Bir müddətdir ki, Ali Məhkəmə Amicus Curiae (və ya amici curiae) institutunu tətbiq etməyə başlayıb. Hüquq toplumu isə bu yeniliyi sanki əvvəllər də varmış kimi, adi qarşıladı. Axtarışlara baxmayaraq bu mövzuda təfərrüatlı müzakirələr tapmaqda çətinlik çəkdim. Dünyada isə bu anlayışla bağlı hüquqşünaslar arasında fikir ayrılığına səbəb olan vacib bir məqam meydana çıxmışdır. Hərfi mənası “məhkəmənin dostu” olan bu institut çərçivəsində rəylər həmişə həqiqətən məhkəmənin dostları tərəfindənmi göndərilir? Yazıda bu anlayışın ədalət sistemi üçün, yoxsa ədalət sistemindən təsirlənən ayrı-ayrı qruplar üçün faydalı olduğu barədə müzakirələrə yer verdikcə, ‘amicus’ rəylərinin formalaşma keçmişinə də toxunacağıq.
Tarixi barədə
Amicus rəyləri əsas etibarilə müvafiq məhkəmə icraatında iştirakçı olmayan tərəflərin maraqlarına toxunan məsələlər olduğu hallarda onların maraqlarının qorunması məqsədi üzərində təşəkkül tapmışdır. Fərziyyələrə görə XVII əsrdən etibarən hüquqi mənbələrdə tez-tez rast gəlinməyə başlanmışdır. Bu rəylər öz mənşəyini latın sözü olan məhkəmənin dostu, yəni “amicus curiae” ifadəsindən götürmüşdür.
Termin Roma hüququ mənşəlidir və bir zamanlar sözün həqiqi mənasında təzahür tapmışdır. Belə ki, məhkəmədə yaxşı hüquq biliyi olan bir şəxs əyləşərək ona kömək, bir növ “dostluq” edirdi.1 Həmin dost “10 il əvvəl filan işdə bu cür qərar verilmişdi” deyərək məhkəməyə yardım edir, yaxud tərəflərdən kimsə məhkəməyə gələ bilmədikdə o şəxsin əvəzinə çıxış edirdi. İngilis məhkəmələrində XVIII əsrə aid belə bir məşhur amicus xatirəsi vardır ki, müqavilənin mübahisələndirilməsi üzrə aparılan məhkəmə icraatında baş tutmuşdur.2 İddiaçı tərəf müqavilənin icra edilməsi ilə bağlı qadının üzərinə öhdəlik qoyulmasını tələb etsə də, qadın özünü müdafiə edərək o zaman evli olduğunu, evli qadınların müqavilə münasibətlərinə girmək hüququnun olmadığını bildirmişdir. Bir nəfər kişi isə məhkəməyə gələrək amicus curiae adından “Qadının evli olduğunu dediyi şəxs mənəm, biz evli deyilik. Mən başqası ilə evliyəm, qadın məni utandırmaq və məhkəmə tərəfindən mənimlə evli olması faktını təsdiqlətmək məqsədilə bu yola əl atmışdır” demişdir. Məhkəmənin yanaşmasına əsasən həmin kişi də məhkəmənin dostu, “amicus” kimi qəbul edilmişdir.
Onu da nəzərə almaq lazımdır ki, amicus iştirak təkcə üçüncü şəxs kimi məhkəməyə göndərilən rəylərdən ibarət deyildir. Nə məhkəmələr, nə də akademik hüquq icması “məhkəmənin dostları” konsepsiyasına deduktiv yanaşmanı çox da əsas tutmamışdır. Bu, özünü həm məhkəmənin, həm də tərəflərdən hər hansı birinin xahişi ilə çağırılan ekspert, mütəxəssis kimi, həm də heç biri ilə əlaqəsi olmayan hazırda müzakirə etdiyimiz müstəqil “amicus” kimi göstərə bilər.
Tətbiqinin genişlənməsi
Günümüzdə qısaca “amicus” institutunu ümumi hüquq sistemli ölkələrlə yanaşı, kontinental hüquq sistemli ölkələr də qəbul edərək tətbiqi üçün işlər görürlər. Bu təcrübə Avropa İnsan Hüquqları Məhkəməsi, Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq institutular tərəfindən də qəbul edilərək tətbiq olunur.3
Azərbaycan Respublikasında da son illər ərzində formalaşmış tendensiyaya uyğun olaraq şəffaflıq və ictimaiyyətə açıqlığın təmin olunması üçün mübahisəli hüquqi məsələlərə hüquq ictimaiyyətinin diqqətini çəkmək məqsədi ilə Ali Məhkəmənin internet səhifəsi və sosial şəbəkələr vasitəsilə verilmiş məlumat nəticəsində maraqlı şəxslər, o cümlədən hüquqşünaslar və ayrı-ayrı təşkilatlar tərəfindən çoxsaylı yazılı formada əsaslandırılmış rəylər (“amicus curiae” rəyi) qəbul edilmişdir. Lakin bu rəylərlə bağlı müvafiq forma və məzmun tələblərinin açıqlanmaması həm məhkəməyə, həm də tərəflərə müəyyən çətinlik yarada bilər.
