Ötən günlərdə bloqda Beynəlxalq Mediasiya Təşkilatının (“IOMed”) ilə bağlı ümumi məlumat və ICJ ilə müqayisəli analizinə yer verilmiş yazı dərc olundu. Bəs həqiqətən də IOMed-in əsasının qoyulması beynəlxalq mübahisələrin həllində rezonans doğura bilərmi? IOMed tərəflər arasında sadəcə bir vasitəçi rolunumu oynayacaq, yoxsa barışıqları icra etdirəcək bir qurum olacaq? Bu suallara cavab tapmaq üçün Beynəlxalq Mediasiya Təşkilatının yaradılması haqqında Konvensiyada (“Konvensiya”)1 barışıqların icra mexanizminə nəzər yetirmək lazımdır. İcra mexanizminin ideyası İOMed-in yaradılması məqsəd və səbəblərində gizlidir. Gəlin, əvvəlcə, İOMedin yaradılması səbəblərinə baxaq.

Renesans (su) bəndi

IOMed-in yaranması zərurətindən danışmaq üçün bir qədər əvvələ getmək lazımdır. 2011-ci ildə Efiopiyanın Renesans Bəndini tikməsinə başlamasından sonra Nil çayının keçdiyi ölkələrdə narazılıqlar yarandı.2 Belə ki, Misir və Sudan belə bəndin fəaliyyəti nəticəsində Nil çayında, eləcə də həmin ölkələrin su təchizatında azalmaların  olacağını düşünürdü. Hadisələrin gedişatı üçüncü bir ölkənin səhnədə peyda olmasına səbəb oldu. Bəndin tikintisinə marağı olan Çin üç ölkə arasında hadisələrin dinc yolla həlli məqsədilə mediasiya təklif etdi.3 Mübahisələrin həllində diplomatik danışıqlar, BMT Təhlükəsizlik Şurası və Afrika Birliyinin cəhdləri uğursuz olmuşdu.4 Sanki mübahisələrin həllində bir boşluq hiss olunurdu və Çin bu baxımdan ön plana çıxmaq istədi. Bu təşəbbüsün daha böyük platforma olan IOMed-in yaradılmasının xəbərçisi və ona ilham olduğu düşünülür.

Cənubi Çin dənizi arbitraj işi

IOMed-in ideyasının formalaşmasına töhfə verən, Çinin “başının daşa dəydiyi” digər bir iş də mövcuddur. 22 yanvar 2013-cü ildə Filippin Respublikası Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyasının VII Əlavəsinə əsasən Çin Xalq Respublikasına qarşı arbitraj icraatına başlamışdır.5 Arbitraj Cənubi Çin dənizində müəyyən dəniz obyektlərinin statusu, həmçinin Filippinin konvensiyanın pozuntusu hesab etdiyi Çinin müəyyən hərəkətlərinin qanuniliyinə dair məsələləri əhatə edirdi. Çin bu icraata qarşı iştirak etməmək mövqeyi tutdu və arbitraj məhkəməsinin yurisdiksiyasını inkar etdi. Yekun olaraq arbitraj məhkəməsi öz yurisdikasiyasını tanıdı və Çinin əleyhinə qərar çıxarıldı. Çin belə bir qərarla razılaşmayaraq dövlətlərarası mübahisələrdə icrası məcburi qərarların sadəcə gərginliyi artıracağını bildirdi. Çin 2016-cı ildə bəyanatlarından birində Filippinlə dialoqlarla mübahisənin həllinə üstünlük verdiyini də bildirmişdi.6 Bu mövqeyə görə yalnız dövlətlərin könüllü olaraq razılaşa biləcəyi yekun bir qərar belə gərginliyi azalda bilərdi.

