Aşağıdakı mətn ABŞ Ali Məhkəməsinin mərhum hakimi Antonin Scalia-nın (1936-2016) 1984-cü ilin may ayında Dayton Universiteti hüquq mətkəbinin məzun günündəki çıxışından1 tərcümədir.

Mən müəllim olmuşam. Bu o deməkdir ki, xeyli məzun nitqlərindən əziyyət çəkmişəm. Amma qəmli yaxud xoş fakt odur ki, əvvəllər heç vaxt nitq söyləyən olmamışam. Deməyə heç ehtiyac da yoxdur ki, eşitdiyim heç bir məzun nitqinin əsasını, ya da mövzusunu belə xatırlamıram. Ona görə də, bu işdə təcrübəli bir neçə dostdan nə barədə danışmalı olduğumu soruşdum.  Aldığım cavab, mənim üçün təəccüblü olsa da, yekdil idi – zarafat da eləmirəm. Onlar sadəcə … on beş dəqiqə danışmalı olduğumu dedilər. Aldığım tək məsləhət bu olduğuna görə, bu məsləhətə də əməl edəcəm.

Siz məzunlarla və valideynləriniz, dostlarınız və qonaqlarla bu gün başlayacağınız karyera haqqında düşüncələrimi bölüşmək istəyirəm. Həmin karyeranın dünyaya nələr edəcəyindən danışmayacam. Gəlin qəbul edək ki, burda bizlərdən heç biri dünyanı böyük ölçüdə dəyişən deyil. Daha mühüm olan bu karyeranın sizə nə edəcəyidir. Birinin nə iş görməsinə elə də az əhəmiyyət verilməməlidir. Yalnız ona görə yox ki, bu, çörək qazanmaq üçün zəruri vasitədir, ona görə ki, bu, necə bir insan olacağınızın müəyyənləşməsində yeganə ən mühüm faktordur (öz azad düşüncənizdən əlavə).

İnsan varlığı ilə onun işi arasında köklü ruhi bağlılıq var. Sağ qalmaq üçün etdiyimiz eyni zamanda həm kimliyimizin ifadəsi, həm də kimliyimizin formalaşdırıcısıdır. Biz daha çox nə etdiyimizdən ibarətik, nəinki nə yediyimizdən. Vicdanlı iş görən şəxsiyyətini öz işində möhürləyir; amma digər tərəfdən işi onun şəxsiyyəti üzərində eyni şəkildə öz təsirini yaradır. Ona görə də, kimsə hansısa vəzifə və ya peşədən danışanda müəyyən örnəklər ağla gəlir: polislər, inşaat işçiləri, əsgərlər, taksi sürücüləri, hüquqşünaslar. Sizinlə birgə bir az özünüzü necə bir işə saldığınızı nəzərdən keçirək. Bizim peşənin fərqləndirici xüsusiyyətləri nələrdir?

Birincisi, hesab edirəm ki, məcburi dəqiqlikdir. Yəqin ki, artıq hüquq məktəbində bununla xeyli məşğul olmusunuz. Düşünməyin ki, praktikaya başlayanda bununla bağlı vəziyyət daha yaxşı olacaq. Bizim peşənin özünəməxsus bacarıqlarından biri adi halda görünməyəcək anlaşılmazlıqları, qeyi-dəqiqlikləri və çatışmazlıqları müəyyən etməkdir: müqavilə layihəsində bir söz kifayət qədər aydın görünür, amma haqqında düşündükdə görürsünüz ki, həmin söz iki az fərqli müxtəlif mənanı verir. Qanunda bir maddə iki tamamilə müxtəlif yolla təfsir edilə bilər. Bir işin faktlarından azca fərqli olan faktlar əsasında başqa bir qərar verilə bilər.

Bu xüsusi bacarıq, instinkt, vərdiş bizə xırdaçı və hər şeyi mübahisələndirən ad-sanı qazandırıb. Bu şöhrətə layiqik də — baxmayaraq ki, bu, daha xoş deyilə bilərdi. Fakt odur ki, hər şeyi bir-birindən ayırmağa meylliyik və işimizin təbiəti də bunu tələb edir.

Əlbəttə, cərrahlıqdan zərgərliyə qədər digər sənət və peşələr də dəqiqlik tələb edir. Amma fərq ondan ibarətdir ki, cərrah yalnız insan bədəni ilə işləyir, zərgər də zərlə. Həyatın hər bir anı hüquqşünasın önünə gəlir və hüquqşünasın işlədiyi alətlərdə, qərarlarda, rəylərdə və qanunlarda dəqiqliklə təsvir edilməlidir. Beləliklə, bir şeyi – hər şeyi – dəqiqliklə təsvir etmək vərdişə çevrilir və bu, elə bir məcburiyyətdir ki, hüquqşünas həyatının bütün askpetlərinə nüfuz etmiş olur.

