Biznesin inkişafına şərait yaratmaq üçün kommersiya sirrinin qorunmasını təmin etmək hüquq sistemlərinin əsas prioritetlərindən biri olmaqda davam edir. Xüsusən son illərdə texnologiyanın imkanlarından istifadə etməklə yeni və səmərəli biznes modelləri quran sahibkarların1 kommersiya sirri ilə bağlı hüquqlarının qorunmasına əksər ölkələrdə xüsusi diqqət yetirilir.2
Bu sahədə Azərbaycanda əsas qanun Kommersiya sirri haqqında Qanundur (“Qanun”).3 Ümumiyyətlə, kommersiya sirri ona görə qorunur ki, sahibkar daha çox gəlir əldə etmək və daha yaxşı biznes fəaliyyəti qurmaq üçün lazımi biznes modelləri yaradır, bunun üçün tədqiqat və inkişaf layihələri həyata keçirir.4 Bu cür işləri görmək xərclərə də səbəb ola bilər. Buna görə də, hər bir sahibkar fəaliyyətini davam etdirərkən əmin olmalıdır ki, o, bu cür sirrlərin açıqlanması halında kompensasiya olunacaqdır. Əks halda sahibkarın səmərəli biznes modelləri yaratmasına həvəsi olmaya bilər ki, bu da ümumi iqtisadi şəraitə mənfi təsir göstərər.
Qanunda kommersiya sirri deyildikdə, “hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması [halında], onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar” başa düşülür.5 Qanunda kommersiya sirri sahibinin “kommersiya sirrindən öz maraqları üçün istifadə etmiş şəxslərdən vurulan ziyanın əvəzini məhkəmə qaydasında almaq” hüququ tanınmışdır.6 Bu hüquq ilk baxışdan sadə görünsə də, məhkəmədə vurulmuş “ziyanın” necə əsaslandırılacağı qeyri-müəyyəndir. Belə bir ziyanın müəyyən edilməsi və hesablanması həvalə olunmuş Azərbaycan məhkəmələri ziyan tələblərini hesablayarkən adətən konservativ mövqedən yanaşırlar deyə, sadəcə “ziyanı tələb etməklə” dəymiş ziyanı kompensasiya etmək elə də asan görünmür.
Onu da qeyd edim ki, kommersiya sirri rejiminin pozulması həm də inzibati və cinayət məsuliyyətinə səbəb olur.7 Lakin kommersiya sirri ilə əlaqədar inzibati və cinayət məsuliyyəti ilə birgə mülki məsuliyyətin müəyən olunması ayrıca yazının mövzusudur.
Bununla bağlı ziyanın tələb olunması barədə həm hüquqşünaslar arasında, həm də internet resurslarında məhkəmə praktikasını öyrənmə cəhdim bir nəticə vermədi. Belə bir iş olsa belə, oxşar işlərdən təxmin edirəm ki, məhkəmə sahibkarlara vurulmuş ziyanın müəyyən olunmasına və kompensasiya edilməsinə elə də həvəsli yanaşmır.8
Azərbaycanda məsələ ilə bağlı suala cavab tapa bilmədiyimdən beynəlxalq təcrübəni araşdırarkən ABŞ ştatlarının və məhkəmələrinin maraqlı praktikasının olduğunu müəyyən etdim. ABŞ-ın əksər ştatları təkcə vurulmuş real zərərin deyil, həm də kommersiya sirri ilə əldə edilmiş mənfəətin (əsassız varlanma və/və ya “aradan qaldırılmış xərclər”in) də tələb oluna bilməsini müəyyən edir.9
ABŞ məhkəmə təcrübəsində kommersiya sirrinin açıqlanması ilə bağlı real ziyanın hesablanmasında əsas məqsəd ondan ibarət olur ki, kommersiya sirri sahibinin (“iddiaçı”) pozuntudan əvvəlki “tam” halı bərpa edilsin. Bu zaman aşağıdakılar nəzərə alınır:10
- İddiaçının əslində əldə edəcəyi, lakin cavabdehin pozuntusu səbəbindən itirdiyi mənfəət (kommersiya sirrinin köməyi ilə satıla biləcək mal və xidmətlərin dəyəri də daxil olmaqla);
- Cavabdehin pozuntusu səbəbindən iddiaçının artan xərcləri;
- İddiaçının kommersiya sirrinin azalan dəyəri, əgər sirr məhv olunmuşsa, sirrin əldə olunma anına olan dəyəri;
- İddiaçının biznes fəaliyyətində dəyər azalması;
- İddiaçının kommersiya sirrinin araşdırma və inkişafına ayırdığı xərclər;
- İddiaçının pozuntunun nəticələrini aradan qaldırması üçün sərf etdiyi xərclər;
- Cavabdehin kommersiya sirrindən istifadə etməklə iddiaçı ilə rəqabət üçün etdiyi qiymət endirimləri.
