Sahibkarlığın korporativ formatları içində ən geniş istifadə olunan təşkilati-hüquqi forma “Məhdud Məsuliyyətli Cəmiyyət”dir. MMC-nin əsasında ortaqlıq konsepsiyası durduğudan onun idarəetməsi daha sərbəstdır. Yerli korprorativ qanunvericiliyimizdə də MMCni digər formalar ilə müqayisə etdikdə, görürük ki, MMC-də bir sıra vacib idarəetmə məsələlərin müəyyən edilməsini təsisçilərin/iştirakçıların üzərinə qoyulubdur və onlar həmin məsələləri MMC-nin nizamnaməsində yazmalıdırlar.
Bununla yanaşı, qanunvericilikdə bir sıra məqamlar var ki, hansıları MMC-dən daha effektiv istifadə etməyə imkan vermir. Aşağıdakı məqalədə, müəllif həmin məqamlar barədə yazır və onları həlli yollarını təklif edir.
Bu məqalə ilk dəfə Bakı Hüquq Jurnalının N3,2013 buraxılışında çap edilmişdir.
BAZARA DAHA “AZAD”
MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT LAZIMDIR
Azərbaycanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin ən geniş yayılmış təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətlərdir (bundan sonra – MMC). Lakin bununla yanaşı, Mülki Məcəllənin MMC-yə aid normaları təkmilləşdirilmır.
Mülki-hüquq doktrinasında MMC və səhmdar cəmiyyətlər (SC) ənənəvi olaraq korporasiyalara aid edilmələrinə (eyni mənşə əlamətlərinə malik olduğundan) baxmayaraq, müasir Azərbaycan qanunvericiliyində bu korporativ təşkilatlar biri-birinə qarşı qoyulubdur.
Bu əsasən, “çıxış hüququnda” öz əksini tapmışdır: MMC-nin iştirakçısı nizamnamə kapitalındakı payını cəmiyyətin özünə təhvil verməklə öz iştirakına xitam verə bilər, cəmiyyət isə öz növbəsində, ona payın həqiqi dəyərini ödəməyə borcludur.
Bu norma biznes iştirakçıların və kreditorların maraqlarına mənfi təsir göstərə bilər. MMC-dən məhdudiyyətsiz “çıxış hüququ” cəmiyyətin iştirakçılarını hərdən “çıxmağa” vadar edərək zəncirvari reaksiyaya təhrik edir və əvvəl normal fəaliyyət göstərən hüquqi şəxsin yerində yalnız korporativ “boşluq” qalmış olur.
Həmçinin öz iştirakçıları arasında bağlılığı və koordinasiyanı itirərək, MMC etibarlı kontragent kimi cəhətlərini itirmiş olur və sözsüz ki, mövcud kreditorlara zərərverici təsir göstərir.
Mövcud “çıxış hüququ” həmçinin MMC-ni bir neçə şəxs tərəfindən birgə biznes fəaliyyətin yaradılması üçün uğursuz alətə çevirir. Belə ki, MMC yaradaraq birgə biznes-layihəsini həyata keçirən iş adamlarının razılaşmalarını “çıxış hüququ” konstruksiyası hər an məhv edə bilər. Çünki, həmin şəxslərdən biri (iştirakçı) MMC-dən çıxmaq istədikdə, digər iştirkaçılar ona qanuni şəkildə mane ola bilməzlər. Nəticədə çıxan şəxs, nəinki əvvəl razılaşdırılmış biznes-layihədən çıxmaq, eləcə də cəmiyyətin mülkiyyətinin öz payına müvafiq hissəsini götürmək hüququna malikdir. Müəyyən hallarda bizmesmenlərə yerli MMC-nin bu xüsisiyyətini izah etdikdən sonra, onlar məlum səbəblərə görə birgə biznes fəaliyyətləri üçün yerli korporativ formadan istifadə etməkdən çəkinirlər və digər risklərlə müşayiət olunan xarici yurisdiksiyalara üstünlük verirlər.