İcra mexanizmi

Efiopiyanın Renesans Bəndi mübahisəsi və Filippin arbitraj işi dövlətlər arasında mübahisələrin barışıq üsulu ilə həllində bir platformaya ehtiyac yaradırdı – ən azından Çinə görə. Çinin bu işlərdə iştirakı və rolunun elə IOMed kimi bir təşkilatın yaradılmasına təsir etdiyi düşünülür.7 Konvensiyada müəyyən olunmuş icra mexanizmləri elə bu işlərin təhlilindən və Çinin mövqeyindən bir qədər aydın olur. Konvensiyada mediasiya barışıqlarının icrası ilə bağlı minimum mexanizm nəzərdə tutulmuşdur. Biz belə bir tənzimləməyə yalnız özəl tərəflər arasında yaranacaq kommersiya mübahisələri üzrə barışıqlarda görə bilirik. Belə ki, Konvensiyanın 41-ci maddəsində göstərilir ki, özəl tərəflər arasında beynəlxalq kommersiya mübahisələri üzrə əldə olunan mediasiya barışıqları üzv dövlət tərəfindən öz qanunvericiliyinə uyğun olaraq icra edə bilər. Digər iki mübahisə kateqoriyasında: dövlətlər arasındakı mübahisələr və dövlətlə başqa dövlətin vətəndaşı8 arasında olan mübahisələr üçün icra mexanizmi nəzərdə tutulmamışdır. Yaxın müddətdə də belə bir icra mexanizminin bərqərar olması da gözlənilmir. Çin düşünür ki, tərəflərin özlərinin mediasiya barışıqlarını könüllü olaraq icrası daha gözləniləndir.9

Nəticə

IOMed-in əsasının qoyulması BMT-nin nizamnaməsinə uyğun olaraq beynəlxalq arenada illərdir ehtiyac duyulan böyük bir təşkilatın yaradılması kimi qeyd edilir. Bununla belə, mübahisələrin həlli üzrə barışıqlar olsa belə, Konvensiya hələ ki bu barışıqların icrası ilə bağlı səssizdir. Müəyyən müddət IOMed-in sadəcə olaraq müzakirə platforması kimi tərəflər arasında vasitə olması gözləniləndir. Bununla belə, barışıqların icrasının səmərəliliyi ilə bağlı təxmin yürütmək üçün, bəlkə də, uzun müddət gözləmək lazım olacaq.

İstinadlar və izahlar

  1. Convention on the Establishment of the International Organization for Mediation. Burada bax: https://www.international-mediation.org/basic-documents/ (son baxış 12 iyun, 2025-ci il)
  2. Daha ətraflı bax: Filippo Verre, The dispute between Ethiopia and Egypt over the Grand Ethiopian Renaissance Dam, 89 Rivista di Studi Politici Internazionali 79, 79.
  3. Ethan Chiu, The Grand Ethiopian Renaissance Dam: Cooperation and Conflict Resolution (2023), https://www.e-ir.info/2023/03/26/the-grand-ethiopian-renaissance-dam-cooperation-and-conflict-resolution/ (son baxış 13 iyun, 2025-ci il).
  4. Gerrik Kurtz, Stephan Roll, Escalation Risks in the Horn of Africa (2024), https://www.swp-berlin.org/10.18449/2024C50/ (son baxış 12 iyun, 2025-ci il).
  5. South China Sea Arbitration (Phil. v. China), PCA Case No. 2013-19, Award (Perm. Ct. Arb. July 12, 2016).
  6. Bəyanatın 4-cü hissəsində Çinin “win-win” nəticəsi üçün birbaşa Filippinlə danışıqlara hazır olduğu bildirilir. Burada bax: https://english.www.gov.cn/archive/publications/2016/07/12/content_281475391807773.htm (Son baxış: 12 iyun, 2025-ci il)
  7. The purpose and promise of China’s International Organization for Mediation (2025), https://www.brookings.edu/articles/the-purpose-and-promise-of-chinas-international-organization-for-mediation/ (son baxış 12 iyun, 2025-ci il).
  8. Konvensiya “national”, yəni vətəndaş dedikdə həm fiziki, həm də hüquqi şəxsləri nəzərdə tutur.
  9. Yuxarıda istinad 7.