30 may 2025-ci ildə Honkonq şəhərində Beynəlxalq Mediasiya Təşkilatının (bundan sonra “IOMed”) yaradılması haqqında Konvensiyanın imza tədbiri keçirilmişdir. Tədbirdə Çinin Xarici işlər naziri, 85 ölkədən 400 nəfərə yaxın yuxarı səviyyəli qonaqlar (İsveçrə, Pakistan, Nikaraqua, Zimbabve, habelə BMT) iştirak etmişdir. 33 ölkə isə Konvensiyanı imzalamaqla qurucu üzv kimi qoşulmuşdurlar.

Gələk Konvensiyanın məzmunu və yeni yaradılan bu təşkilatın gözlənilən fəaliyyət istiqamətlərinə. Çinin xarici işlər naziri Wang Yi 30 may tarixdə elə tədbirin açılışında etdiyi çıxışında bildirdi ki, BMT Nizamnaməsinin preambulasında müxtəlif xalqların dinc və yanaşı yaşaması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün aydın bir məqsəd ifadə olunur. Çin həmişə fikir ayrılıqlarının qarşılıqlı anlaşma və güzəşt ruhunda həll olunmasını, dialoq və məsləhətləşmə yolu ilə konsensus qurulmasını, qarşılıqlı faydalı əməkdaşlıqla inkişafın təşviq olunmasını və məsələlərin gələcəyə yönəlik bir baxışla həllini müdafiə edir. Üç il əvvəl Çin və həmrəy olan ölkələr birgə “IOMed”-in yaradılmasını təşəbbüs etmişdilər. Səylər nəticəsində nəhayət ki, Konvensiya yekunlaşdı və bu sənəd beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək və müsbət reaksiya aldı. Beynəlxalq hüququn inkişafında innovativ bir addım olan “IOMed”, beynəlxalq münasibətlər tarixində böyük əhəmiyyət kəsb edir. Elə bu minvalla da ötən günlər ərzində Əl-Cəzirə, Business Standard kimi tanınmış xəbər kanallarında Beynəlxalq Ədalət Məhkəməsinə (bundan sonra “ICJ”) alternativ institutun yaradılması məzmunlu paylaşımlar edildi.

Hazırkı mərhələdə belə bir sual meydana çıxır ki, bəs həqiqətən də yeni yaradılmış Honkonq bazalı “IOMed” “ICJ”-ə alternativ, ya da xəbər kanallarının təbirincə desək, rəqib ola bilərmi?

“IOMed”dən nə gözlənilir?

Çin rəsmi dövlət kanalları “IOMed” barədə xəbəri paylaşarkən bu qurumun məqsədlərinin arasında BMT Nizamnaməsində göstərilən məqsəd və prinsiplərin gündəmə gətirilməsini qeyd etmişdirlər. Mərkəz olaraq Honkonqun seçilməsi ilə şəhərin xüsusi idarəetmə sisteminə malik olmasının mediasiya prosesi üçün optimal şərait yaratması göstərilmişdir.

Çıxışdan da göründüyü kimi, Çin artıq “IOMed”in beynəlxalq hüquq icması tərəfindən də qəbul edilmiş bir institut kimi formalaşmasına ümid edir. Konvensiyaya görə əsas prinsiplərə, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüququn aliliyinə bağlılıq, xoşniyyətlilik və tərəflərin müstəqilliyi daxildir. Mediasiya prosesi isə könüllülük, qərəzsizlik, müstəqillik, xoşniyyətlilik, səmərəlilik, qənaətlilik və məxfilik prinsiplərinə əsaslanır.

“IOMed” və “ICJ”: Nələrə diqqət etməliyik?