Zənnimizcə “çıxış hüququn” ləğv olunması MMC-lərin mümkün qanunvericilik islahatının başlanğıc nöqtəsi ola bilər. Hazırda MMC-dən çıxış hüququ “aktiv vəziyyətdədir”, yəni iştirakçı istənilən an çıxa bilər[1]. Eyni zamanda əmlakın dəyərinin ödənilməsi ilə nəticələn çıxışı məhdudlaşdıran müddəalar MMC-nin nizamnaməsində əks oluna bilər. Hesab edirik ki, belə yarımçıq yanaşma MMC iştirakçılarının çıxış hüququnun məhdudlaşdırılmasına deyil, həmin çıxış anı mümkün hesablaşmaların formasının məhdudlaşdırılmasına yönəlib[2].
MMC-dən azad çıxışı qadağan edən normanın müəyyən ediməsi, lakin eyni zamanda iştirakçılara öz aralarındakı razılaşma ilə çıxış hüququnu müəyyən etmək hüququ verilməsi daha məqsədəuyğun hesab olunur.
Dispozitiv normalar təşkil etdikdə, qanunverici dövriyyə iştirakçıların birgə rifahına yönəlmiş iqdisadi baxımdan daha effektiv hüquqi həllər təklif etmiş olur.
MMC-dən çıxış hüququnu məhdudlaşdırmaqla, bir tərəfdən, biznes iştirkaçılara öz korporativ münasibətlərini tənzimlənməsi üçün daha azad mühit yaranacaq[3] və müxtəlif və fərqli hallara eyni (şablon) yanaşma təqdim edən norma aradan qalxacaq, digər tərəfdən isə, dövriyyə iştirakçılarına korporativ təşkilat daxilində müstəqil şəkildə qarşılıqlı münasibətlər qurmaq, o cümlədən, ehtiyac olarsa, MMC-dən çıxış hüququ vermək imkanı təmin olunacaq.
Hüqunun iqtisadi analizi sahəsində tədqiqatlar göstərir ki, dövriyyə iştirakçıları əksər hallarda hətta dispozitiv norma ilə ifadə olunsa belə, qanunvericilikdə olan hüquq modelini istifadə etməyə üstünlük verirlər, və yalnız az qismi bu normanın təqdim etdiyi digər üsullardan istifadə edirlər.[4]
Bu səbəbdən, MMC-dən çıxış hüququnu (müəyyən formada) məhdudlaşdırmağa (istisna etməyə) imkan verən göstəriş, mövcud vəziyyətə olduqca cüzi təsir edir.
Müəyyən hallarda, MMC-dən çıxışa məhdudiyyətlərin qoyulmasına baxmayaraq, imperativ yanaşma elementlərini saxlamaq lazımdır. Məsələn, konkret MMC-nin nizamnaməsində yazılanlardan asılı olmayaraq, iştirakçının çıxış hüququnun reallaşdırmaq imkanı yaradan iki halı müəyyənləşdirmək olar: 1) iştirakçı cəmiyyətdən çıxmaq haqqında iradəsini bildirsə, lakin nizamnamədə payın üçünçü şəxsə özgəninkiləşdirilməsi haqqında qadağa olduqda və digər iştirakçılar payın alınmasından imtina etdikdə; 2) nizamnaməyə əsasən, razılıq əldə olunması tələb olunduqda payın (payın hissəsinin) üçüncü şəxsə satışı üçün razılıq əldə olunmayıbsa.
Həmçinin, xüsusi əhəmiyyətli əqdin, aidiyyəti şəxs ilə əqdin təsdiqi və ya nizamnamə kapitalının iştirakçıların əlavə mayası hesabına artırmaq barədə qərarlar qəbul edildiyi zaman, bu məsələlərin əlehinə səs verən iştirakçının öz çıxış hüququndan isitfadə etmək imkanını verən normanı Mülki Məcəlləyə daxil etmək lazımdır. Nizamnamə kapitalının artırılması haqqında qərar iştirakçıların sadə səs çoxluğu ilə qəbul olunduğundan, bu halda bir iştirakçılarının payının digərlərinin xeyrinə “azaldılması” imkanı var.
