik perspektivindən çıxış edərək öz yurisdiksiyalarını tətbiq etməklə söz sahibi olurlar.3 Eyni qayda, həmçinin, Tallinn Manual 2.0-da da bir daha qeyd edilmişdir. 4

Bənzər yanaşma, həmçinin, Fransa məhkəmə təcrübəsində 2000-ci ildə LİCRA v. Yahoo! Işi üzrə qəbul edilmiş qərarda da öz əksini tapmışdır.5 Həmin işin hallarına uyğun olaraq Yahoo!-ya məxsus olan platformada onlayn hərrəcda Nasist işğalı zamanlarından qalmış müxtəlif əşyaların satışı həyata keçirilirdi. Məhkəmə qərarı əsasında həmin hərracın Fransa ərazisində keçirilməsi qadağan edilmişdir. Lakin, Yahoo! öz iddiasında hüquqi şəxsin Amerika qanunvericiliyinə uyğun təsis edildiyini, Fransanın yurisdiksiyasına tabe olmadığını göstərərək tələbin yerinə yetirilməsindən boyun qaçırırdı. Buna baxmayaraq Fransa Ali Məhkəməsi6 hərracın Fransız dilində, Fransada yaşayan şəxslərə əlçatan olması və Fransa ərazisi ilə yetərli bağlılığın olduğunu göstərərək qeyd edilən iddiaları rədd edir.

Beləliklə, müasir beynəlxalq hüquq nəzəriyyəsində rəqəmsal dünyaya da dövlətlərin suverenliyinin tətbiq edilməsi həm nəzəriyyədə, həm də təcrübədə öz əksini tapmış olur.

İstinadlar və izahlar

  1. John Perry Barlow, A Declaration of the Independence of Cyberspace, https://www.eff.org/cyberspace-independence (son giriş tarixi 10.10.2022).
  2. Nümunə üçün bax: Zhang Xinbao & Xu Ke, A Study on Cyberspace Sovereignty, China Legal Science, ss. 33 – 75 (2016).
  3. Daha ətralı, Timothy S. Wu, Cyberspace Sovereignty? – The Internet and the International System, Harvard Journal of Law & Technology, ss. 647 – 666 (1997); Jack L. Goldsmith, The Internet and the Abiding Significance of Territorial Sovereignty, Indiana Journal of Global Legal Studies, 475-492 (1998); Dan Jerker B. Svantesson, Sovereignty in International Law – How the Internet (Maybe) Changed Everything, But Not for Long, Masaryk University Journal of Law and Technology, ss. 137 – 156 (2014).
  4. Tallinn Manual 2.0 on the International Law Applicable to Cyber Operations, Michael N. Schmitt (eds.), Cambridge University Press, s.11, (2017).
  5. LICRA v. Yahoo! (Ligue contre le racisme et l’antisemitisme et Union des étudiants juifs de France c. Yahoo! Inc. et Société Yahoo! France), Fransa Ali Məhkəməsi tərəfindən baxılmışdır (Tribunal de grande instance), 2000.
  6. High Court of France.