Əvvəla Konvensiyanın mətninə əsasən mediasiya anlayışına aydınlıq gətirmək lazımdır. Belə ki, Konvensiyanın dili ilə desək mediasiya –  istər mediasiya, istər konsiliasiya, istərsə də oxşar ifadələrlə adlandırılan tərəflərin könüllü şəkildə, qarşılıqlı qəbul edilən və dostcasına həllə nail olmağa çalışdıqları prosesdir. Bu prosesdə mübahisənin tərəfləri arasında həll yolu tapmağa kömək edə bilən, lakin tərəflərə hər hansı bir qərarı məcburi qəbul etdirmək səlahiyyəti olmayan üçüncü şəxs və ya şəxslər (mediatorlar) iştirak edir.  Konvensiyanın 40-cı maddəsi isə barışıq sazişlərinin, yəni yekun mediasiya sənədinin hüquqi qüvvəsini müəyyən edir. Həmin maddəyə əsasən, mübahisə tərəfləri arasında hüquqa uyğun qaydada bağlanmış hər hansı bir razılaşma onlar üçün məcburidir. Bu baxımdan BMT Nizamnaməsinin 94-cü maddəsinə əsasən qoyulan öhdəlik, yəni Birləşmiş Millətlər Təşkilatının hər bir üzvünün, tərəf olduğu istənilən iş üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etməyi öhdəsinə götürməsi mahiyyət etibarilə Beynəlxalq Mediasiya Təşkilatının yaradılması haqqında Konvensiyanın yaratdığı öhdəlikdən fərqlənir. Çünki “ICJ” kifayət qədər oturuşmuş, BMT-nin beynəlxalq nüfuzu və təsir mexanizmləri ilə dəstəklənən qurum olduğundan qərarları da dövlətlər üçün məcburi xarakter daşımaqla birlikdə beynəlxalq hüququn mənbəyi kimi də tanınır.

Konvensiyanın “IOMed”in əhatə edəcəyi məsələlərin dairəsini müəyyən edən 24-cü maddəsində qeyd olunmuşdur ki, təşkilat tərəflərin qarşılıqlı razılığı ilə mübahisə yaranmazdan əvvəl və ya sonra ifadə olunmuş razılıq əsasında dövlətlər arasındakı mübahisələr, bir dövlət ilə başqa bir dövlətin vətəndaşı arasındakı mübahisələr, eləcə də özəl tərəflər arasında olan beynəlxalq kommersiya mübahisələrinin həlli üçün mediasiya xidmətləri göstərəcəkdir. 28-ci maddəyə görə təşkilat İdarəetmə Şurası tərəfindən qəbul edilə biləcək şərtlərə uyğun olaraq, özəl tərəflər arasında beynəlxalq kommersiya münasibətlərindən irəli gələn və ya onlarla əlaqəli mübahisələrlə bağlı mediasiya xidmətləri də göstərəcəkdir. Həmçinin 41-ci maddəyə əsasən, 28-ci maddəyə uyğun olaraq beynəlxalq kommersiya mübahisəsini həll etmək məqsədilə tərəflər arasında bağlanmış saziş, Müqavilə Tərəfi olan dövlət tərəfindən öz qanunvericiliyinə uyğun şəkildə icra edilə bilər. Digər tərəfdən “ICJ”də isə yalnız dövlətlər tərəf kimi iştirak edə bilər və bu qurum kommersiya mübahisələri ilə əlaqədar məsələlərdə yurisdiksiyaya malik deyil.

Tətbiq olunan mənbələr hissəsinə nəzər yetirdikdə isə “IOMed” Konvensiyasının özünü, Konvensiya ilə nəzərdə tutulmuş İdarəetmə Şurası tərəfindən qəbul edilmiş qaydaları, beynəlxalq hüququn ümumi prinsiplərini görürük. “ICJ” Statutunda isə tətbiq olunan mənbələrə beynəlxalq konvensiyalar, beynəlxalq adət hüququ, o cümlədən beynəlxalq hüququn ümumi prinsipləri və s. aid olunur. Nəticədə, bu baxımdan da “ICJ”in daha strukturlu olduğunu görürük.

Nəticə

Qeyd etdiklərimiz əsasında o nəticəyə gələ bilərik ki, “IOMed” beynəlxalq mübahisələrin mediasiya yolu ilə həlli üçün dünyanın ilk hökumətlərarası hüquqi təşkilatı olacaq. Əhatəli bir sənəd olan Konvensiya vasitəsilə “IOMed” mübahisələrin həlli ilə bağlı müxtəlif baxışlara malik ölkələri əhatə edən xüsusi beynəlxalq mediasiya çərçivəsinin formalaşdırılması istiqamətində mühüm addımdır. Lakin bu institutu ICJ üçün rəqib kimi yox, fərqli həll üsulunu təşviq edən bir alternativ kimi düşünmək daha məqsədəuyğun görünür.