2019-cu ildə ABŞ Ali Məhkəməsi (“Ali Məhkəmə”) Budha Ismail Jam və digərləri Beynəlxalq Maliyyə Korporasiyasına (“BMK”) qarşı işində beynəlxalq təşkilatların toxunulmazlığı ilə bağlı əvvəllər qəbul edilmiş qərarlardan fərqlənən və hüquq dünyasının beynəlxalq təşkilatların toxunulmazlığı məsələsinə qarşı yanaşmasını dəyişdirən qərar qəbul etmişdir. Bu yazıda həmin məhkəmə qərarı əsasında işin hallarından, ABŞ-da beynəlxalq təşkilatların və xarici dövlətlərin toxunulmazlığına yanaşmaların tarixindən və Ali Məhkəmənin hüquqi əsaslandırmalarından bəhs olunur. Bloqdakı növbəti yazılarımızda isə qərarın gələcəkdə hansı təsirlərə malik ola biləcəyi və digər məsələlər ilə bağlı müxtəlif müəlliflər tərəfindən edilmiş təhlillərə  yer ayırmağa çalışacağıq.

A. İşin halları.

BMK Vaşinqtonda yerləşən beynəlxalq inkişaf bankıdır. BMK üzv dövlətlərdə, xüsusilə də daha az inkişaf etmiş ərazilərdə özəl müəssisələrin böyüməsini dəstəkləməklə Dünya Bankının fəaliyyətlərinə dəstək olur. Dünya Bankı əsasən dövlət sektoruna aid olan layihələrə kreditlər və qrantlar təmin etdiyi halda, BMK özəl sektora aid olan inkişaf layihələrini maliyyələşdirir.

BMK 2008-ci ildə Qücəratda elektrik stansiyasının tikilməsi üçün Hindistanda yerləşən Coastal Gujarat Power Limited şirkətinə (“Şirkət”) 450 milyon ABŞ dolları məbləğində kredit verir. BMK kredit alanların inkişaf layihələri ilə bağlı risklərdən və təsirlərdən yayınmaq, onları minimallaşdırmaq və idarə etmək üçün hazırlanmış icra standartlarına əməl etməsini nəzarətdə saxlayır. BMK bu standartları kredit müqavilələrinə daxil edir və onları daxili nəzarət proseduru ilə icra edir. Şirkətlə bağlanan kredit müqaviləsinə əsasən də, Şirkətdən elektrik stansiyası ətrafındakı əraziləri zərərdən qorumaq üçün hazırlanmış ətraf-mühit və sosial fəaliyyət planına riayət etməsi tələb olunurdu.

Lakin layihə istənilən kimi getmir. BMK-nın daxili auditinə əsasən, Şirkət stansiyanın tikintisi və işlədilməsi zamanı ətraf-mühit və sosial fəaliyyət planına əməl etməmişdi. Audit hesabatı BMK-nı layihəyə qeyri-adekvat şəkildə nəzarət etdiyi üçün tənqid edirdi.

2015-ci ildə bir qrup fermer və balıqçılar, həmçinin yerli kəndlilər ABŞ-ın Kolumbiya Mahal Məhkəməsində (“Mahal Məhkəməsi”) BMK-ya qarşı iddia qaldırırlar. Onlar iddia edirlər ki, stansiyadan yaranan çirklənmə ətrafdakı hava, su və torpağın böyük hissəsini məhv etmiş və çirkləndirmişdir. Onlar audit hesabatına əsaslanaraq ehtiyatsızlıq, ictimai narahatlıq, mülkiyyətə icazəsiz daxil olma və müqavilənin pozulması kimi faktları irəli sürürlər.