Siz məzunlar üçün bu xoşbəxtlikdən və ya lənətdən – necə baxırsınızsa, baxın – qaçmaq, yəqin ki, artıq çox gecdir.  Kitab oxuyarkən, ya da bir şeyə baxarkən “O fikir tam dəqiq olmadı” kimi dəvətsiz bir düşüncəyə ilişdiyiniz olubmu? Axirət dünyasının olmasına əmin olmağı bir kənara qoysaq, demək olar ki, sual heç də Olmaq, yoxsa olmamaq deyil. Bəlkə də, bu daha yaxşı belə ifadə oluna bilərdi: “Bu həyata davam etmək, ya da etməmək, sual budur!”  Bu səbəbdən özümü inandırmışam ki, – əksi barədə sübut olmasına baxmayaraq – William Shakespeare hüquqşünas olmayıb. Ya da heç də yaxşı bir hüquqşünas olmayıb.  Ümumilik, dolayılıq və qeyri-dəqiqlik poeziyanın əsasını təşkil edir – və eləcə də, hüququn ölümünü. 1984-cü il məzunları olan xanımlar və cənablar, şair olmaq istəyirsinizsə, indidən bu peşəni tərk edin.

İkinci özünəməxsusluq bizim peşənin realist ağılla icra edilməli olmasıdır – ya da daha sadə ifadə etməyimi istəyirsinizsə, sinizmdir (cynicism). Necə olur ki, biz belə oluruq? Cavab, əlbəttə, odur ki, insan təcrübəsinin bütün spektrumunu əhatə edən saysız kazuslar oxuyaraq dünyandan dolayısıyla xeyli şey gördüyümüzə görə dünya görüşümüz çox geniş olur. Zavod boruları, partlayıcı maddələr, sinədən ovuca dəri köçürməyin təhlükələri haqqında oxumuşuq. Pivə bazarıyla bağlı ağlabatan təxmin yürüdə bilərik; və bilirik ki, ticarət mərkəzinə icarə haqqını ödəmək üçün mərkəzdəki dükanların açıq qalması vacib məsələdir. İşləməli olduğumuz fəaliyyət sahələri insan həyatının bütün istiqamətlərini əhatə edir.

Və biz ancaq həyat haqqında öyrənmirik, biz insanlar haqqında da öyrənirik. Ən pis insanları belə. Böyük ölçüdə məhkəmə işləri insan xətası və insan xəyanəti haqqında olur. Məhkəmə işlərinin icmallarında nə qədər qayğısız, tamahkar, cinayətkar, bədxərc, dəlisov insanlar görmüşük. Şərin cəzalandırıldığını, xeyirin mükafatlandırıldığını görmüşük. Amma həm də tədbirli şərin yüksəlməsini, axmaq xeyirin iflasını görmüşük. Tərəfdaşların əleyhdar, qardaş və bacıların rəqib iddiaçılar, aşiqlərin düşmənlər olduğunu görmüşük.

Qısacası, hüquqşünası şübhəçi realist kimi təsəvvür edin.

Üçüncü və ən son xarakteristikamız prosesə bağlılığmızdır. Fakt odur ki, biz elə bütünlüklə prosesdən ibarətik.

Hüquqşünasların, həqiqətən də, qanunların məzmununun nədən ibarət olmasında marağı – və eləcə də, biliyi – digərlərindən heç də çox deyil. Məhdudiyyətlərin aradan qaldırılmasının yaxşı ya pis olmasını bilmək istəyirsinizsə, bunu iqtisadçıdan soruşun. Qeyri-müəyyən müddətə azadlıqdan məhrumetmənin yaxşı ya pis olmasını bilmək istəyirsinizsə, bunu kriminalistdən və ya cəza alimindən soruşun. Hüquqşünasların yaxşı olduğu şey, hüquqşünasların mövcudluq səbəbi, bu qərarları proses yolu ilə ədalətli və ağlabatan formada tətbiq etməkdir.

Qorxuram ki, bu ən fərqli və köklü xüsusiyyətimizi digərləri heç vaxt başa düşməyəcək. Bu, hüquqşünasların ən yayqın tənqidinin mənbəyidir ki, biz bir işin hər iki tərəfini müdafiə edə bilirik. Ancaq əlbəttə ki, biz bunu edə bilirik – müştərinin marağı tələb etdiyindən savayı biz hüquqşünasların xüsusi bir nəticədə marağımız olmur, yalnız əmin oluruq ki, aydın və dəqiq ifadə edilməklə ədalətli və ağıllı nəticəyə gəlinsin.

Nə dediyimi göstərmək üçün – düşüncənizin prosesə necə aludə olduğunu təsvir etmək üçün – icazə verin on doqquzuncu əsr ingilis yazıçısı Sydney Smith-in yazdığı, hüquqşünaslığın ittihamı kimi səslənən, amma mənə görə heç də ittiham kimi görünməyən mətni oxuyum: Ədalət adına və həqiqətin təntənəsinə verilən üstünlükdən daha cəfəng bir şey ola bilər? Məhkəmənin necə bir mədhiyyəsidir demək ki, “mən andlı iclasçıların məhbusu təqsirkar elan etməsindən heç razı qalmadım; amma hər şey ən yüksək ləyaqətlə yerinə yetirildi. Qərar yanlış idi; amma prosesdə ən mükəmməl düzgünlük və nizam var idi. Adam haqsızca asılacaq; amma hər şey yerində idi!”