Çıxış hüququnu tənzimləyən norma, payın “yuyulması” səbəbindən korporativ nəzarəti itirmə riskinə məruz qaldıqda, və ya boyük əqd imzaladığından öz likvid əmlakından və ya onun əhəmiyyətli hissəsindən məhrum ola biləcəyi halda narazı iştirakçıların MMC-dən çıxmalarını təmin etməklə daha sərt formalaşdırılmalıdır. Digər hallarda, iştirakçılara öz iradələrinə uyğun razılığa gəlmək üçün geniş sərbəstlik verilməlidir.
Təsis müqaviləsi və nizamnamə.
Qanunvericilikdə MMC-nin təsisi zamanı təsisçilər arasında bağlanan müqavilənin taleyinin qeyri-müəyyənliyi, cəmiyyətin idarə edilməsi ilə bağlı bir sıra məsələləri açıq saxlayır, yəni, həmin müqavilənin hansı mərhələyə qədər etibarlı olduğu Mülki Məcəllənin normalarından aydın deyil.
O, təsisçilərin münasibətlərini yalnız cəmiyyətin qeydiyyatına qədər nizamlayır (bununla da beynəlxalq təcrübədə istifadə olunan «subscription agreement»-ə bənzəyən müqavilə funksiyasını daşıyır), yoxsa müqavilə MMC-nin fəaliyyəti dövründə etibarlıdır (bununla da beynəlxalq təcrübədə istifadə olunan «shareholders agreement»-in analoqu kimi çıxış edir)?
Hansı sənəd iştirakçılar arasında konflikt zamanı üstünlüyə malik olmasıda aydın deyil.
Əgər cəmiyyət yaradılarkən iştirakçılar arasında təsis müqaviləsi bağlanırsa, nizamnamə isə təsisçilər tərəfindən yekdilliklə təsdiq edilirsə (MM 87.6 maddə), onda sonradan təsis müqaviləsinə dəyişikliklər (əlavələr) cəmiyyətin bütün iştirakçıları tərəfindən yekdilliklə edilir, çünki təsis müqaviləsinə əqdlər barədə ümumi müddəalar tətbiq edilir, nizamnaməyə isə dəyişikliklər və əlavələr iştirakçıların sadə səs çoxluğu ilə edilir (yekdillik tələb edilən hallar istisna olmaqla). Beləliklə, nizamnamənin bəzi müddəalarını dəyişdirmək üçün ixtisaslı səs çoxluğu kifayətdir, lakin təsis müqaviləsi üçün bütün iştirakçıların yekdilliyi zəruridir.
Hesab edilir ki, sənədlər arasında konflikti ilk baxışdan aradan qaldıran MM-nin 47.1-ci maddəsidir. Lakin o, nəinki təzadları aradan qaldırmır, əksinə nizamnaməyə və təsis müqaviləsinə dəyişikliklərin edilməsi prosesi fərqləndirildiyindən, növbəti kolliziyaya səbəb oldu. Bir tərəfdən qanun nizamnaməni təsis sənədi adlandıraraq, onu təsis müqaviləsi üzərində üstünlüyünü dolayısı qeyd edir, digər tərəfdən isə – nizamnaməyə dəyişikliklər edilməsi üçün sadə səs çoxluğu, təsis müqaviləsinə dəyişikliklər edilməsi üçün bütün iştirakçıların yekdiliyini tələb edir[5].
Məcəllənin 87.6-cı maddəsinə əsasən, nizamnamə ilk dəfə bütün təsisçilər tərəfindən yekdilliklə təsdiqlənir, bununla da yekdil həyata keçirilən digər əqdlərə bənzəyir.[6]Bununla hesab etmək olar ki, nizamnamə bir növ təsisçilərin çoxtərəfli əqdidir. Sonradan MMC-nin nizamnaməsi ümumi qaydaya iştirakçıların sadə səs çoxluğu ilə dəyişdirilə bilər[7]. Bununla nizamnamə yekdilliklə deyil çoxluq prinsipi ilə dəyişdirilən çoxtərəfli əqd forması hesab etmək olar.
İştirakçılar həmçinin nizamnamənin dəyişdirilməsi üçün bütün iştirakçıların yekdil razılığını tələb edən halları müəyyənləşdirə bilərlər.