BMK Beynəlxalq Təşkilatların Toxunulmazlığı Aktına (“BTTA”) əsasən məhkəmə icraatına qarşı toxunulmaz olduğunu qeyd edərək yurisdiksiyanın olmamasına görə işə baxılmamasını tələb edir. Qeyd edək ki, BTTA xarici dövlətlərin malik olduğu məhkəmə icraatına qarşı toxunulmazlıq rejimini beynəlxalq təşkilatlar üçün də müəyyən edir.1 Mahal Məhkəməsi Kolumbiya Mahal Apellyasiya Məhkəməsinin (“Apellyasiya Məhkəməsi”) presedentini tətbiq edərək qərara gəlir ki, BMK-nın məhkəmə icraatına qarşı toxunulmazlığı vardır. Çünki BTTA beynəlxalq təşkilatlara BTTA qəbul olunarkən xarici dövlətlərin malik olduğu demək olar ki mütləq toxunulmazlığı verir. Apellyasiya Məhkəməsi qərarı təsdiqləyir.

İşdəki əsas məsələ BTTA-da nəzərdə tutulan toxunulmazlıq standartı əsasında BMK-nın toxunulmazlığının təfsiri ilə bağlıdır:

  1. Toxunulmazlıq BTTA qəbul olunarkən dövlətlərin sahib olduğu, demək olar ki, mütləq toxunulmazlıqla eyniləşdirilməlidirmi, yoxsa
  2. BTTA toxunulmazlıq standartı bu gün mövcud olan məhdudlaşdırıcı toxunulmazlıq standartına istinad edilərəkmi təfsir edilməlidir?2

Və yaxud Ali Məhkəmənin dili ilə desək, “bu iş bizdən BTTA-nın beynəlxalq təşkilatlara BTTA qəbul olunarkən xarici dövlətlərin sahib olduğu, demək olar ki, mütləq toxunulmazlığımı, yoxsa onların (xarici dövlətlərin) bu gün sahib olduğu daha məhdud toxunulmazlığımı verdiyini müəyyən etməyi tələb edir”.

Bu suallar ilə bağlı Ali Məhkəmənin əsaslandırmasına keçməzdən öncə ABŞ-da beynəlxalq təşkilatların və xarici dövlətlərin toxunulmazlığına qarşı yanaşmaların tarixinə nəzər salmaq faydalı olardı.

B. ABŞ-da beynəlxalq təşkilatların və xarici dövlətlərin toxunulmazlığına qarşı yanaşmaların tarixi.

Qeyd etdiyimiz kimi, BTTA beynəlxalq təşkilatlara xarici dövlətlərin məhkəmə icraatına qarşı sahib olduqları eyni toxunulmazlığı verir. BTTA qəbul olunan zaman xarici dövlətlər məhkəmə icraatına qarşı, demək olar ki, mütləq toxunulmazlığa malik idilər. Bu gün bu toxunulmazlıq daha məhduddur.

II Dünya Müharibəsindən sonra ABŞ və onun bir neçə müttəfiqi BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi beynəlxalq təşkilatları qurmaq üçün bir araya gəldilər. Bu cür təşkilatların qərargahlarının ABŞ-da olacağını nəzərə alaraq, ABŞ Konqresi 1945-ci ildə BTTA-nı qəbul edir. BTTA beynəlxalq təşkilatlar üçün bəzi üstünlüklər və toxunulmazlıqlar müəyyən edir. BTTA bu üstünlüklərin və toxunulmazlıqların bir çoxunu xarici dövlətlərin sahib olduğu və müqayisə oluna bilən üstünlüklərə və toxunulmazlıqlara istinad və göndəriş edərək müəyyən edir.

Bu işdə mübahisə olunan müddəada qeyd olunur ki, beynəlxalq təşkilatlar xarici dövlətlərin sahib olduğu məhkəmə icraatına və hər formada məhkəmə prosesinə qarşı eyni toxunulmazlığa malik olacaqdırlar. Eyni zamanda BTTA-ya görə, Prezident hər hansı beynəlxalq təşkilatın icra etdiyi funksiyaların fonunda BTTA-nın təmin etdiyi üstünlükləri və toxunulmazlıqları saxlaya, geri çəkə, şərtləndirə və məhdudlaşdıra bilər.