İndi hüquqşünasın bu mətnə reaksiyası o olar ki, “Yaxşı da, bir adam daha nə gözləyə bilər ki! Əgər “prosesdə ən mükəmməl düzgünlük və nizam” deməklə nəzərdə tutulan bir ağıllı məhkəmənin təqsirləndirməsi üçün minimum sübutun mövcudluğudursa, onda məhkəmə haqqında ikinci təxmin irəli sürmək mənim işim deyil.

Qərarın düzgünlüyündənsə prosesin nizamını vurğulayan bu yanaşma, əlbəttə ki, daha öncə qeyd etdiyim şübhəçilikdən irəli gəlir. Biz hüquqşünaslar təcrübədən bilirik ki, nəyin “düzgün” nəticə olması barədə müxtəlif insanların xeyli müxtəlif baxışları olur. Ponti Pilat “Həqiqət nədir?” sualını verəndə tamamilə haqlı idi. Həmin şübhəçilik aydınlanmış avtokratiyaya deyil, demokratiyaya üstünlük verməyin həqiqi əsasını təşkil edir. Və demokratiyanın ali həqiqəti prosesdir. Bu son təhlildə elə bir romantika var ki, onu təsvir etmək üçün hüquqşünas yox şair olmaq lazımdır.

Konstitusiya hüququ dərsimi sonlandırmaq üçün işlətdiyim bir parça ilə çıxışımı yekunlaşdırmaq istəyirəm. Bu, Thomas More-un müdrikliyinin əks olunduğu Rober Bolt-un yazdığı Bütün Fəsillərin Adamı pyesindəndir:

RİÇ çıxır. Hamı ona baxır; digərləri MORa tərəf dönür, üzlərdə həyəcan.

ROPER: Tutun onu.

ALİSA: Hə!

MOR: Nəyə görə?

ALİSA: O, təhlükəlidir!

ROPER: Böhtana görə, o casusdur.

ALİSA: Elədir! Tutun onu!

MARQARİTA: Ata, o adam pisdir.

MOR: Belə deyən heç bir qanun yoxdur.

ROPER: Var! Tanrının qanunu!

MOR: Onda Tanrı onu tuta bilər.

ROPER: Mürəkkəblik üstünə mürəkkəblik!

MOR: Xeyr, tam sadəlik. Qanun, Roper, qanun. Mən nəyin qanuni olduğunu bilirəm, nəyin düzgün olduğunu deyil. Və mən qanuni olandan yapışacam.

ROPER: Onda sən İnsanın qanununu Tanrının qanunundan üstün tutursan!

MOR: Yox, tam əksinə; amma icazə ver diqqətini bir fakta çəkim – mən Tanrı deyiləm. Sənin belə rahatca üzülə bilən hesab etdiyin doğru və yanlışın cərəyan və burulğanlarında mən üzə bilmərəm, üzəni deyiləm. Amma hüququn cəngəlliyində meşəbəyiyəm. Şükür Tanrıya ki, inanmıram hansısa canlı adam məni orda izləyə bilər… (Bu sonuncunu öz-özünə deyir.)

ALİSA (hirslənmiş, RİÇə barmağını tuşlayır): Sən danışarkən o gedib!

MOR: Qanunu pozmayıbsa, şeytanın özü olsa belə getməlidir də!

ROPER: Onda sən Şeytana qanundan xeyir verərdin!

MOR: Bəli. Sən nə edərdin? Qanun boyu böyük yolu kəsərdin ki, Şeytanın arxasıyca düşəsən?

ROPER: İngiltərədəki hər bir qanunu bunun üçün pozardım!

MOR (Ayağa qalxmış və həyəcanla): Hə? (ROPERin üzərinə gedir.) Və son qanun iflas edəndə və Şeytan sənə qarşı olanda – harda gizlənəcəksən, Roper, qanunlar hamısı yerlə bir olanda? (Ondan uzaqlaşır.) Bu ölkə bir sahildən o biri sahilə kimi qanunlarla sıx əkilib – Tanrının qanunları ilə deyil, insan qanunları ilə – nə vaxtsa küləklər əsəndə ayaq üstə qala biləcəyini həqiqətən də düşünürsənmi? (Sakitcə.) Bəli, öz təhlükəsizliyimin xətrinə Şeytana qanundan xeyir verərdim.

İstinadlar və izahlar

  1. Christopher J. Scalia & Edward Whelan (eds.), Scalia Speaks: Reflections on Law, Faith, and Life Well Lived, 2017.