MMC-nin nizamnaməsi, təsisçilərinin və ya sonrakı iştirakçıların razılaşmalarının əksetdirmə formalarından biri olaraq, o yerdə xüsusi əhəmiyyət əldə edir ki, orada onlar MMC-nin fəaliyyətinə dair önəmli məsələlər üzrə qanunun dispozitiv normalarından fərqli bir halı nəzərdə tuturlar və ya qanunla birbaşa tənzimlənməyən halları təsvir edirlər. Lakin bəzi hallarda kommersiya dövriyyəsinin iştirakçıları öz biznes razılamşmalarının konfidensiallığınl qorumaq niyyətində ola bilərlər.
Beləliklə, belə razılaşmaların əksetdirilməsi üçün nizamnamədən istifadə edilməsi yalnız o məsələlərlə məhdudlaşır ki, hansılarının üçüncü şəxslərə açıqlanması qanunvericilik tərəfdən zəruri hesab edilir.
Məsələn, əgər iştirakçılar direktorun əqd bağlamaq üzrə səlahiyyətlərinin məhdudlaşdırılması barədə razılığa gəliblərsə, onda bütün üçüncü şəxslər bu cür məhdudiyyətlər barədə cımiyyətin nizamnaməsindən məlumat ala bilməlidirlər.
Bir halda ki, MMC-nin nizamnaməsi, üçüncü şəxslərə açıq olan “ictimai” sənəddir və cəmiyyətin özü isə buna baxmayaraq, daha çox müqavilə elementi olan korporativ təşkilatdır, onda təsis müqaviləsi kimi alətdən imtina etməklə, qanunverici dövriyyə iştirakçılarına helə bir vasitə təklif etməlidir ki, zəruri olan yerdə iştirakçılar razılaşmalarını hüquqi formaya sala bilsinlər. Lakin eyni zamanda, bu cür razılaşmalar sırf öhdəlik hüququ sahəsində qalmalı deyil və cəmiyyətin daxili strukturuna “təsirə” malik olmalıdır.
Hesab edirik ki, bu növ razılaşmaların korporativ struktura toxunmayan sırf öhdəlik hüququ baxımdan müqavilə kimi qiymətləndirilməsi, yani adətən maliyyə xarakterli öhdəliklər üzərində duran (nəyisə etmədi, və ya əksinə, etməməli olduğu halda etdisə, təzminat ödəsin) mövqe, bu razılaşmaların praktiki əhəmiyyətliyini itirik.
Cəmiyyətin iştirakçılarının razılaşmaları cəmiyyətin özü üçün əhəmiyyətli olaraq təsir imkanına malik olmaldırlar, əks halda onların korporativ qanunvericilik səviyyəsində hər hansı hüquqi tənzimlənməsinə ehtiyac olmazdır və müqavilə hüququnun ümumi müddəaları ilə kifayətlənmək olardı.
Göstərilən məsələləri müəyyən formada MM 89-cu maddəsinin köməyi ilə həll etmək olar. Bununla cəmiyyətin iştirakçısı nizamnamədə statut hüquqları ilə yanaşı digər (əlavə) hüquqları da nəzərdə tuta bilər. Lakin bu imkan (əlavə hüquqlar instutu) müasir biznes iştirakçıların korporativ maraqlar və tələblərinə cavab vermədiyindən təcrübədə geniş istifadə olunmur.
Hesab edirik ki, bu institutun geniş tədbiqinin qarşısında duran amillər ilk növbədə “açıqlıq”[8] və cəmiyyətin idarəedilməsi ilə bağlı iki və çox iştirakçının müəyyən hərəkət və ya hərəkətsizliyi razılaşdırmaq imkanının olmamasıdır[9]. Əlbəttə, iştirakçılar müqavilə hüququnun təklif etdyi üsullarda istifadə edərək qeyd edilən məsələlərlə yanaşı digər zəruri hesab etdikləri şərtləri fərdi müqavilə ilə öz aralarında razılaşdıra bilərlər. Lakin bu razılaşmanın cəmiyyətə hər hansı təsir qüvvəsinə malik olub olmaması məlum deyil və razılaşma ilə üzərinə düşən öhdəliyin icra edilməməsi nəticəsində məhkəmə məcburi icra və digər zəruri alətlərdən istifadə edib-etməməyi qaranlıq qalır.
