CoCos – Kapital adekvatlığının təmin edilməsi metodu

2008-ci il iqtisadi böhranının baş vermə səbəblərindən biri qismində maliyyə təşkilatlarının kapital adekvatlığının pozulması qeyd edilirdi.1 Həmin böhran zamanı çox böyük əhəmiyyətli maliyyə təşkilatlarının2 müflis olmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən maliyyə dəstəyi göstərilirdi.3 Adıçəkilən böhranın nəticələrinin aradan qaldırılması və gələcəkdə bənzər halların baş verməsinin qarşısının alınması məqsədilə Bank Fəaliyyətinə Nəzarət üzrə Bazel Komitəsi (“Komitə”) tərəfindən 2010-ci il tarixində daha çox Bazel III  kimi tanınan, “Bazel III: daha stabil bank və bank sistemi üçün qlobal tənzimləyici çərçivə” sənədi qəbul edilmiş və daha sonra Bazel sənədlərinin ümumi çərçivəsinə inteqrasiya edilmişdir.4

Qeyd etmək lazımdır ki, Komitənin qərarlarının hüquqi qüvvəsi Avropa İttifaqı və həmçinin, digər ölkələrin daxili hüquqyaradıcılıq prosesi vasitəsilə təmin edilir.5

Həmin sənəd çərçivəsində çıxış yolu kimi maliyyə təşkilatlarına münasibətdə irəli sürülən təkliflərə, o cümlədən, bankların kapitalının mümkün itklilərini qarşılayacaq səviyyədə olması daxil idi.6 Bu səbəbdən başda Avropa İttifaqı ölkələri olmaqla ABŞ və digər dövlətlər bu tədbirlərin təmin edilməsi vasitəsi qismində şərti çevrilən borc7 (“CoCos”) və subordinasiya kuponların (borcun) təqdim edilməsindən istifadə edirlər.8 Bu alətləri istifadə etməklə bank və digər maliyyə təşkilatları özlərinə investorlar cəlb edirlər.

CoCos maliyyə aləti olaraq bank və ya digər maliyyə təşkilatı ilə investor arasında bağlanan müqavilə ilə təqdim edilən borcdur və Bazel III-ə uyğun olaraq əlavə birinci dərəcəli kapitalın tərkib hissəsi olaraq qiymətləndirilir. Anlaşılmasının rahat olması üçün bu maliyyə alətinin istifadəsinin şərti olaraq iki mərhələdən ibarət olduğu təsəvvür etmək olar:

1. kapital adekvatlığı səviyyəsinin tələblərə uyğun olduğu hal;

2. kapital adekvatlığı səviyyəsinin tələblərə cavab vermədiyi hal.

Birinci mərhələ bankda depozitin yerləşdirilməsinə bənzəyir. İnvestor maliyyə təşkilatı ilə müqavilə bağlayır, vəsait bankda yerləşdirilir və müqavilədə müəyyən edilmiş şərtlərlə faizlər hesablanır və ödənilir. İkinci mərhələdə isə, yerləşdirilmiş vəsait bankın kapital adekvatlığının müəyyən səviyyədən aşağı düşməsi halında və ya müqavilədə göstərilən digər hallarda kapital adekvatlığı səviyyəsinin bərpa edilməsi və zərərin qarşılanması məqsədilə bankın ümumi aktivlərinə çevrilir və investor maliyyə təşkilatında səhmdarlardan biri olmaqla iştirak hüququna sahib olur və ya vəsaitin dəyəri azadılılır. Bununla belə qeyd edilməlidir ki, ikinci mərhələ ümumilikdə baş verməyə bilər. Zərəri qarşılama mexanizminin xüsusiyyətləri bank ilə investor arasında imzalanan müqavilədə müəyyən olunur. Lakin nəzərdə tutulmalıdır ki, CoCos-dan fərqli xarakterə malik digər borc alətləri də zərərin qarşılanması üçün istifadə edilə bilər. Bu hal yalnız müvafiq nəzarətedici orqanın qərarı əsasında həyata keçirilə bilər.9