BTTA 1945-ci ildə qəbul olunduqdan sonra məhkəmələr hər hansı xarici dövlətin müvafiq məhkəmə icraatına qarşı toxunulmaz olub-olmadığına qərar vermək üçün Dövlət Departamentinin3 rəylərinə əsasən qərar verməyəbaşladılar. Dövlət Departamenti 1952-ci ilə qədər klassik xarici suveren toxunulmazlığı nəzəriyyəsinə bağlı qaldı. Bu nəzəriyyəyə görə, xarici dövlətlər beynəlxalq lütf və nəzakət məsələsi olaraq “demək olar ki mütləq“ toxunulmazlığa malikdir.

Lakin 1952-ci ildə Dövlət Departamenti yeni “məhdudlaşdırıcı” toxunulmazlıq nəzəriyyəsini qəbul etdiyini elan etdi. Bu nəzəriyyəyə görə xarici dövlətlər onların kommersiya hərəkətləri ilə bağlı deyil, yalnız suveren hərəkətləri ilə bağlı toxunulmazlığa malikdir. 1976-cı ildə Konqres bu “məhdudlaşdırıcı” nəzəriyyəni kodifikasiya edən Xarici Suveren Toxunulmazlıq Aktını (bundan sonra “XSTA”) qəbul edir. XSTA-ya əsasən, xarici dövlətlər məhkəmə icraatına qarşı toxunulmazlığa malikdirlər. Lakin müvafiq aktda xarici dövlətlərin məhkəmə icraatına hansı hallarda tabe olacağını göstərən istisnalar da mövcuddur. Bunlardan biri də xarici dövlətlərin kommersiya fəaliyyəti ilə bağlı məhkəmə icraatına qarşı toxunulmaz olmamasıdır.

C. İddiaçıların arqumentləri və Ali Məhkəmənin əsaslandırması.

BMK iddia edir ki, BTTA beynəlxalq təşkilatlara xarici dövlətlərin 1945-ci ildə sahib olduğu toxunulmazlıq hüququnu verir. Buna görə də, BMK-nın hazırkı məhkəmə icraatına qarşı toxunulmazlığı vardır. İddiaçılar isə irəli sürürlər ki, BTTA beynəlxalq təşkilatlara xarici dövlətlərin bu gün sahib olduqları daha məhdud toxunulmazlıq hüququ verir. Buna görə də BMK-nın məhkəmə icraatına qarşı toxunulmazlığı yoxdur.

Ali Məhkəmənin əsaslandırmalarını aşağıdakı kimi şərti olaraq qruplaşdıra bilərik:

  1. BTTA beynəlxalq təşkilatların toxunulmazlıq hüquqlarını xarici dövlətlərin toxunulmazlıq hüququ ilə əlaqələndirir və onu dəyişən xarici suveren toxunulmazlığı hüququna tabe edir.

Ali Məhkəmə qeyd edir ki, BTTA beynəlxalq təşkilatlara “xarici dövlətlərin sahib olduğu eyni toxunulmazlığı” verməklə beynəlxalq təşkilatların toxunulmazlığı ilə xarici dövlətlərin toxunulmazlığını daimi olaraq bir-birinə bağlayır və bununla da onların arasındakı davamlı bərabərliyi təmin edir. Əgər belə olmasaydı, BTTA sadəcə olaraq beynəlxalq təşkilatların mütləq toxunulmazlığa malik olduğunu qeyd edərdi və ya hər hansı sabit toxunulmazlıq səviyyəsi müəyyən edərdi. Və ya BTTA müəyyən dövrdə mövcud olan xarici suveren toxunulmazlığı hüququnu inkorporasiya etdiyini qeyd edərdi. Ali Məhkəmənin fikrinə görə “eyni” formulu ən yaxşı olaraq beynəlxalq təşkilatlarla xarici dövlətlərin toxunulmazlıqlarını davamlı olaraq bərabərləşdirmək olaraq başa düşülür. Ali Məhkəmə bu cür təfsiri digər qanunlarda istifadə olunan dil ilə də əsaslandırır.