Hazırki korporativ qanunvericiliyin əhəmiyyətli hissəsi imperativ xarakter daşıdığından, bu müqavilənin bütün və ya ayrı-ayrı iştirakçıları tərəfindən müəyyən fəaliyyətin həyata keçirilməsi və ya onları etməkdən çəkinməyi nəzərdə tutan, (məsələn, ümumi yığıncağında səsvermə və ya nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı) şərtlər hazırkı qanunvericiliyin imperativ müddəaları ilə nə dərəcədə uyğun olması sual doğurur. Müvafiq məhkəmə təcrübəsi olmadığından və hüquq tədbiqetmə təcrübəsində imperativ normaları müqavilə azadlığı və pacta sunt servanda[10] prinsiplərindən üstün tutulduğundan, mövcud imkanların istifadəsi biznes iştirakçılar üçün böyük risklərlə əlaqəli olur.
Hesab edirik ki, bu boşluğu aradan qaldırmaq üçün, beynəlxalq təcrübə və xarici ölkələrin hüquq təcrübəsindən faydalanaraq[11], yerli qanunverici təsis sənədi olmayan, lakin cəmiyyətin fəaliyyət göstərdiyi mərhələdə iştirakçılar arasında qarşılıqlı münasibətləri tənzimləyən xüsusi razılaşma formasını korporativ qanunvericiliyə əlavə etməlidir. Bu müqavilənin tərkibində öz hüquqlarını müqavilədə nəzərdə tutulan şəkildə həyata keçirməyə və (və ya) MMC iştiraçısının göstərilən hüquqlarının həyata keçirilməsindən çəkindirməyə imkan verən şərtlər ola bilər, məsələn, ümumi yığıncaqda müəyyən şəkildə səs vermək; öncədən və ya ümumi yığıncağın gedişatında səsvermə variantını digər iştirakçılarla razılaşdırmaq; nizamnamə kapitalındakı payı (payın hissəsini) həmin müqavilədə müəyyən olunmuş qiymətə və (və ya) müəyyən olunmuş hallar baş verdikdə satmaq, və ya müəyyən olunmuş hallar baş verənədək payın (payın bir hissəsinin) özgəninkiləşdirilməsindən çəkinmək, eləcə də razılaşdırılmış şəkildə cəmiyyətin idarəetməsi, onun yaranması, fəaliyyəti, yenidən təşkili və ləğv olunması ilə bağlı digər fəaliyyəti həyata keçirmək.
İştirakçılar müqaviləsı (səhdarlar razılaşmasının analoqu) – təsisçilər və ya iştirakçılar arasında MMC-də üzvlük münasibətləri ilə bağlı ortaya çıxan hüquqların həyata keçirilməsinə dair bağlanan müqavilədir. Bu müqavilə yalnız cəmiyyət iştirakçılarını bağlayır və üzvlük münasibətlərinin əsas rejimi ilə yanaşı xüsusi mülki-hüquqi tənzimləmə mexanizmi hesab edilir. Beləliklə, əgər iştirakçılar belə müqavilədə öz aralarında nəyisə şərtləndiriblərsə, onda onun müddəaları hüquqi cəhətdən etibarlı və məhkəmə tərəfindən müdafiə olunmalıdır.
Aydındir ki əgər tərəfələr MMC-də iştirakla bağlı öz aralarında hər hansı razılığa gəliblərsə, bu hal müəyyən şəkildə MMC-nin və onun daxili korporativ strukturunda öz əksini tapacaq. Beləliklə, cəmiyyət üçün bu razılaşmaların məcburik problemi də ayrıca diqqət tələb edir.
Call option/Put option
İştirakçılarının fərdi tərkibini qorumaq üçün qanunvericilikdə əks olunan minimal hüquqi zəmanət kimi MMC-də qalan iştirakçıların üçüncü tərəfə satış üçün təklif edilən payın (payın hissəsinin) əldə olunmasında üstünlük hüququ çıxış edir.[12] Üstünlük hüququ MMC-nin iştirakçılarının öz şəxsi heyətlərinin qorunması üzrə maraqlarını təmin edən minimal hüquqi zəmanət rolunda çıxış edir.
