Təqribən üç il əvvəl Nihat Hüseynov “Süni intellekt patent sahibi kimi tanına bilərmi?” başlıqlı yazısında süni intellekti ixtiraçı kimi tanıtdırma cəhdi barədə məlumat vermişdi:

Dabus adlı süni intellektin özü amerikalı mühəndis Stephen Thaler tərəfindən ixtira olunub. Dabus-un ixtira etdiyi fraktal dizayn istifadə edən qida konteynerinin və ritmlə işarmaq üçün dizayn olunmuş lampanın patentinin alınması üçün müraciət səlahiyyətli qurumlar tərəfindən qəbul edilməyib. Patent ofisləri yeniliklərin yalnız insanlara aid olduğunu bildirdiyi halda, sözügedən professorların fikrincə bu köhnəlmiş bir fikirdir.

Professor Thaler əvvəlcə Cənubi Afrika, daha sonra isə Avstraliya məhkəmələrində məqsədinə nail olur (məhkəmələr normaları daha geniş təfsir edir), lakin Birləşmiş Krallıq, Avropa və ABŞ kimi digər mühüm yurisdiksiyalarda bu alınmır. Bu yaxınlarda ABŞ federal məhkəməsi professoru bir daha məyus edib.

Süni intellektin yaradıcısı ABŞ patent orqanından imtina qərarı aldıqdan sonra məhkəməyə müraciət edib. İlk məhkəmədə iddia təmin edilməyib. ABŞ federal dairə məhkəməsi də onun aşağı instansiya qərarından verdiyi şikayəti qəbul etməyib və patent ofisinin gəldiyi nəticəni düzgün hesab edib. ABŞ patent orqanı 2020-ci ildə bu nəticəyə gəlmişdi ki, müvafiq qanunda ixtiraçı üçün “fərd”, “şəxs” “kim”, “o” kimi insanlara xitab edən ifadələrin işlədilməsi süni intellektin ixtiraçı kimi tanınmaması üçün əsasdır: ixtiraçı yalnız fiziki şəxslər ola bilər. Patent orqanı bu nəticəni əvvəlki məhkəmə qərarları ilə də əsaslandırıb.

Süni intellektin “müdafiəçisi” kimi çıxış edən professor patent hüququndakı bu yanaşmanı düzgün hesab etmir. Görünənə görə onun və tərəfdaşlarının məqsədi həm də ən azından ictimaiyyəti bu barədə yenidən düşünməyə vadar etməkdir. Bu bir tərəfdən haqlı iraddır ki, patent hüququnun məqsədi ixtiraları dəstəkləməkdir və süni intellektin patent sahibi kimi tanınması daha çox ixtiraçı süni intellektlərin düzəldilməsinə şərait yaradacaq.

Lakin indi başqa ölkələrin bu məsələdə Cənubi Afrika və Avstraliyaya qoşulacağı çətin görünür. Hələ süni intellektlər müstəqil fərd kimi görünmür deyə patent hüququnun dəyişməsi üçün deyəsən bu sahənin daha kompleks inkişafını gözləməli olacağıq. Virciniya rayon məhkəməsinin hakiminin sözləri ilə desək:1

Texnologiya təkmilləşdikcə elə bir dövr gələ bilər ki, süni intellekt qəbul olunmuş ixtiraçılıq kriteriyalarını qarşılayacaq mürəkkəblik səviyyəsinə çatsın. Amma həmin dövr hələ gəlib çatmayıb və əgər gələrsə, patent hüququnun çərçivəsini genişləndirmək işi, ümumiyyətlə bunu istəsə, [qanunvericiyə] düşəcək.

İstinadlar və izahlar

  1. “As technology evolves, there may come a time when artificial intelligence reaches a level of sophistication such that it might satisfy accepted meanings of inventorship. But that time has not yet arrived, and, if it does, it will be up to Congress to decide how, if at all, it wants to expand the scope of patent law.” Thaler v. Hirshfeld, 558 F. Supp. 3d 238, 249 (E.D. Va. 2021)