BMK etiraz edir ki, xarici dövlətlərin toxunulmazlığı ilə beynəlxalq təşkilatların toxunulmazlığı fərqlidir. Çünki xarici dövlətlərin toxunulmazlığı beynəlxalq nəzakətlə bağlı olduğu halda, beynəlxalq təşkilatların toxunulmazlığı onların üzv dövlətlərinin birgə məqsədlərini hər hansı uyğun olmayan məhkəmə müdaxiləsi olmadan izləməsi ilə bağlıdır. Buna görə də Ali Məhkəmə xarici dövlətlərlə beynəlxalq təşkilatların toxunulmazlığının bir-birinə bağlı olduğunu qəbul etməməlidir. Lakin Ali Məhkəmə qeyd edir ki, beynəlxalq təşkilatların funksiyası hər nə olsa da, BTTA bu məsələyə toxunmamışdır və Ali Məhkəmənin təfsiri Konqresin bir məsələni digər məsələ ilə daimi olaraq bağladığı zaman istifadə etdiyi dilə uyğundur.

  1. Qanuni təfsirin “göndəriş” meyarı.

Qanuni təfsirin “göndəriş” meyarına əsasən, bir qanun ümumi predmetə göndəriş etdiyi zaman, predmeti işə baxılma zamanı mövcud olan məzmunda qəbul edir. Misal üçün, əgər bir qanun bir şirkətə “digər şirkətlərin sahib olduğu eyni üstünlükləri” (burada göndəriş dırnaq işarəsi ilə göstərilən hissədir) verirsə, onda həmin qanun həmin üstünlükləri tənzimləyən hüququ hər hansı müvafiq anda mövcud olduğu şəkildə inkorporasiya edir. Yəni həmin qanun barəsində sual yaranarsa, digər şirkətlərin sahib olduğu üstünlükləri tənzimləyən hüquq həmin sual yaranan zamanı olduğu şəkildə tətbiq olunmalıdır. Əksinə, əgər qanun digər bir qanunun spesifik maddəsinə istinad edərsə, bu zaman istinad edilən maddə istinad edilən zaman mövcud olduğu şəkildə qəbul edilmiş sayılır.

Eyni məntiq hazırkı işə də tətbiq olunur. BTTA-nın xarici dövlətlərin toxunulmazlığına göndərişi xüsusi deyil, ümumi istinaddır. Burada göndəriş potensial olaraq dəyişə biləcək xarici bir hüquq sahəsinə – xarici suveren toxunulmazlığı hüququnadır, hər hansı xüsusi qanuna yox. Buna görə də beynəlxalq təşkilatların toxunulmazlığı xarici dövlətlərin toxunulmazlığı ilə tandemdə inkişaf edir.

  1. Atkinson presedenti.

Apellyasiya Məhkəməsi işlə bağlı qərar verərkən özünün Atkinson işində olan presedentinə istinad etmişdir. Atkinson işində Apellyasiya Məhkəməsi qanuni təfsirin “göndəriş” meyarını qəbul etsə də, BTTA-nın daha geniş kontekstindən çıxarılan nəticənin onu üstələdiyini ifadə etmişdi. Belə ki, BTTA-nın Prezidentə yuxarıda qeyd olunan səlahiyyətləri verməsi beynəlxalq təşkilatların toxunulmazlığının dəyişən şəraitlərdə yenilənməsi məsuliyyətini Prezidentə ötürmüşdür. Apellyasiya Məhkəməsinin əsaslandırmasına əsasən də, bu cür ötürülmə Konqresin beynəlxalq təşkilatların toxunulmazlığının yenilənməsi məsələsini xarici suveren toxunulmazlığı hüququnda olan dəyişikliklərə tabe etmək niyyəti ilə bağlı olan fikri sarsıdır.