Bəs bu əsaslandırılmış rəylərin məzmunu və forması ilə bağlı nə kimi yanaşmalar var? ABŞ Ali Məhkəməsi bu barədə bir müddət əvvəl düşünərək öz nəzdində fəaliyyət göstərən katiblik ofisi tərəfindən belə rəylər yazmaq fikrinə düşmüş şəxslər üçün istiqamətləndirici memorandum yayımlamışdır. Belə ki, “amicus” rəyinin dörd hissədən ibarət olması tələb olunur:
-
- “amicus”un maraqları;
-
- əsaslandırmanın qısa məzmunu;
-
- əsaslandırma;
-
- nəticə.
Maksimum söz sayı limiti kimi isə 9000 söz müəyyən edilmişdir (təxmini 20 səhifə). Maraqlısı isə odur ki, qaydalara əsasən cavab məzmunlu (yəni rəyçi obyektiv mövqe sərgiləməlidir) və əvvəllər qiymət verilmiş məsələlərin yenidən müzakirəyə çıxarılması yönümlü rəylər qəbul edilmir.4 Avropa İnsan Hüquqları Məhkəməsi isə “amicus” rəylərinə, üçüncü tərəf müdaxilələri kimi yanaşaraq bu rəylərin işin halları və ya hallar üzrə əsaslandırmalarla bağlı deyil, daha çox üçüncü tərəfin öz ixtisaslaşdığı sahə üzrə mövqeyi ilə əlaqədar ümumi xarakterli məsələlərə istiqamətləndirmələr verməsini məsləhət görür. Digər beynəlxalq institutların da mövqeyi demək olar ki, bu nöqteyi-nəzərə yaxındır.
Sui-istifadə nə qədər gözləniləndir?
Gələk əsas suala. Bəs belə rəylər hər zaman məhkəmənin dostları tərəfindənmi göndərilir? Bu suala cavab verə bilmək üçün gərək ki, yuxarıda ABŞ təcrübəsini təhlil edərkən toxunduğumuz “amicus”un maraqları məsələsinə bir daha diqqət yetirək. Amicusun marağını məhdudlaşdırmaq hər zaman mümkün olmur. Odur ki, marağını maskalayan “amicus”un olması da istisna deyildir. Nəzərə alsaq ki, amicus curiae rəylərinin müəllifləri əsasən hüquqşünaslar olurlar və bu rəyləri tərtib edərkən hüquqşünaslar qanunvericiliyin iddiaçı və cavabdeh tərəf üçün qoyduğu tələblərdən müstəqil formada öz fikirlərini ifadə edirlər, onda bu sual tam yerinə düşür.
Son zamanlarda dünyada “amicus” rəylərinin populyarlığı artdıqca, onlardan istifadə edərək məhkəmələrin qərarlarına və yanaşma tərzinə təsir etmək istəyən maraq qruplarının, təşkilatların, hüquq professorlarının say tərkibi də artır. Burada məhkəmənin ədalət mühakiməsi zamanı həqiqəti müəyyən etmək, yoxsa işin halları üzrə qərar qəbul etmək niyyətlərini bir-birindən ayırıb düşünmək məsələyə fərqli baxış bucağı yaradardı.5
Əgər “amicus” iş üzrə tərəflərin, eləcə də məhkəmənin maraqlarını əsas götürüb iş üzrə daha hüquqi həll yolunun müəyyən edilməsi məqsədilə, sanki xeyriyyəçi kimi düşünərək rəy tərtib edirsə, bu halda biz həmin şəxsi elə “dost” kimi qəbul edə bilərik. Digər halda isə rəy təqdim edən şəxs mümkün nəzarət və fikir boşluğundan istifadə edərək öz maraqlarına uyğun həqiqətin müəyyən edilməsinə töhfə vermək niyyətini əsas tutmuşdursa, dost olub-olmaması ilə bağlı yeni hüquqi müzakirələrin meydana gəlməsi hər hansı şübhə doğurmur.
İstinadlar və izahlar
- Judge Neal Nettesheim & Clare Ryan, Friends of the Court Briefs: What the Curiae Wants in an Amicus, 80 WIS. LAW., 11 (2007).
- Izarova, I., Szolc-Nartowski, B., & Kovtun, A. (2019). Amicus Curiae: Origin, Worldwide Experience and Suggestions for East European Countries. Hungarian Journal of Legal Studies, 60(1), 19 (2019).
- Yenə orada, 23.
- Paul M. Collins, Jr., Pamela C. Corley and Jesse Hamner, The Influence of Amicus Curiae Briefs on U.S. Supreme Court Opinion Content, Law & Society Review vol. 49, 921 (2015).
- Helen A. Anderson, Frenemies of the Court: The Many Faces of Amicus Curiae, 49 U. Ric. L. Rev. 361, 406 (2015).