Əsassız varlanma və aradan qaldırılmış xərclərin hesablanması zamanı isə aşağıdakılar nəzərə alınır:11
- Kommersiya sirrinin əldə edilməsi səbəbindən cavabdehin artan mənfəəti;
- Cavabdehin qənaət etdiyi araşdırma və inkişaf xərcləri;
- Cavabdehin qənaət etdiyi vaxt və bazarda iştirak təcili;
- Cavabdehin xərc səmərəliliyi və əməliyyat mənfəətinin artması;
- Cavabdehin risklərinin azalması;
- Pozuntu edilən zaman kommersiya sirrinin dəyəri.
ABŞ-ın bəzi ştatları “aradan qaldırılmış xərclər” tələbinə isti baxmır. Məsələn bu yaxınlarda, Nyu-York Apellyasiya Məhkəməsi həmin tələb üzrə iddanı təmin etməmişdir.12 Bu isə öz növbəsində, ehtimal ki, sahibkarları kommersiya sirrinin qorunması üçün müqavilələrdə Nyu-York hüququnu seçməkdən çəkindirəcək.13
Rusiya kommersiya sirri rejimi də Azərbaycanla oxşardır. Rusiya məhkəmə təcrübəsində araşdırdığım kommersiya sirri ilə bağlı ziyanın tələb edilməsi işlərində ziyanın hesablanması məsələsi açılmır. İşlərdən görünən odur ki, iddiaçılar belə ziyanın hesablanması ilə əlaqədar hansısa metodlar təklif etmir. Sadəcə ona ziyan dəyməsini və həmin ziyanın kompensasiya edilməsini tələb edir.14
Hesab edirəm ki, kommersiya sirri ilə bağlı ziyanın tələb edilməsi işlərində ABŞ-da istifadə olunan metodlardan istifadə edilə bilər. Lakin həmin metodlar zərər, mənfəət, dəyər məsələlərini ehtiva etdiyindən, iddia qaldıran sahibkar iddia ərizəsinin hazırlanmasında maliyyə mütəxəssisi rəyindən istifadə etməyi, cavabdeh və belə işə baxan məhkəmə isə ziyanın məbləğinin düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını nəzərə almalıdır.
İstinadlar və izahlar
- ”Sahibkar” deməklə biznes fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxsləri nəzərdə tuturam.
- Hogan Lovells, Global Trade Secrets Guide.
- 224-IIQ saylı, 4 dekabr 2001-ci il tarixli Kommersiya sirri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU.
- Sənaye istiqamətinə görə bunlar dəyişə də bilər.
- Qanun, maddə 2.0.1.
- Qanun, maddə 5.0.4.
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, maddə 431; Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 202; Məndə olan məlumata görə, hüquq mühafizə orqanları bu cür xəta və cinayətlərin icraat və istintaqına elə də həvəsli yanaşmır. Bu da özü-özlüyündə həmin pozuntunun mürəkkəb dispozisiyasından irəli gələ bilər.
- 2-2(102)-26/2017 saylı, 19 yanvar 2017-ci il tarixli “Arzum Elektrikli Ev Alətləri Sənaye və Ticarət Anonim Şirkəti”nin “Arzum Elektrikli Ev Alətləri Sənaye və Ticarət LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı.
- ABŞ-da kommersiya sirri üzrə əsas tənzimləməni, əsasən, ştatların daxili hüququ həyata keçirir, nəinki federal hüquq. Baxın Trade Secret Institute, Statutes / States
- Shawn D. Fox, CPA, Willamette Management Associates, Calculating Damages in Misappropriation of Trade Secrets Matters (2016).
- Shawn D. Fox, CPA, Willamette Management Associates, Calculating Damages in Misappropriation of Trade Secrets Matters (2016).
- E.J. Brooks Co. v Cambridge Sec. Seals, 2018 N.Y. LEXIS 1080, 2018 NY Slip Op 03171, 168 Lab. Cas. (CCH) P61,860, 2018 WL 2048724.
- Daniel J. Green, New York Court Limits Scope of Damage Awards in Trade Secret Actions (July 24, 2018).
- Law.ru, Взыскание убытков за нарушение коммерческой тайны (28.11.2017).