Ali Məhkəmə bu fikirlə razı deyil. Ali Məhkəmənin mövqeyinə əsasən, Prezidentə verilən bu cür səlahiyyət Prezidentin hər iş üzrə hər hansı beynəlxalq təşkilata tətbiq olunan toxunulmazlıq qaydasını dəyişdirməsi ilə bağlıdır və burada bütövlükdə deyil, tək beynəlxalq təşkilata istinad olunur. Ona görə də bu müddəa Prezidentin xarici təşkilatların toxunulmazlıq hüququnu bütövlükdə dəyişdirməsi kimi yox, müvafiq işlə bağlı dəyişiklik kimi başa düşülməlidir. Bu müddəa ilə bağlı olan səlahiyyət də keçmişdə bu cür icra olunub.

  1. Məhdud toxunulmazlıq mütləq qaydada beynəlxalq təşkilatların işinə mane olmur.

BMK iddia edir ki, BTTA-nı beynəlxalq təşkilatların mütləq toxunulmazlığa malik olmaması kimi təfsir etmək bir çox istənilməyən nəticələrə yol aça bilər. Beynəlxalq təşkilatların hər hansı üzv dövlətin məhkəmələrində məhkəmə icraatına cəlb olunması həmin üzv dövlətin digər üzv dövlətlərin ortaq qərarlarının qarşısını alması ilə nəticələnə bilərdi. Bu, həmçinin beynəlxalq təşkilatları pul itkilərinə və həddindən artıq məsuliyyətə məruz qoyardı və öz növbəsində onların öz missiyalarını yerinə yetirməyini əngəlləyərdi. Bu problem beynəlxalq inkişaf bankları üçün daha ciddidir. Çünki onlar öz məqsədlərinə çatmaq üçün kommersiya alətlərindən istifadə edirlər. XSTA-ya əsasən də, kommersiya fəaliyyətləri üçün xarici dövlətlərin məhkəmə icraatına qarşı toxunulmazlığı olmadığına görə beynəlxalq inkişaf banklarının da olmazdı və onlar bütün öz fəaliyyətlərinə görə məhkəmə icraatlarına məruz qalardılar.

Ali Məhkəmə isə bildirir ki, əgər məhdud toxunulmazlıq hər hansı beynəlxalq təşkilatın işinə mane olursa, həmin təşkilatın nizamnaməsində fərqli səviyyədə toxunulmazlıq nəzərdə tutula bilər və bir çox beynəlxalq təşkilatların nizamnamələrində də bu məsələ öz əksini tapıb. Lakin BMK-nın nizamnaməsində onun mütləq toxunulmazlığa sahib olduğu göstərilməmişdir.

Bundan əlavə, beynəlxalq inkişaf banklarının məhdud toxunulmazlığa görə həddindən artıq məsuliyyətə məruz qalacağını düşünmək də düzgün deyildir. İlkin olaraq, bütün inkişaf banklarının kredit fəaliyyətlərinin XSTA-da nəzərdə tutulan mənada kommersiya fəaliyyəti hesab olunub-olunmaması aydın deyildir. Hər hansı fəaliyyətin kommersiya fəaliyyəti hesab olunması üçün o, özəl tərəfin ticarətdə və ya kommersiyada məşğul olduğu növ fəaliyyət olmalıdır. Əgər inkişaf banklarının fəaliyyəti kommersiya fəaliyyəti hesab olunsa belə, XSTA-ya əsasən, beynəlxalq təşkilatların məhkəmə icraatına cəlb olunması üçün digər meyarlar da qarşılanmalıdır. Buna görə də, beynəlxalq təşkilatların məhdud toxunulmazlığa malik olması onların mütləq qaydada məhkəmə icraatına cəlb olunmaları mənasına gəlmir.

 

İstinadlar və izahlar

  1. International Organizations Immunities Act of 1945, Sec. 2(b). Bax: http://archive.ipu.org/finance-e/PL79-291.pdf (son dəfə baxılmışdır: 21 aprel 2020-ci il)
  2. Bax: http://opiniojuris.org/2019/03/01/the-immunities-of-international-organisations-the-end-of-impunity/ (son dəfə baxılmışdır: 21 aprel 2020-ci il)
  3. ABŞ-ın xarici əlaqələr üzrə siyasətini həyata keçirən federal icra hakimiyyəti orqanı.