Payın (payın hissəsinin) üçüncü şəxsə təklif olunan qiymətlə və şərtlərlə əldə edilməsinə üstünlük hüququ ilə yanaşı, hesab edirik ki, qanunvericiliyə bir sıra liberal normalar əlavə edilərək aşağıdakı şərtlərdən istifadə imkan yaradılması məqsədəuyğundur:
- satılan payı üçüncü şəxsə təklif olunan qiymətlə və şərtlərlə deyil, öncədən tərəflər arasında, pul ilə ifadə olunan və ya hesablanma yolu ilə müəyyən edilən qiymətə satınalma imkanı. Bu konstruksiya xarici korporativ hüquqda “call option”[13] kimi tanınır.
- müvafiq üstünlük hüququ iştirakçılar tərəfindən tam şəkildə həyata keçirilmədiyi halda cəmiyyətin özü tərəfindən payın (payın hissəsinin) öncədən müəyyən edilən qiymətə satın almaq imkanı.
- iştirakçılar tərəfindən payın (payın hissəsinin) üçüncü şəxsə təklif olunan qiymətə və ya öncədən müyyən olunmuş qiymətə satılan payın müəyyən hissənin satın almaq hüququ. Bununla iştirakçılar və ya cəmiyyət satış üçün təklif olunan ümumi paydan müəyyən hissəsini əldə edərək onu nəzarət səlahiyyətlərindən məhrum edə bilərlər. (Məsələn, əgər 51% paydan bu hüququn icrası ilə 2% ayrılsa, yerdə qalan 49% “nəzarət premium”[14]-dan məhrum olacaq);
Payın alınamsına üstünlük hüquqü, MMC-nin bir qapalı korporasiya kimi xüsusi xarakterini təmin etməyə yönəlmiş hüquqi alətdir. Lakin üstünlük hüququnun konstruksiyasına dair tövsiyyə olunan yeniliklərlə yanaşı, üstünlük hüquqlarının həyata keçirilməsi barədə müddəaların təkmilləşdirilməsi də əhəmiyyətlidir.
Həmçinin, qanunvericilikdə satış barədə bildirişin hüquqi mahiyyətinə aydınlıq qətirmək lazımdır, qanunvericilik səviyyəsində həmin bildirişi oferta ilə eyniləşdirmək zəruridir. Hazırki durumda, satıcı tərəfindən göndərilən bildiriş yalnız məlumat xarakteri daşıyır və məcburi sənəd qüvvəsinə malik deyil. Beləki, satıcı bildirişin şərtlərinə zidd olaraq payı kənar şəxsə özgəninkiləşdirə bilər və bildirişin təqdim edilməsinə baxmayaraq payı həmin şərtlərlə satmaqdan imtina edə bilər. Bildiyiniz kimi, oferta, ünvan sahibinin onu aldığı andan onu oferentə bağlı edir və onun geri götürülməsi şərtləri qanunvericilikdə konkret müəyyən olunub[15].
Əgər ofertanın özündə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud təklifin mahiyyətindən və ya verildiyi şəraitdən ayrı qayda irəli gəlmirsə, aksept üçün müəyyənləşdirilmiş müddət ərzində oferent ofertanı geri götürə bilməz. (MM maddə 408).
Hesab edirik ki, Mülki Məcəllədə MMC-nin payının keçməsini tənzimləyən hissəyə, payı satmaq niyyəti barədə bildirişin oferta hesab edilməsi haqqında norma əlavə etmək və eyni zamanda bütün iştirakçılarının razılığı ilə ofertanı geri götürülmə imkanını müəyyən etmək məqsədəuyğundur.
MMC-nin spesifikasını nəzərə alaraq, müxtəlif hüquq istitutları vasitəsilə cəmiyyətlərin qapalılıq xarakterini ardıcıl olaraq təmin etməlidir. Bunun üçün ilk növbədə, kommersiya dövriyyəsi iştirakçıları tərəfindən MMC-nin müəyyən şəxsi heyətini qorumaq üçün və bununla qapalı xarakterini təmin etmək üçün istifadə oluna bilən vasitələri artırmaq lazımdır. Həmçinin, üstünlük hüququndan istifadə mexanizmləri sərtləşdirərək, çıxan iştraklardan çox cəmiyyətdə qalan iştirakçıların maraqlarının və hüquqların qorunmasına üstünlük vermək lazımdır.
