15 fevral 2023-cü il tarixli qərarı ilə Konstitusiya Məhkəməsi bu nəticəyə gəlib ki, Mülki Məcəllənin 551-ci maddəsindəki müddətlər iddia müddəti kimi nəzərə alınmalıdır. Qısaca, həmin müddətlər öhdəlikləri qüvvədən salmır.
Giriş üçün qeyd edim ki, kəsici müddətlər hüququ qüvvədən saldığı halda, iddia müddətləri hüququ qüvvədən salmır, tələbi məcburi icra etdirmək imkanını məhdudlaşdırır. Hüquq qüvvədən düşürsə, deməli onunla bağlı hər hansı nəticə də mümkün ola bilməz. Müqayisə üçün etibarsızlığın mübahisələndirilməsi barədə KM qərarının təhlilinə buradakı yazımdan baxa bilərsiniz.
Müraciətedənin KM qarşısındakı sualının mahiyyəti aşağıdakı kimidir:
- Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəlik anlayışı borclunun vəzifəsi ilə eyni zamanda kreditorun icranı tələb etmək hüququnu ehtiva edir;
- 551-ci maddədəki müddətlər keçdikdən sonra sıralanmış öhdəliklər üzrə tələb hüququ qüvvədən düşür;
- Tələb hüququ aradan qalxdığına görə öhdəliklər də aradan qalxmış olur ki, bu müddətlər kəsici müddət institutuna bənzəyir;
- Amma 551-ci maddədəki “müddətlərin keçməsinin hüquqi nəticələri və bu müddətlərin axımının dayanması və kəsilməsinə dair sonrakı maddələrdəki müddəalar həmin müddətlərin kəsici müddət deyil, iddia müddətləri mahiyyətində olduğunu deməyə əsas verir”.
- Belə olduqda 551-ci maddədəki müddətlər necə tətbiq olunmalıdır?
Maraqlıdır ki, istər Almaniya Mülki Məcəlləsinin, istərsə də Rusiya Mülki Məcəlləsinin (o cümlədən 1990-cı illərin sonundakı mətnin) öhdəliklərin xitamını tənzimləyən hissələrində əksər xitam əsasları oxşar olsa da, müddətin keçməsinə görə xitamı nəzərdə tutan müddəalar yoxdur. Ola bilər hesab edilib ki, ümumi iddia müddətləri müddəaları kifayətdir.
Müraciətə görə xüsusi ziddiyyət ondan ibarətdir ki, “kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər[in qüvvədən düşməsi] üçün Mülki Məcəllənin 551.2.1-ci maddəsində 5 illik müddət nəzərdə tutulduğu halda, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətləri Mülki Məcəllənin 373.3-cü maddəsində 3 il müəyyən edilmişdir”.
Ziddiyyətlər həm də 551-ci maddənin olduğu 5-ci paraqrafdakı maddə başlıqları ilə mətnlər arasında diqqətimi çəkdi. Maddə başlıqlarında “öhdəliyin xitamı” kimi ifadələrdən istifadə edilir, maddələrin mətnində isə “tələbə xitam”, “tələblər qüvvəsini itirir” kimi ifadələrdən istifadə edilir. Əsl çaşqınlıq burda yaranır. Maddə başlıqlarını nəzərə almayıb maddələrdəki qaydaların sadə mənasını tətbiq etsək, bəlkə də, problemi birbaşa həll etmək olar. Amma Konstitusiya Məhkəməsinə aydınlaşdırma üçün müraciət etmək yerində görünür.
Müraciətedənin Mülki Məcəllənin 385-ci maddəsinə istinad etməklə bu kontektsdə tələbi öhdəliyin ayrılmaz elementi kimi nəzərə almasını düzgün hesab etmirəm. Eyni yanaşma ilə iddia müddəti anlayışındakı “tələb etmək hüququna müddət şamil edilir” qaydası əlaqəli öhdəliyi qüvvədən salmış olmalıdır. Yəni sözün sadə mənasında “tələbin qüvvəsini itirməsi” əlaqəli öhdəliyin qüvvəsini itirməsi anlamına gəlməməlidir, amma yenə də KM-nin təhlilini aşağıda nəzərdən keçirək.
Konstitusiya Məhkəməsinin gəldiyi nəticəyə görə 551-ci maddəki müddətlərə iddia müddətləri kimi baxılmalıdır. Əsaslandırma aşağıdakı kimidir:
- 550-ci maddədəki “tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər” ifadəsi “xitam verilir” kimi olmadığına, yəni imperativ qayda olmadığına görə bu müddətlər keçəndən sonra da tələb hüququnun qüvvədə qala bilməsi nəzərdə tutulur.
- Nümunə üçün 554.1-ci maddədəki borclunun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ qeyd edilir. Müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ varsa, deməli öhdəlik qüvvədən düşməyib.
- Başqa bir nümunə kimi 554.2-ci maddəyə baxılır. Həmin maddədə qeyd olunur ki, “müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz”. Yəni öhdəlik qüvvədə olub ki, bu öhdəliyə görə icranı qanun tanıyır. Tələbə görə müddətin keçməsi öhdəliyi qüvvədən salsaydı, qanun borclunun geri qaytarmaq hüququnu tanıyardı.
- Belə bir hüquqi rejim nəzərdə tutulursa, demək öhdəlik həmin müddət keçdikdən sonra mövcudluğunu saxlayır. Yəni sözügedən qaydaların məqsədi öhdəliyə xitam vermək deyil, iddia müddəti institutundakı kimi tələbi realizə etdirmək imkanını məhdudlaşdırmaqdır.
- O da qeyd edilir ki, 551-ci maddədəki müddətlərin axımı, kəsilməsi, dayandırılması qaydaları iddia müddətlərinin müvafiq zaman axımı rejimi ilə eynilik təşkil edir. Qeyd edim ki, belə zaman axımı rejimi kəsici müddətlərə xas deyil.
KM qərarında əlavə olaraq qeyd edir ki, 27-ci fəsildə (Öhdəliklərə xitam verilməsi) nəzərdə tutulmuş digər öhdəliyin xitamı əsasları ilə (məsələn, borcun bağışlanması əsası ilə) xitam baş verdikdə, yerinə yetirilmiş icra geri tələb oluna bilər. Yəni müddətin keçməsindən başqa digər xitam əsasları ilə bağlı qaydalardan görünür ki, əlaqəli öhdəlik artıq mövcud deyil və mövcud olmayan öhdəliklə bağlı icradan da söhbət gedə bilməz. Yekunda həm də qeyd edilir ki, “Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir”.
Bəs qanunverici 27-ci fəslin 5-ci paraqrafını necə təkmilləşdirə bilər? Bəlkə də, düzəlişlərlə 18-ci fəsildəki iddia müddətləri qaydalarına birləşdirməklə.