Hüquq bazarının iştirakçıları dedikdə müxtəlif hüquq xidmətləri göstərən fərdi hüquqşünas və ya hüquq şirkətləri, eləcə də əsas fəaliyyət profili hüquq olmayan şirkətlər ağıla gəlir. Arbitrların hüquq bazarının iştirakçısı olmasını qəbul etmək müəyyən dərəcədə düzgündür. Çünki arbitraj özəl əsaslarla yaradılaraq tətbiq olunur və özünə tələbi artırmaq üçün fəaliyyət göstərmək imkanına malikdir.1 Arbitrlar da müstəqil qaydada özlərinə edilən müraciətlərin artmasını təşviq edirlər. Bəs məhkəmə necə? Hakimlər daha çox və yüksək məbləğli işlərə baxmaq üçün hər hansı tədbirlər görə bilirlərmi?

Məhkəmə publik əsaslarla ədalət mühakiməsi fəaliyyətini həyata keçirdiyindən onun azad bazarla hər hansı şəkildə əlaqələnməsi yad anlayış kimi görünür. Amma aparılan araşdırmalara əsasən ABŞ-da məhkəmələrin özlərini mübahisələrin həlli üçün daha uyğun göstərmək cəhdlərini rəqabət kimi dəyərləndirə bilərik. Belə anlayış isə təkcə ABŞ üçün xarakterik deyil.2 Belə ki, Anqlo-Sakson  sistemli ölkələrdən fərqli olaraq kontinental hüquq sistemli ölkələrə hakimlərin presedent və doktrinaları yox, sırf qanunu düzgün tətbiq etməyə çalışmaqları, baxdıqları işlərin say çoxluğu ilə bağlı birbaşa maddi qazanclarının olmaması kimi xüsusiyyətlər aiddir.3 Məhkəmənin iş cəlb etmək üçün atdığı addımları bərabər və qeyri-bərabər olaraq 2 məntiqi kateqoriyaya ayırsaq, ilkin yeri tam ədalətli sayılan və demək olar ki, bütün ölkələrin məhkəmələri üçün ümumi olan işə keyfiyyətli baxılma, qərarlarının proqnozlaşdırıla bilinənliyi və sürətliliyin təmin olunması tutacaqdır. İkinci kateqoriyaya isə qeyri-bərabər xarakterli iddianı təmin etmək üçün tədbirlər, xarici dildə sənədin qəbul olunması, iddiaçının xeyrinə hərəkət etməyə meyillilik aid edilir. Məhkəmələrin bu rəqabətin subyekti olmasında təkcə hakimlərin yox məhkəmədə çalışan digər işçilərin də rolu vardır. Bu şəxsləri dövlət qulluqçusu olub-olmamalarına əsasən qruplaşdırmaq olar.4

Hakimlərin bu formada öz marketinqlərini aparmalarının səbəbi kimi əsasən prestij qazanmaq və daha maraqlı işlərə baxmaq kimi səbəblər göstərilir. Prinsipcə, hakimlər prosessual hüquq qaydalarını iddiaçıya münasibətdə daha yumşaq tətbiq etməklə ona işin udulmasında üstünlük vəziyyəti yaradır, hətta bəzi ölkələrdə cavabdehin çıxış etmək hüququnu belə məhdudlaşdıra bilirlər.5 Belə tədbirlərin məcmusu nəzəriyyədə iddiaçı yönümlü hərəkətlər kimi ümumiləşdirilir.

İş cəlb etmək üçün aparılan fəaliyyət xaraktercə ümumi olsa da, onun meydana gəlməsi və mövcudluğu sırf bir neçə sahə ilə bağlıdır. Bu sahələrə patent hüququ, müəlliflik hüququ, rəqabət hüququ aiddir.