Paylarla bağlı əqdlər
Təcrübədə MMC-nin nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı olan əqdlər notarial qaydada təstiqlənir[16] və iştirakçıların paylarının nizamnamə kapitalındakı uçotu, iştirakçılar arasında payların bölgüsünü dəqiq göstərilməklə, cəmiyyətin nizamnaməsində əks olunur. İştirakçılar arasında payların nisbətində istənilən dəyişikliklər, nizamnaməyə dəyişikliklərin edilməsini tələb edir.
Nizamnamə kaptalındakı paylara dair ədlərin həyata keçirilməsi qaydalarının təkmilləşdirilməsi məqsədi ilə aşağıdakı məqamlar nəzərdən keçirmək olar:
- MMC-nin nizamnamə kapitalındakı paylar üzrə əqdlərin notarial qaydada təsdiq edilməsini müəyyən edən norma əlavə edilməlidir. Lakin, payın cəmiyyətə satılması[17] halı və iştirakçının cəmiyyətdən çıxması halları istisna etmək məqsədə uyğundur;
- payın özgəninkiləşdirilməsinə dair əqdi təsdiqləyən notarius yalnız şəxsin sərəncam vermək səlahiyyətini yoxlamalı. Lakin, notarius şəxsin öz paylarının özğəninkiləşirmə hüquqlarına dair (nizamnamədə, təsisçilər arasında müqavilədə göstərilən) məhududiyyətlərə riayət olunmasını yoxlamalı deyil. Bu məhdudiyyətlərə riayət eidlməsinə görə məsuliyyəti yalnız iştirakçı özü daşımalıdır və notarius bu məsələlərə qarışmamalıdır.
- Bağlanmış əqdə əsasən özgəninkiləşdirilən pay, əqd notarial təsdiqindən sonra sahibinə keçmiş sayılır. Bu zaman iştirakçının sırf (fərdi) şəxsi xarakter daşıyan hüquq və öhdəlikləri istisna olmaqla, paydan irəli gələn bütün hüquq və öhdəlikləri də keçmiş sayılır.
İştrakçıların Ümumi yığıncağı (bundan sonra ÜY) , Direktorlar şurası (bundan sonra DŞ) və MMC-nin icra orqanının səlahiyyətlərinin bölüşdürülməsi məsələsində qanunvericilik çevik deyil.
Hesab edirik, ÜY-nin müstəsna səlahiyyətlərinə aid edilən məsələlərə dair qanunvericiliyin göstərişlərini çıxarmaq olar. Bununla da ÜY-ın səlahiyyətlərini təşkil edən məsələlərin siyahısı adətən ÜY səlahiyyətinə aid olan vacib məsələləri əhatə etmiş olacaq.
Təbiyyətinə görə səlahiyyətlərin bəziləri həqiqətən də müstəsna xarakter daşıyır və bu səbəbdəndə cəmiyyətin heç bir orqanı tərəfindən həll oluna bilməz. Məsələn, yalnız iştirakçılar cəmiyyətin yenidən təşkili və ləğv edilməsi, onun nizamnamə kapitalının artırılması qərarını qəbul edə bilər.
Eyni zamanda iştirakçıların MMC-nin biznes fəaliyyətində nə qədər aktiv olmasından irəli gələrək, cəmiyyətin icra orqanlarının təşkili və tənzimləmə məsələləri nizamnamə ilə ÜY və ya DŞ-nın səlahiyyətlərinə aid edilə bilər.
Təklif olunan dəyişikliklər vasitəsi ilə iştirakçılar korporativ hüquq sahəsində öz şəxsi hüquqi münasibətlərini tənzimləmələri üçün geniş hüquqi imkanlara malik ola bilərlər.