CoCos təqdim etdiyi bir neçə üstünlük səbəbindən geniş istifadə edilir. 2009-cu ildən 2015-ci ilədək adıçəkilən maliyyə alətinin istifadəsinin ümumi həcmi 731 əməliyyat  çərçivəsində 521 milyard ABŞ dolları təşkil etmişdir.10 Belə ki, ilk növbədə investor üçün yüksək gəlir təqdim edir və, həmçinin, bank üçün müəyyən dərəcədə sərfəli olur. Belə ki, həmin müqavilə üzrə əldə olunan vəsaitlər onun passivləri siyahısına daxil olur və bu səbəbdən də vergi güzəştlərindən istifadə etmək imkanını yaradır.11 Lakin bununla belə, qeyd edilən maliyyə aləti potensial investorlara münasibətdə yüksək riskli ola bilər. Belə ki, zərəri qarşılama mexanizminin şərtləri elə formada müəyyən oluna bilər ki, kapital adekvatlığının pozulması halında ilk növbədə adekvatlığın təmin edilməsi üçün investorun vəsaiti istifadə edilə bilər və bu hal özü-özlüyündə bank səhmdarları üçün sərfəli, lakin investor üçün qeyri-qənaetbəxş ola bilər.

Zərərin qarşılama mexanizmi çərçivəsində CoCos 1) bankın ümumi aktivlərinə12 çevrilir və ya 2) onun dəyərinin azaldılması13 formasında realizə edilir.

CoCos-un zərər qarşılama mexanizmindən əlavə ikinci vacib xüsusiyyəti onun işə düşməsinə səbəb olan hallardır (tətiklər).14 Belə ki, tətiklər də öz növbəsində əsasən iki qrupa bölünür. Bunlar müvafiq olaraq vəsaitin avtomatik olaraq çevrilməsi və ya nəzarətedici orqanın mülahizəsinə uyğun (“diskresion”) olaraq realizə edilməsidir. Bununla belə birdən çox tətiklərin müəyyən edilməsi mümkündür. Bu halda müəyyən edilmiş istənilən halın baş verməsi zərərin qarşılama mexanizminin işə düşməsinə səbəb olur.15

Avtomatik tətiklərə birinci dərəcəli kapitalın xalis dəyərinin,16 bazar dəyərinin17 dəyişməsi, tərəflərin özlərinin öncədən müəyyən etdiyi bir dəyər və ya qeyd edilən tətiklərin məcmusu da aid edilir.18 Diskresion tətik isə zərərin qarşılama mexanizmi nəzarətedici orqanın qərarı əsasında işə düşür. Yalnız bu halda işə düşmə mexanizminin mümkün qədər aydın göstərilməsi zəruridir, çünki əks halda tətbiqedilmənin hansı zaman və hansı hallara uyğun olaraq həyata keçirilməsi qeyri-müəyyən olur.19

Milli qanunvericilikdə xüsusi olaraq subordinasiya borc öhdəliklərinin yerli bank tərəfindən götürülməsi nəzərdə tutulmuş,20 onların kapitala münasibətdə faiz nisbəti müəyyən edilmiş, lakin zərəri qarşılama mexanizmi və tətiklərin səviyyəsi tam ətraflı olaraq qeyd edilməmişdir.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. George Pennacchi, A Structural Model of Contingent Bank Capital, Working Paper 10-04, Federal Reserve Bank of Cleveland, p.1
  2. Too big to fail
  3. Bailout
  4. Sənədin linki.
  5. Directive 2013/36/EU, Regulation EU 575/2013.
  6. Basel III: A global regulatory framework for more resilient banks and banking systems, Part I, 2, art.11
  7. Contingent convertible bonds.
  8. Ignacio Fuentes and Juan Carlos Casado, Contingent convertible bonds and subordinated debt of euro area credit institutions, Banco De Espana, Economic Bulletin 4/2017, p. 1.
  9. Stefan Avdjiev, Anastasia Kartasheva and Bilyana Bogdanova, CoCos: a primer, BIS Quarterly Review, September 2013, p.1.
  10. S Avdjiev, B Bogdanova, P Bolton, W Jiang and A Kartasheva (2017), CoCo issuance and bank fragility, BIS Working Papers No 678, s.5.
  11. Jaffee, Dwight, Tchistyi, Alexei and Albul, Boris, (2013), Contingent Convertible Bonds and Capital Structure Decisions, No 682, 2013 Meeting Papers, Society for Economic Dynamics, s. 3
  12. Common equity.
  13. Principal writedown.
  14. Triggers.
  15. Yuxarıda istinad 7, 2.
  16. Book value
  17. Market value
  18. Yuxarıda istinad 7, 4
  19. Yuxarıda istinad 7, 4.
  20. Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları“, maddə 2.0.7.