Məsələyə geniş yanaşsaq, məhkəmələrin belə fəaliyyəti üçün şəraitin yaranması ərazi aidiyyatı ilə bağlıdır. Şəxsin müraciət etmək üçün çox seçiminin olması məhkəmələr arasında rəqabət mühitinin yaranmasına gətirib çıxarır ki, ABŞ və Almaniyada şəxslərin hansı məhkəmələrə müraciət edə biləcəyi ərazi aidiyyatı qaydaları ilə tənzimlənir.6 Hal-hazırda patent işlərinə görə son vaxtlara kimi ABŞ-da liderlik edən Şərqi Texas Əyalət Məhkəməsi, eləcə də Almaniyadakı işlərin 60%-ə yaxınına baxan Düsseldorf Əyalət Məhkəməsi7 iş cəlb etmək yönümlü fəaliyyətləri nəticəsində populyarlaşıblar.

ABŞ-da Şərqi Texas Əyalət Məhkəməsi ilə və bilavasitə iş cəlb etmək fəaliyyəti ilə bağlı əsas məhkəmə işi olan TC Heartland LLC v. Kraft Foods Group Brands LLC8 işini dönüş nöqtəsi saymaq olarBu qərara qədər Ali Məhkəmənin 1957-ci il qərarı9 əsasında ərazi aidiyyatı geniş təfsir olunaraq cavabdehin biznes fəaliyyəti ilə məşğul olduğu istənilən yer nəzərdə tutulurdusa, bu işdə məhkəmə dəqiqləşdirmə apararaq hüquqi şəxsin əsas fəaliyyət yeri üzrə ərazi aidiyyatını müəyyən etdi. Bundan sonra Şərqi Texas Əyalət Məhkəməsinin nüfuzu aşağı düşməyə başladı.

Yazının əvvəlində qoyduğumuz sualı bir daha nəzərdən keçirdikdə aydın olur ki, əqli mülkiyyət sahəsində hakimlər ölkədəki şəraitə görə və hüquq sisteminin yaratdığı imkanlar daxilində özlərinə daha çox iş cəlb etmək üçün10 rəqabət aparmaqdadırlar. Azərbaycan kontinental hüquq sistemli ölkə olduğu üçün və müzakirə olunan sahələrdə əhəmiyyətli sayda mübahisələr yaranmadığından bu məsələlər ölkəmiz üçün yad görünür.

İstinadlar

  1. Mauro Rubino-Sammartano, International Arbitration Law and Practice 356 (2001)
  2. Stefan Bechtold, Jens Frankenreiter, Daniel Klerman, Forum Selling Abroad Discussion Papers of the Max Planck Institute for Research on Collective Goods 3 (2018).
  3. Stefan Bechtold, Jens Frankenreiter, Daniel Klerman, Do German Judges Compete for Litigation by Offering Plaintiff-Friendly Procedures?, Oxford Business Law Blog (2018).
  4. Məhkəmə aparatı işçilərinin həyata keçirdiyi vacib funksiyalardan biri işə baxan məhkəmə tərkibinin müəyyən edilməsidir. Ətraflı: Yuxarıda istinad 2, 4.
  5. Yuxarıda istinad 3.
  6. 28 U.S. Code § 1391.
  7. German Federal Statistics Office (Statistisches Bundesamt, Rechtspflege: Zivilgerichte, Fachserie 10, Reihe 2.1 (2017)). These data are available at https://www.destatis.de/GPStatistik/receive/DESerie_serie_00000101?list=all.
  8. ABŞ Ali Məhkəməsi 2017-ci il, baxın: http://www.scotusblog.com/case-files/cases/tc-heartland-llc-v-kraft-foods-group-brands-llc/
  9. Müvafiq qərar: Fourco Glass Co. v. Transmirra Products Corp. 353 U.S. 222.
  10. Xüsusilə böyük işləri.
Nurlan Mammadli

Author Nurlan Mammadli

Nurlan is the Editor-in-Chief of 4th Volume of Baku State University Law Review. He is senior law student at BSU and legal intern at Azercell Telecom LLC.

More posts by Nurlan Mammadli