Əsasən imperativ normalar əsasında qurulan yerli korporativ hüquq, MMC-yə aid olan hissədə müqavilə azadlığı prinsipinin (daha dəqiq “korporativ” müqavilə azadlığı) mərkəz nöqtəsi ola bilər. Başqa sözlə, korporativ hüquq normalarını liberallaşdıraraq daha çox dispozitiv normalardan təşkil olunmasını tənim olunmalıdır. Qanunun norması yalnız istiqamət verməlidir və əgər müqavilədə zəif tərəfin müdafiəsi üçün heç bir ciddi siyasi-hüquqi mülahizələr yoxdursa, istənilən norma “digər qaydalara” yol verməlidir.
——————————————————————————————————
[1] Mülki Məcəllə, maddə 95.
[2] Mülki Məcəllə, maddə 96.1.
[3] MMC-nin “qapalı” xüsusiyyətini nəzərə alaraq, iştirakçılar üçün daha azad müqavilə konstruksiyalardan istifadə imkanını verilməsini düzgün hesab olunur.
[4] Libertarian Paternalism in not an Oxymoron. 70 U.Chi. L. Rev. 1159 (2003) Sustein. C.R. and Thaler R.H.; О понятии de facto «императивных» норм.Хозяйство и право 2008. N2.
[5] təsis müqaviləsi mahiyyətcə əqddir (iki və ya çoxtərəfli) və müvafiq olaraq, dəyişiklik etmək üçün müqavilənin bütün tərəflərinin razılığı tələb olunur.
[6] MM maddə 324.4.
[7] İştirakçılar bu qərarın qəbul edilməsi üçün nizamnamədə şərtləşdirilmiş səs çoxluğunu müəyyən edə bilərlər.
[8] Əlavə hüquqlar nizamnamədə əks olunur, nizamnamə isə açıq sənəd olduğundan istənilən şəxs maraqlandığı məlumatı əldə edə bilər. Həmçinin 89-cu maddənin təklif etdiyi “əlavə hüquqlar” yalnız müəyyən məsələr üzrə əlavə şərtləri müəyyən etməyə imkan verir.
[9] Müasir biznes mühitində, korporativ münasibətlərin iştirakçıları cəmiyyətin fəaliyyəti ilə bağlı “ümumi” razılaşma hesab olunan nizamnamə ilə yanaşı, öz aralarında “fərdi” müqavilələrin bağlanmasına ehtiyac duyurlar. Məsələn, az paya malik olan iki iştirakçı müəyyən məsələlərdə birgə və ya birinin təklif etdiyi qaydada səs verməyi razılaşdırmaq arzusunda ola bilərlər və ya cəmiyyətə daxil olan strateji iştirakçı kiçik paya malik olmaqla yanaşı müəyyən məsələləri onun razılığı ilə həll edilməsini razılaşdırmaq istəyində ola bilər.
[10] Latın dilindən tərcümədə “Müqaviləyə riayyət olunmalıdır”.
[11] Bəzi MDB ölkələri artıq bu sahədə çox irəli gedərək öz kommersiya qanunvericiliklərində əhəmiyyətli islahatlar aparıblar.
[12] MM maddə 93.3.
[13] ABŞ müqavilə hüquq təcrübəsində “call option” konstruksiyası əsasən “option contracts” institutunun təsiri ilə formalaşıb. “Option contract” mahiyyətcə geri cağrılabilməyən ofertadır.
[14] Xarici korporativ hüquqda “control premium” kimi tanınır.
[15] Mülki Məcəllə 408.3. maddə
[16] Baxmayaraq ki, qanunvericilikdə əqdin notaril qaydad təsdiq edilməsini tələb edən konkret norma yoxdur. Bir sıra hüquqşünaslar “notarial təstiqi” Mülki Məcəllənin bir sıra normalara istinad edərək əsaslandırmağa çalışırlar. Lakin, hesab edirik ki, bu barədə normanı aydın qanunvericilikdə göstərilməsi daha məqsədəuyğun olardı.
[17] İştirakçılar üstünlük hüququndan istifadə etmədikdə və payın kənar şəxsə özgəninkiləşdirməsini qadağan edən şərt müəyyən edildikdə, cəmiyyət satılan payı əldə etməlidir (MM maddə 93.4.)
