Son aylarda Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə bir neçə hücum təşkil olunmuşdur.1 Statistikaya görə hər ay ən azı bir səfirliyə hücum edilir.2
Bəs diplomatik nümayəndəliklərə hücum edilməsi beynəlxalq hüquqda hansı hüquqi nəticələr yaradır? Azərbaycanın nümayəndəliklərinə hücumun mümkün hüquqi nəticələrini müzakirə etməmişdən öncə bu sahədə olan müxtəlif məqamlara nəzər yetirmək məqsədəuyğundur.
Səfirliklərin statusu Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə tənzimlənir. Həmin Konvensiyanın 22-ci maddəsinə uyğun olaraq diplomatik missiyanın yerləşdiyi sahənin sərhədləri toxunulmazdır və qəbul edən ölkənin təmsilçiləri yalnız missiya rəhbərinin icazəsi ilə həmin əraziyə daxil ola bilərlər. Eyni maddənin ikinci bəndi isə, diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyini qəbul edən ölkənin üzərinə qoyur. Qəbul edən ölkə bu öhdəliyini yerinə yetirmək üçün bütün zəruri tədbirləri görməlidir.
Bir qayda olaraq diplomatik nümayəndəliklərə hücum edildiyi halda diplomatik nümayəndiliyi göndərən ölkə qəbul edən ölkəyə öz reaksiyasını nota göndərməklə bildirir.3 Beynəlxalq hüquqa notaların verilməsindən əlavə hətta ölkələrin özünü müdafiə hüququna müraciət etməsi də daxil olmaqla digər alətlər də məlumdur.
Özünü müdafiə hüququna müraciət çox nadir hallarda edilmişdir. Beynəlxalq hüquq mövqeyindən bir qayda olaraq dövlət ərazisinin uzantılarına4 münasibətdə BMT-in 51-ci maddəsi və BMT Baş Assembleyasının 3314 (XXIX) saylı Qətnaməsinə istinad edilərək özünə müdafiə hüququnun mövcud olduğu qəbil edilir.5 Burada sual ondan ibarətdir ki, həmin Qətnamədə qeyd edilən dövlət ərazisinin uzantılarına səfirliklərin daxil olub-olmamasıdır. Digər məsələlərdə də olduğu kimi burda da hər iki yanaşmanın öz tərəfdarları vardır.6
Diplomatik nümayəndəliklərə münasibətdə özünü müdafiə hüququnun tətbiq edilməsi üçün əsas problem hücumun davamlılığıdır. Belə ki, əksər hücumlar (məsələn, patlayışlar və s.) ani və qısa müddətli olmaqla təkrarlanmayan xarakter daşıyır. Bu səbəbdən yalnız müstəsna olaraq davam edən hallarda bənzər hüququn olması təsdiqlənə bilər.7 Burada, həmçinin, hücumun digər göstəriciləri (məsələn, həcmi və s.) də nəzərə alınmalıdır. Yəni edilən hücumun mahiyyətindən asılı olaraq özünü müdafiə hüququnun mövcudluğu sualı cavablandırıla bilər.
Bu çərçivədə özünü müdafiə hüququna istinad beş halda olmaqla yalnız ABŞ tərəfindən edilmişdir. Onlardan yalnız biri istisna olmaqla,8 digər hallda ABŞ-ın özünü müdafiə hüququna istinad etməsi tənqid edilmişdir.9 Bu isə o deməkdir ki, bir qayda olaraq səfirliklərə hücum nəticəsində özünü müdafiə hüququnun tanınması təcrübədə öz əksini tapmır.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə yönəlmiş hücumlar məsələsinə geri dönsək, bunların daha çox kortəbii qruplar tərəfindən törədilən hücumlar olduğunu görmək olar. Hüquq-mühafizə orqanlarının bənzər vəziyyətdə passiv qaldıdqa bir qayda olaraq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edən ölkənin hərəkətsizliyi qınanmış və nümayəndəliyə vurulan zərərin əvəzinin ödənilməsi tələb edilmişdir.10
İstinadlar və izahlar
- https://mfa.gov.az/az/news/no35922; https://mfa.gov.az/az/news/no41422.
- Gábor Kajtár and Gergő Barna Balázs, Beyond Tehran and Nairobi: Can Attacks against Embassies Serve as a Basis for the Invocation of Self-defence?, The European Journal of International Law, Vol. 32 No. 3, s. 864.
- Yenə orda, s. 872.
- „Extraterritorial extension” nəzərdə tutulmuşdur.
- Yuxarıda istinad 2, s. 867.
- Georg Nolte və Albrecht Randelzhofer, ‘Article 51’, B. Simma və digərləri (red.), The Charter of the United Nations: A Commentary-də (2012), ss. 1403, 1410, para. 28; Shabtai Rosenne, The Perplexities of Modern International Law: General Course on Public International Law (2001), s. 155; ‘The Chatham House Principles of International Law on the Use of Force in Self-Defence’, International and Comparative Law Quarterly (2006), s. 965.
- Yuxarıda istinad 2, s. 869.
- Benghazidə yerləşən nümayəndiliyə edilən hücuma münasibətdə həmin hücumun təşkillatçısı olan Abu Khatallah Liviyanın ərazisində tutularaq ABŞ-a məhkəmə baxışı üçün çatdırılmışdır.
- Yuxarıda istinad 2, s. 875 – 880.
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 748 saylı Qətnaməsi.